“Müasir tamaşaçının tələbləri xeyli fərqlidir” - Aynur Fətullayeva

“Təsadüflər heç də hər zaman həqiqəti əks etdirmir”

Uzun müddətdir ki, İctimai Televiziyanın efirində səhərimizi onun təqdimatında açırıq. Müsbət enerji və bol informasiya ilə tamaşaçı sevgisi qazanan Aynur Fətullayeva bugün Moderator.az-ın suallarını cavablandırdı. Səhər tamaşaçıların ovqatını artırmaq üçün ilk növbədə aparıcının özünü formalaşdırmağı və üzərinə düşən məsuliyyəti dərk etməyin vacibliyindən danışdı.

- Səhər böyük enerji, ruh yüksəkliyi ilə tamaşaçıların qarşısına çıxmaq yəqin ki, o qədər də asan deyil. İnsan səhər hansı ovqatda olursa günü elə də davam edir. Bu xüsusda siz aparıcıların da üzərinə böyük yük düşür. Bunun məsuliyyətini öz üzərinizdə hiss edirsinizmi?

- Əlbəttə hiss edirəm, bu böyük bir məsuliyyətdir. Səhərim hansı ovqatla açılsa da tamaşaçılarıma yalnız müsbət enerji ötürməli olduğumu unutmuram. Çünki Səhər tezdən efirə baxan tamaşaçıya günə gözəl başlamaq üçün stimul lazımdır. Bu işdə az da olsa qatqım olduğunu bilmək çox xoşdur. Biz tamaşaçı üçün çalışırıq. Həmişə düşünürəm ki, kimsə ola bilsin ki, gününə mənim dediyim bir sözlə daha inamla başlayacaq.Ona görə ən səmimi hislərlə onların qarşısına çıxıram.


- Bu günün tamaşaçısı əvvəlki illərdən fərqlidir. Onların maraq dairəsini tutmaq, diqqətini ekranda saxlamaq bir qədər çətindir. Buna necə nail olursunuz?

- Əslində buna nə dərəcədə nail olduğumuzun cavabı bizim tamaşaçılardadır. Şükürlər olsun ki, onlardan çox yaxşı mesajlar alıram. O ki, qaldı tamaşaçını ekrana kilidləmək məqamına onu qeyd edim ki, bu bir həmrəylik işidir. Burada aparıcılarla yanaşı proqram üzərində çalışan peşəkarların da əməyi danılmazdır. Aktual mövzular, maraqlı qonaqlar, tamaşaçıya lazım olan məsələlərin müzakirəsi vacibdir. Unutmaq olmaz ki, müasir tamaşaçının tələbləri xeyli fərqlidir.

- Efirə qona dəvət edərkən nələrə daha çox diqqət edirsiniz? Əksər efirlərdə daha çox eyni simaların qonaq olduğunun dəfələrlə şahidi olmuşuq. Yeni simaya və yeni fikirə nə qədər önəm verirsiniz?

- Qonağın danışacağı mövzuya hakim olması və həmin mövzunu səhərin ovqatına uyğun çatdırması vacib şərtdir. Bu bizim üçün əsas prioritetlərdəndir. Zaman keçdikcə istənilən sahədə yeni simalar,mütəxəssislər yetişir. Onları cəmiyyətə tanıtmaq lazımdır. Bu müasir tamaşaçıya da maraqlıdır.

- Sizcə aparıcının efir danışığı, səlis nitqinin olması nə qədər vacibdir?

- Bu nüans olduqca vacibdir. Aparıcı milyonların qarşısına çıxır və onun silahı sözü, nitqi, danışığıdır. Hər peşənin öz tələbləri var. İnsanlar sağlamlığını həkimlərə etibar edir. Pis həkim neçə həyatın məhvi deməkdir. İşini bilməyən, səlis nitqi olmayan aparıcı da insanların mənəviyyatını zədələyir. Yəqin ki,fikrim aydındır...

- Necə hesab edirsiniz, aparıcı şou nümayəndəsidirmi, yoxsa media nümayəndəsi? Çox zaman aparıcının nəinki araşdırma edib, hansısa bir mövzunilə bağlı məlumatlanmağını, daha çox xarici gözəllik və “İnstagram” izləyicilərinin çoxaltmaq üçün zaman ayırdığının şahidi oluruq.


- Əslində çox dərin məsələdir. Bu baxır aparıcının təqdim etdiyi verilişə, həmin proqrama. Efir məkanında bu gün müxtəlif xarakterli layihələr olduğu kimi aparıcıların da istiqaməti fərqlidir. O ki,qaldı “İnstagram” və digər sosial şəbəkələrə bunlar da dövrümüzün reallıqlarıdır. İnformasiya mübadiləsi üçün platformadır. Sadəcə istər televiziyada, istərsə də sosial mediyada aparıcı çoxsaylı kütlənin onu izlədiyini unutmamalıdır. Hər iki halda təqdimat önəmlidir.

- Təsadüfən yolu televiziyadan keçən “aparıcılar”ın ulduzu daha çox və tez parıldayır. Bu fikirlə nə qədər razısınız?

- Təsadüfən televiziyaya düşmək olar. Amma təsadüflər heç də həmişə həqiqəti əks etdirmir. Unutmayaq ki, televiziya həm də cəmiyyətdə zövq formalaşdırır. Bu baxımdan aparıcılar böyük məsuliyyət sahibidir.

AzNews.az