"İran unutmamalıdır ki, oradaki Azərbaycan türkləri Azərbaycanda İranın təsirində olanlardan qat-qat çoxdur" "İran unutmamalıdır ki, oradaki Azərbaycan türkləri Azərbaycanda İranın təsirində olanlardan qat-qat çoxdur"

“İran unudur ki, Azərbaycan nə Livan, nə də Suriyadır” - Əhməd Abbasbəyli

"İran unutmamalıdır ki, oradaki Azərbaycan türkləri Azərbaycanda İranın təsirində olanlardan qat-qat çoxdur"

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli AzNews.az analitik-informasiya portalına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Xeyli müddətdir ki, Azərbaycan-İran münasibətlərində gərginlik yaşanmaqdadır. İranın mütəmadi olaraq Azərbaycana qarşı təxribatçı hərəkətlərinə, İran rəsmilərinin çıxışlarına şahidi oluruq. İranın Azərbaycana qarşı olan həqiqi münasibətini, aqressiyasını son zamanlar açıq-aydın ifadə etməsinin səbəbi nələrdir?

- Biz tarix boyu İranın bu tip hərəkətlərinin şahidi olmuşuq. Bu müxtəlif formada özünü büruzə verib. İstər bizim ən qatı düşmənimiz olan Ermənistanla əlaqələr baxımından, istərsə də ölkədə Azərbaycana düşmən mövqe tutan müxtəlif təriqətlərin , ayrı-ayrı qrupların maliyyələşdirilməsində. İran tərəfindən bu cür hərəkətlər mütəmadi olaraq olub. Zəfərdən sonra Azərbaycanın nüfuzunun artması, regionda mövqeyinin dəyişməsi, güclənməsi İranın maskasını yırtdı. Əvvəl İran Azərbaycanı kifayət qədər zəif ölkə hesab edirdi.

Azərbaycanın regionda nüfuzunun artması , müttəfiqlərinin çoxalması istər-istəməz İranın regionda zəifləməsinə səbəb olur. Sözsüz ki, bu İranı həddən artıq qıcıqlandırır. Çünki İran regionun ən döyüşkən, inkişaf etmiş elmə, mədəniyyətə sahib olan xalq kimi Azərbaycan türklərinin zəfəri ilə heç cür razılaşa bilməyib.

Biz dəfələrlə müharibə dövründə , müharibədən sonra İranın təxribatlara səbrlə yanaşmışıq. Problemlərin danışıqlar yolu ilə aradan qaldırılmasına çalışmışıq. Bizim bununla bağlı maddi-mənəvi bir çox itkilərimiz olsa da, dözmüşük.

Artıq son həddə xalqın səbr kasası bir daha daşdı ki, biz İrana qarşı belə qəti mövqe nümayiş etdirmək məcburiyyətində qaldıq. İran dəfələrlə xəbərdarlıqlara baxmayaraq, beynəlxalq normaları heçə sayaraq, Azərbaycandan icazə almadan Xankəndidən erməni separatçılarına qanunsuz yük daşıyıb.

Əlbəttə ki, bu saymazyana davranışa səssiz qalmaq olmazdı.

Mən hesab edirəm ki, İranı qıcıqlandıran səbəblərdən biri də odur ki, işğal olunmuş ərazilər vasitəsi ilə daimi narkoticarət həyata keçirib. Bu gün özünü dünyaya İran İslam Respublikası kimi sırımağa çalışsa da, reallıqlar məlumdur. İran region ölkələrini, Avropanı narkotik vasitələrlə təmin edən ölkələrdən birincisidir. Bizim cəzaçəkmə müəssələrində saxlanılan İran vətəndaşları var. Onlar külli miqdarda narkotik vasitələrin Azərbaycana daşınmasını həyata keçiriblər. Narkobiznes İran iqtisadiyyatının mühüm hissələrindən biridir. Bu ticarətin qarşısının alınması İranı qıcıqlandırmaya bilməzdi. Həm məsafə, həm rahatlıq baxımından bu yol İranın narkoticarət üçün istifadə etdiyi yeganə yollardan idi.

- Bu günlərdə İran cənubi azərbaycanlıların təşkil etdiyi Qarabağa dəstək mitinqini sərt şəkildə dağıdaraq iştirakçıları həbs edib.

