Yeganə Hacıyeva: “10 noyabr bəyanatı birtərəfli inkişaf edə bilməz” Yeganə Hacıyeva: “10 noyabr bəyanatı birtərəfli inkişaf edə bilməz”

“Ermənistan Rusiyanın onu qoruduğunu bildiyi üçün təxribatlara əl atır”

Yeganə Hacıyeva: “10 noyabr bəyanatı birtərəfli inkişaf edə bilməz”

Siyasi şərhçi Yeganə Hacıyeva Qarabağda baş verən son proseslər, region ölkələrinin bu proseslərdə mövqeyi və təsirləri ilə bağlı AzNews.az analitik- informasiya portalının suallarını cavablandırıb.

- N.Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu desə də Ermənistan Azərbaycan ərazilərini atəşə tutur , Qarabağda təxribat törətməkdə davam edir. Paşinyan sülh çağırışları etməklə nəyə nail olmaq istəyir?

- Avqust ayından başlayaraq, Ermənistanda hökümətin təcili iclaslar keçirmək təcrübəsi formalaşıb və bu təcili iclaslarda Nikol Paşınyan Azərbaycan Prezidentinin bildirdiyi fikirlərə əks arqument fikirləri erməni cəmiyyətinə bildirir. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra erməni cəmiyyətində fikir formalaşmasında Azərbaycan Prezidentinin fikirləri bir başa rol oynayır. Bir neçə aydır ki, sosial media üzərindən Ermənistan vətəndaşlarının ölkələrinin gələcəyi ilə bağlı təsəvvürlərini Azərbaycan Prezidentinin bildirdiyi fikirlər əsasında formalaşdırması prosesini izləyirik. Bu məqam Qərb və Rusiya ekspertlərinin də diqqətindən yayınmayıb. İndi isə Nikol Paşinyan bu təcili iclaslar adət ənənəsi ilə bu prosesi lokallaşdırmağa çalışır. Son belə təcili iclasın birində Paşinyan qeyd edib ki, Azərbaycanla sülhə hazırdırlar, iki ölkə arası delimitasiya və demarkasiya prosesi tezləşməlidir, kommunikasiyalar açılmalıdır və s.

O bəyan edib ki, Ermənistan Qarabağla bağlı danışıqlar aparmağa hazırdır və bu istiqamətdə ATƏT –in Minsk qrupundan konkret təkliflər gözləyir. Onu qeyd edim ki, istər sərhədlərin delimitasiya və demarkasiya məsələləri, istərsə də Qarabağla bağlı ATƏT-dən təkliflər gözləyirəm fikirinin özü absurddur, çünki hər iki mövzuda və ümumiyyətlə Qarabağla bağlı bütün məsələlərdə ATƏT-in Minsk Qrupu özünün 30 illik fəaliyyətsizliyi ilə özü özünü prosesdən kənarlaşdırıb.

Aydındır ki, Ermənistan Rusiya və Azərbaycanla bağladığı 10 noyabr razılaşmasındakı regional kommuniksiyaların işini bərpa etmək üçün addımlar atacaq və bu yöndə ən birinici atılmalı addım da sərhədlərin müəyyən edilməsidir ki, bu da bir başa demarkasiya və delimitasiya məsələləri ilə bağlıdır.

N. Paşinyanın bu fikirlərinin şərhi Ermənistanın fakt qarısında qaldığı regional kommunikasiyaların açılması ilə bağlı addımlara məcbur olunmasındadır və heç bir halda Paşınyanın xoş təşəbbüsü kimi yozulmamalıdır. İclasların birində Paşinyan guya Ermənistanın başqa ölkənin torpaqlarında gözü olmadığını, öz ordusunu isə ancaq ölkəsinin müdafiəsi üçün modernləşmə istədiyini qeyd edib.

Əlbəttə, bu da Paşinyanın növbəti reallığı əks etdirməyən fikirləridir. Amma bununla o həm də Qarabağdakı erməni təxribatlarını guya Qarabağ ermənilərinin aktivi kimi qələmə verməyə çalışır. Bir sözlə Qarabağdakı məsələlərdən Ermənistanın kölgəsini geri çəkməyə, təxribatlara görə məhsuliyyətdən kənarlaşmağa cəhd edir.

Məsələ ondadır ki, Paşinyanın sələflərindən fərqi onda idi ki, Ermənistanın keçmiş rəhbərləri işğal faktını həyata keçirsələr də adətən danışıqlarla bağlı bir konstruktiv mövqe sərgiləyirdilər. Reallıqda onların mövqeləri kontruktiv olmasa da üzdə imitasiya demokratiyası var idi.

