Parlamentari: "Beynəlxalq təşkilatların dili işğaldan azad olunan bölgəmizə "Qarabağ" deməyə öyrəşməlidir! Parlamentari: "Beynəlxalq təşkilatların dili işğaldan azad olunan bölgəmizə "Qarabağ" deməyə öyrəşməlidir!

"ABŞ Azərbaycan siyasətini erməni diasporunun təsiri altında qurmamalıdır" - portalımızın suallarını Asim Mollazadə cavablandırır

Parlamentari: "Beynəlxalq təşkilatların dili işğaldan azad olunan bölgəmizə "Qarabağ" deməyə öyrəşməlidir!

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (ADİP) Asim Mollazadənin AzNews.az analitik-informasiya portalına müsahibəsi

- Cənab Mollazadə, bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyi ölkə prezidenti İlham Əliyevin Amerikanın bölgədəki mövqeyini tənqid etməsinə münasibət bildirib. Cavabda Qarabağ mövzusunda tərəflərin siyasi yolla barışığa təşviq ediləcəyi deyilib. Sizcə, bütün olanlardan sonra bu cür fikirlər ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın dilindən nə qədər səmimi səslənir?

- Bilirsiniz, siyasətdə səmimiyyət gözlənilmir, real addımlar atılır. Hər iki ölkə arasında tərəfdaşlıq, əməkdaşlıq üçün potensial var. Ümid edirəm ki, Azərbaycan- Amerika münasibətləri məhz bu istiqamətdə davam edəcək. Hər halda biz ABŞ-ın həmişə olduğu kimi Azərbaycanla tərəfdaşlıq mühitində öz münasibətlərini formalaşdırmasını istəyər, bunu qəbul edərdik. Azərbaycan müharibəni bitirib. Minsk Qrupunun həll edə bilmədiyi münaqişə artıq tarixə qovuşub. Amerika Birləşmiş Ştatları yüz minlərlə qaçqınların öz doğma yerlərinə qayıtmağını təmin olunmasında, həmçinin Qarabağı bərpa etmək istiqamətində Azərbaycana dəstək verə bilər. Biz ümidvarıq ki, Amerikanın siyasəti bu istiqamətdə erməni lobbisinin təsiri altında formalaşmayacaq. ABŞ beynəlxalq hüquq normaları, Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq istiqamətində öz ardıcıl siyasətini davam etdirməlidir.

- Deməli, həm Amerika səfirliyinin nümayəndəsi, həm də Aİ-nın nümayəndəsi Klaar açıqlamalarında hələ də “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Necə düşünürsünüz, bu onların məsələyə qərəzli yanaşmasından, yoxsa hələ də Qarabağ mövsuzundan məlumatsız olmalarından xəbər verir?

- Hesab edirəm ki, onlar sadəcə bu günkü reallıqla razı deyillər. Yəni, Azərbaycanın qısa vaxt ərzində münaqişəni həll edə biləcəyini gözləmirdilər, amma biz bunu etmişik. Düşünürəm ki, işğaldan azad etdiyimiz bölgəyə “Dağlıq Qarabağ” deyilməsinə səbəb beynəlxalq təşkilatların dillərinin hələ də bu isimə öyrəşməməsidir. Bütün dünya real vəziyyətlə hesablaşmağa məcbur olacaq. Beynəlxalq təşkilatlar indi Azərbaycana yalnız kömək edə bilərlər. Məsələn, ermənilərdən minaların xəritələrini alıb, Azərbaycan tərəfinə vermək və s. kimi işlərin reallaşmasına töhfə verə bilərlər. Bu özü beynəlxalq hüquq normalarının bərqərar olunmasına xidmət edir. Bizim qarşımızda çox vacib işlər dayanıb. Azərbaycanın çox mühüm bölgəsini- Qarabağı dirçəltməliyik! Qarabağın geri qaytarılması Azərbaycan xalqı üçün böyük sevincdir, qələbədir. Yaxın müddətdə dəmir yolu xətti çəkiləcək. Naxçıvanla dəmir yolları ilə əlaqələr qurulucaq. Zəngəzur koridorunun açılması çox mühüm layihədir. Bu Azərbaycan və region ölkələri üçün önəm daşıyan hadisə olacaq. Azərbaycan dost və tərəfdaş ölkələri bu layihədə iştiraka dəvət edib. Bu istiqamətdə hazırda müvafiq işlər gedir.

- Ötən gün Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayanla görüşdən sonra ona ünvanlanan tənqidi şərh edib. O, bildirib ki, həm özü, həm sələfləri AB- in verdiyi tapsırıqları yerinə yetirir. Onun sözlərinə görə, atdığı son addım heç də Azərbaycana hörmətsizlik deyil və AB Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sizcə, Toivonun bu açıqlamasını üzürxahlıq kimi qəbul etmək olarmı?

- Açıq danışmaq lazımdır: müşahidə edirəm ki, Amerika və bir sıra Avropa ölkələrində erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir. Çox sistemli təşkilatlanmış diaspora qurumları bunun üçün hər cür imkandan istifadə edir. Məsələn, Avropa Şurasının Parlament Assambleyasında görürük ki, erməni lobbisinin təsiri ilə Azərbaycana, Türkiyəyə qarşı hansısa oyunlar oynanılır. Biz belə şeylərə öyrəşmişik. Ən əsas məsələ odur ki, Azərbaycanın müzəffər Silahlı Qüvvələri münaqişəni qələbə ilə bitirib. Əminəm ki, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz müharibədə necə qalib gəlibsə, bundan sonrakı hədəflərimizə də eləcə uğurla nail olacağıq.