- Son dövrlər Azərbaycanın qələbəsi nəinki burada yaşayan azərbaycanlıların nüfuzunu artırdı. Həmçinin bu bütün dünyada yaşayan azərbaycanlıların milli kimlik hissini yüksəltdi. Azərbaycanlılar bu gün dünyanın hər yerində qalib xalq kimi çox məğrurdurlar. Elə cənubi azərbaycanlıların bu gün sosial şəbəkələrdə bu cür məğrur çıxışları , onların Xudafərin körpüsündən Cəbrayıl və Zəngilanın azad olunması prosesində Azərbaycan əsgərini ruhlandırması , alqışlaması faktdır. Təlimlər zamanı İran əsgərlərinin bozqurd işarəsi göstərməsi də bir faktdır. İran bu təhlükəni görür və bunun qarşısını almaq üçün cəhdlər də edir. Hesab edir ki, bu cür hərəkətlərlə Cənubi Azərbaycanda xof yaradacaq. Oradakı milli kimlik hislərini boğmağa nail olacaq. Dini pərdə adı altında onları əsarətdə saxlamağa davam edəcək. Ancaq bilməlidir ki, türklərin milli kimlik hiss dini hislərdən qat –qat üstündür. Zamanın sınağından çıxmış bu xalqı parçalamaq qeyri mümkündür. Azərbaycan təfəkkür, elm, savad baxımından həmişə İrandan irəlidə olub. Bizə qarşı cahillik və mövhumatın üzərində qurulmuş bir ideologiya ilə qarşıdurma yaratmaq çox çətindir. Bu kimi cəhdlərinin hamısı uğursuzluqla nəticələnəcək.

- Qeyd etdiyiniz kimi, İranın bu cür saymazyana davranışlarına səssiz qalmaq olmazdı. Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində İrana dəfələrlə xəbərdarlıq etdi. İran və Ermənistanın birgə törətdiyi cinayətləri ifşa etdi. Bu fonda Azərbaycan-İran arasındakı gərginlik nə ilə nəticələnə bilər?

- Ali Baş Komandanın bu çıxışı rəğbətlə qarşılandı. Bu çıxış hər birimizin ürəyindən oldu. İlham Əliyevin də bildirdiyi kimi, biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun. İranın 60-70 ci illərdən qalan texnikalarını sərhədə yığması , uğursuz təlimlərin həyata keçirilməsi, Xəzər dənizinə gəmilərin çıxarılması və s. bu kimi çabaları çox gülməli görünür. İranın regionda Ermənistandan başqa dostu yoxdur. Ermənistan isə məğlub olub, dağıdılmış bir dövlətdir. İran Xarici İşlər Nazirliyinin Rusiyadakı səfəri İran üçün sarsıdıcı oldu. Sergey Lavrov (Rusiyanın xarici işlər naziri - red.) onun dərsini verdi. İranı keçən əsrdən düşmənçilik etdiyi Pakistanla Bəlucistan məsələsi ilə bağlı gərginlik ciddi narahat edir. Ərəb ölkələri ilə də İranın ciddi problemləri var. Həmçinin İranın Suriyadakı qüvvələri gündən-günə uğursuzluğa düçar olur. Bu mənada İranın hər hansı ciddi addım atacağı, hərbi müdaxilə edəcəyinə inanmıram. Çünki bu Azərbaycan üçün nə qədər təhlükəli olsa da, İran üçün 10 qat daha təhlükəlidir. İranın siyasətçiləri, analitikləri də hesab edir ki, rəsmi Tehran Azərbaycana qarşı hansısa addım atsa, onun taleyi İraq və Yuqaslaviya kimi olacaq. Xırda dövlətlərə bölünərək parçalanacaq.

Nüvə silahı ilə bağlı narazılıqlar ona qarşı olan davranışlar da məlumdur. Mən düşünmürəm ki, rəsmi Tehran bu qədər ağılsızlıq edib, öz dövlətini təhlükəyə atar. Təbii ki, biz də bunu istəmirik. Müharibədən yeni çıxıb, zəfər qazanmış dövlətik, sülh tərəfdarıyıq. Heç bir dövlətin torpaqlarında gözümüz yoxdur. Azərbaycan xalqı istənilən dövlətin işğalçılığına cavab vermək gücündədir. İran öz çirkin əməllərindən əl çəkməlidir.