Paşinyan isə hakimiyyətə gəldiyi gündən ATƏT- in Minsk qrupu həmsədr ölkələrinin ,üzv ölkələrin, ikitərəfli münasibətlərin, Avropa Birliyinin və.s Qarabağla bağlı iştirakçı, nizamlayıcı instansiyaların hamısının razılaşdırdığı bəndləri inkar etməyə, onlara əks mesajlar verməyə başlayıb. Elə bunun nəticəsi olaraq da müharibə başladı. Paşinyan indi ənənəvi Ermənistan diplomatiyasına qayıtmaqla məşğuldur.

Onun öz fikirlərində nə qədər "səmimi" olduğunu biz bilirik, beynəlxalq ictimaiyyət üçün isə zaman sübut edəcək.

- Son hadisələr fonunda Qarabağda baş verən prosesləri, tərəflərin 10 noyabr bəyanatına münasibətini necə qiymətləndirmək olar?

- Nə Ermənistan, nə də Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının bəndlərinə tam əməl etmir. Ermənistanla hər şey aydındır, terrorun dövlət siyasəti olduğu işğalçı və talançı dövlətdir.

Rusiya ilə isə məsələ bir az fərqlidir, çünki 10 noyabr razılaşmasının təşəbbüskarı elə Rusiya özüdür. Rusiya Prezidenti dəfələrlə bu razılaşmanı məhz Paşinyanın israrlı müraciətləri əsasında, Rusiyanın Ermənistanı müdafiə etmək üçün meydana gəldiyini bildirib. İndi özünün təşəbbüskar olduğu bir razılaşmasındakı tərəflərin razılaşdığı bəndlərə tam əməl etməməsi çoxlu suallar yaradır. Bu səbəbdən də Azərbaycanın iradları ilə üzləşir. Burada onu da qeyd edim ki, bu razılaşmadakı öhdəliklərinə məsuliyyətsiz yanaşmaqla Rusiya Azərbaycan cəmiyyətində özünə qarşı neqativ əhval-ruhiyyə formalaşdırır.

Rəsmi instansiyaların, Azərbaycan Prezidentinin və Azərbaycan Müdafiə naziriliyi Rusiya sülhməramlılarına irad fikirlərini məhz onlara həm də xəbərdarlıqdır. Daha öncə Rusiya bir bu prosesləri orbitr və Ermənistanı razılaşmaya əməl etməli olmasına məcbur edən qüvvə kimi görünməyə çalışırdı.

Lakin avqust ayında Qarabağa göndərilən erməni hərbi qruplaşmalarının və onların Qarabağın içində cəbhə xətti formalaşdırmaq cəhdlərini müşahidə olunur və bu da bu Rusiya sülhməramlılarının gözünün önündə baş verir. Ancaq Rusiya sülhməramlıları bunun qarşısını almır.

Nəticə olaraq Ermənistan və Rusiya sülhməramlılarının əməl etmədiyi razılaşma var ortada. Üç iştirakçıdan ikisi bəndlərə əməl etmir.

Bu fəaliyyətdə nizamlayıcı misiyanı öz üzərinə götürən Rusiya da 10 noyabr razılaşmasına görə Qarabağdakı erməni hərbi qruplaşmalarını oradan çıxarmalıdır.

Bunlara əsasən də N.Paşinyanın təklifində səmimi olduğunu düşünsək yanılarıq.

Çünki ondan sonra biz yenədə Azərbaycana göndərilən hərbi qruplaşmaların video görüntülərini mətbuatda izlədik.

Ermənistan tərəfi demək olar ki, bütün cəhbə boyu Naxçıvan, Kəlbəcər, Qarabağın daxilindən atəşkəsi pozmaqla məşğuldur.

Eyni zamanda Qarabağdakı hərbi qruplaşmalar da Azərbaycan ordusunun mövqeylərini vurmaqla məşğuldur.

Digər əsas məqam kommunikasiyaların açılması ilə bağlı hər üç tərəfin dəqiq qərarının olmasıdır. Bu mütləq baş verəcək.

Ancaq Ermənistan istəyir ki, həm kommunikasiyalar açılsın və ondan yararlansın həm də istəyir ki, digər mövzularda status-kvo formalaşdırsın.

Qarabağdan hərbi qruplaşmalarını çəkmədən siyasi proseslərdə iştiraka davam etmək istəyir.

Rusiyada bu prosesdə yaxından iştirak edir.

Bunları Ermənistanın imitasiya diplomatiyasının elementləri kimi qəbul etməliyik”

-Hazırda Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağda baş verən proseslərdə region ölkələrinin mövqeyi nə yerdədir?