- Münaqişənin bitməsindən sonra isə Ermənistanda bədbinlik və böhran hökm sürür. Bununla birgə, revanşist qüvvələr müharibə bəyanatları ilə çıxış edirlər. Sizcə, revanşistlər Ermənistanın siyasi arenasındakı nisbəti dəyişə bilərlərmi?

- Həqiqətən Ermənistanda seçkiqabağı çox ciddi gərginlik var. Hərbi cinayətləri törətmiş qüvvələr vəziyyətdən istifadə edib yenidən hakimiyyətə qayıtmaq arzusundadırlar. Yenidən hər iki ölkədə xalqın qanını axıtmaq istəyirlər. Bunun da əsas səbəblərindən biri hərbi cinayətkarların- Koçaryanın, Sarkisyanın, digər qadın və uşaq qatillərinin beynəlxalq tribunala cəlb olunmamasıdır. Əslində cinayətkarların beynəlxalq məhkəmələrə cəlb edilməsi erməni xalqının da maraqlarına uyğundur. Məncə, erməni xalqı onların arxasınca getmək əvəzinə, beynəlxalq tribunalda mühakimə olunmalarına dəstək verməlidir.

- Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika Partiyasının üzvü Artak Zakaryan Ermənistanın 44 günlük savaşda məğlubiyyətinin məsuliyyətini Paşinyanın hərbçilərin üzərinə atdığını açıqlayıb. Ermənistanın məğlub ordusu ilə məğlub baş naziri arasında qarşıdurma, Sizcə, nə qədər dərinləşəcək?

- Bildirim ki, Ermənistanda kimsə hansısa revanş barəsində düşünürsə, o, hər zaman Azərbaycanın dəmir yumruğunu gözünün önündə tutmalıdır. Ermənistanın yeganə çıxış yolu bütün qonşu ölkələrinə olan ərazi iddialarını kənara qoyub, normal münasibətlər, kommunikasiyaların açılması barəsində düşünməkdir. Bu, Ermənistan üçün xilas yoludur. Əks istiqamətdə düşünsələr, həmin ölkənin mövcudluğu sual altındadır. Yəni müharibəni yenidən başlasalar, təmamilə məhv olacaqlar. Paşinyanın ordu ilə münasibətlərinin yaxşı və ya pis olması bu reallığı dəyişmir.

- Zakaryan verdiyi açıqlama ilə həm də erməni zabit və generallarının məhkəməyə hazır olmağa çağırıb. Ordu generalları və Paşinyanın qarşıdurması, hətta bunun məhkəməyədək gedib çıxması maraqlı nüansdır. Ümimiyyətlə, Paşinyanı hansı aqibət gözləyir?

- Paşinyan anlamalıdır ki, revanşdan söz gedə bilməz. Ermənistanda sorğular keçirilir və təsəvvür edin ki, erməni xalqının böyük əksəriyyəti müharibə deyil, normal həyat istəyir. Ona görə də deyə bilərik ki, müharibə ritorikası seçki kampaniyasına, əslində, siyasətçilərin lövbəri kimi cəlb olunub. Buna baxmayaraq, İrəvandakı proseslərə Ermənistanın xaricində faşist ideologiyası ilə yaşayan diasporasının çox mənfi təsirləri var. Diaspora Ermənistanda yaşayan erməniləri öz faşist ideologiyalarına alət və qurban vermək istəyir. Ermənistandakı ermənilərdən fərqli olaraq, xarici ölkələrdəki erməni diasporlarına aid insanlar dünyanın ən gözəl yerlərində yaşayan, varlı insanlardır və onlar ölkələrindəki erməniləri öz absurd xülyalarına qurban verməyə hazırdılar.

- Xaricdən söz düşmüşkən, Ermənistanın Argentinadakı səfiri İravana qayıtmaqdan imtina edib. Belə ki, Ester Mkrtumyan Argentinada hava limanında iş taparaq ölkəsinə qayıtmayıb. Ermənistan diplomatik mənbələri artıq bu faktı təsdiq edib. Fikrinizcə, bu hadisə nədən xəbər verir?

- Argentinada ermənilərin çox ciddi diasporası mövcuddur. Onlar radikal siyasət ilə Ermənistana təsir etməkçün öz işlərini qurublar. Argentinadakı həmin aeroportun sahiblərindən biri də müharibənin tərəfdarı olan milyarder ermənidir. Bu halı təsadüfi hesab etmirəm. Çox güman ki, həmin erməni səfirini erməni diasporları gələcək planlarında istifadə etməkçün ələ alıb.

- Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə rəsmi səfəri zamanı əl atdığı təxribat üzə çıxıb. Belə ki, Ermənistan prezidenti Gürcüstanın fəxri qonaqlar kitabında yazı ilə yanaşı, Ağrı dağının konturlarını çəkib. Bu, Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotosunu sosial şəbəkədə paylaşmasından sonra məlum olub. Sarkisyan Gürcüstan prezidentini tələyə salmayıbmı?

- Bəli, verilən açıqlamalarda qeyd olunur ki, Ermənistan prezidentinin bu cür hərəkəti Türkiyə ərazisinə iddia cəhdi kimi qəbul olunub. Buna ən gözəl cavabı Türkiyənin diplomatı verib. Diplomatın “faktlar karikaturistik diplomatiyada itmir” deyərək məsələyə münasibət bildirməsi təqdirəlayiqdir. Ermənilərin xislətində bu cür davranışlar həmişə özünü göstərib. Onlar belə addımlar atmağa öyrəşiblər.

Şəlalə BABAYEVA,

AzNews.az