-İndiki durumda Qarabağ məsələsində region ölkələrinin mövqeyini ədalətsiz dəyərləndirmək lazımdır.

İran bir neçə məsələdə Ermənistanın yanındadır. Qarabağa təyinatı bəlli olmayan yüklər göndərir.

Bu səbəbdən Azərbaycan Xarici işlər nazirliyi İrana ona nota verdi.

Rusiya birmənalı olaraq Ermənistanın yanındadır.

Ruisya son aylarda Qarabağdakı erməni silahlılarının orada tərəf kimi göstərməyə çalışır.

Mütəmadi olaraq Azərbaycan mövqeylərini atəşə tuturlar. Həmçinin daxildə Ağdam, Xocalı istiqamətində də. Bu onu göstərir ki , proses arzu olunan kimi deyil.

Ermənistan Qarabağda təxribatlara ona görə əl atır ki, bilir ki, Rusiya onu qoruyacaq.

Əgər o istəməzsə, erməni silahlıları bircə gündə orada qala bilməz. Müharibə dövründə olduğu kimi qaçıb gedər. Gürcüstanın isə kommunikasiya xətlərinin açılmasına pozisiyası fərqlidi. Gürcüstan Rusiyanın iştirakı olan istənilən regional layihədə iştirak etmir. Bunun üçün Gürcüstanın əsaslı səbəbləri var. Məsələ ondadır ki, Rusiya Gürcüstanın torpaqlarının işğal olunmasında iştirak edib. Faktiki olaraq Gürcüstanın iki separatçı bölgəsində Rusiya sülhməramlıları adı altında Rusiya hərbiçiləri yerləşib. Gürcüstan Cənubi Qafazda Rusiyanın güclənəcəyi istənilən prosesdə iştirak etmək istəmir. Kommunikasiya layihəsində iştirakda maraqsızdı , bunun dəyişəcəyinə doğru elementlər izləmirik.

-Sonrakı mərhələdə proseslərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində hansı addımlar atılmalıdır?

- Ermənilərin Qarabağdakı bu aktivliyi, təxribatları, delimitasiya və demarkasiyaya mane olmaq Qazaxın və Naxçıvanın ərazilərinin hələ də azad olunmaması Rusiyanın 10 noyabr razılaşmasındakı öhdəliyi tam yerinə yetirmədiyi üçün baş verir. Bununla Rusiya razılaşmada üzərinə götürdüyü öhdəliklərə kənar fəaliyyət qurduğunu sübut edir. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiya 10 noyabr razılaşmasından əvvəlki vaxtı yaxşı xatırlayır. O bilir ki, 44 günlük Vətən müharibəsində ermənilərə kömək edə bilmədi. Ermənilərin xeyrinə heç bir fəaliyyət qurumadığını göstərməyə çalışırdı. Ancaq prosesin bu istiqamətində ehtimal etmək istəmirik ki, Rusiya və Azərbaycan Qarabağ mövzusunda üz-üzə gələcək. Rusiya son zamanlar baş verən hadisələr hamısının arxasında Rusiyanın kölgəsi izlənilir.

Əgər Ermənistan tərəfi həqiqətən də Qarabağla bağlı danışıqlara hazır olduğunu, ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini və Paşinyanın başqa ölkənin torpaqlarında gözünün olmadığına inandırmaq istəyirsə, birinci məqam Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır.

Ümumən sülh sazişindən öncəki məqamada tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, erməni hərbi birləşmələri Qarabağdan çıxmalıdır.

Paralel olaraq delimitasiya və demarkasiya prosesləri getməlidir. Yekun olaraq sülh sazişi imzalanmalıdır. Kommunikasiya açılması prosesi də bununla paralel getməlidir.

10 noyabr razılaşması birtərəfli davam edə bilməz. Razılaşma bütünlüklə istər təhlükəsizlik, istər siyasi aspektlər baxımından həyata keçirilməlidir. Əks təqdirdə Ermənistanın açılacaq kommunikasiyalarda istifadə edərək daha da faydalanıb Azərbaycanla bağlı yeni iddialar ortaya qoyması üçün şərtlər formalaşdırmaq doğru deyil. Bunlara əsasən demək olar ki, yaxın müddətdə sülh müqaviləsinin imzalanması gözlənilmir.

Rusiya sülhməramlıları imzaladıqları 10 noyabr razılaşmasındakı bəndləri yerinə yetirməlidir, Qazaxın və Naxçıvanın kəndləri geri qaytarılmalı, erməni silahlıları Qarabağdan çıxmalıdır. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hazırda bu proseslər baş tutmadığı üçün qısa zamanda sülh müqaviləsinin imzalanması real görünmür.

Şəbnəm Zahir