- Bu gün Azərbaycanda da bəzi qüvvələr İranı dəstəkləyən çıxışlar edir. Bu çıxışları necə şərh etmək olar?

- İranın təsiri altında olan qüvvələr hər zaman olub. Bu cür qüvvələr bu gün də İranın maraqlarına xidmət edirlər. Azərbaycanda mövcud olan demokratik vəziyyətdən, tolerant olmağımızdan sui-istifadə edərək bu cür hərəkətlərə yol verməyə cəhd edirlər. Bu cür qüvvələr fəallaşmaq istəyəndə Azərbaycan dövləti, hüquq mühafizə orqanları onların qarşısını qətiyyətlə alıb. Digər tərəfdən məni çox narahat edən bir məsələ var. Mən gözləyirəm ki, İranın bu cür hərəkətlərinə dini qurumlar, dini icmalar öz münasibətlərini bildirsinlər. Dindarlar da bildirməlidirlər ki, biz sizin əlinizdə alət deyilik. Açıq demək lazımdır ki, İran şiəlik təriqətindən istifadə edərək bir çox ölkələrdə təxribatlar törətməyə nail olub. Bir çox terror təşkilatlarını maliyyələşdirdiyi üçün dünyanın qınaq obyektinə çevrilib.İran unudur ki, Azərbaycan nə Livan, nə Yəmən, nə İraq, nə də Suriyadır.

İctimaiyyət nümayəndələri də bu barədə çıxışlar edir, mövqelərini bildirirlər. Belə də olmalıdır. Amma təəssüf ki, bu gün dindarlarımız bu məsələdə kifayət qədər fəal deyillər. Dindarlarımızın bu istiqamətdə fəallığı İranın vəziyyəti anlaması üçün yetərli olacaqdır. İranın bu fikirlərini alt-üst etmək üçün dindarlarımız öz mövqelərini bildirməlidirlər. Əks halda bu onlara qarşı mənfi fikir formalaşdıra bilər. İran agenturasının təsiri altında olmadıqlarını, İranın bu oyunlarına alət olmayacaqlarını qəti şəkildə bildirməlidirlər. İran unutmamalıdır ki, oradaki Azərbaycan türkləri Azərbaycanda İranın təsirində olanlardan qat-qat çoxdur.

- Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və tərəflər arasında sülh sazişinin imzalanması həllini gözləyən əsas məsələdir. Necə düşünürsünüz, sülh müqaviləsinin imzalanmasına nələr mane olur?

- Ermənistan rəsmilərinin çıxışlarında sülh meyllərinin artmasına dair siqnallar görürük. Ermənistan rəhbərliyi ölkəsinin və xalqının gələcəyini düşünürsə, anlamalıdır ki, sülhdən başqa çıxış yolu yoxdur. Biz Azərbaycan dövləti olaraq sülhün tərəfdarıyıq. Düşünürəm ki, bu istiqamətdə addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bu barədə danışarkən açıq şəkildə bəyan edib ki, biz sülh tərəfdarıyıq, sülh istəyirik. Təbii ki, bunun həll olunması üçün Ermənistan avantürist , revanşist mövqelərindən əl çəkməlidir. Qarşılıqlı hörmət və qonşuluq şəraitində addımlar atmalıdır. Bu həm erməni xalqını, həm də Ermənistan dövlətinin inkişafına çox böyük töhfə verər. Ermənistan bu gün regionda ən kasıb, zəif dövlətə çevrilib.

30 il işğal altında saxladığı torpaqlarımızı istifadə edə bilməyən, quruculuq, iqtisadi yüksəliş üçün hər hansı addım atmayan, məskunlaşmağı bacarmayan bir dövlət hansı yeni torpaq iddiasında ola bilər? Fikrimcə, Ermənistanda bunu düşünən adamlar var. Onların sosial şəbəkələrdə bu yöndə çıxışlarına da rast gəlinir. Ermənistanda ayrı-ayrı dövlətlərin diktəsi ilə Azərbaycana qarşı mövqe göstərən qüvvələr mövcuddur. Həmin bu qüvvələr Ermənistanı sülh prosesindən uzaqlaşdırmağa çalışırlar. İstəyirlər ki, regionda daim gərginliyi saxlaya bilsinlər. Həmin dövlətlərin maraqlarını təmin etmək üçün müəyyən vasitə olsun. Həmin dövlətlərdən biri də məhz İrandır. İran Azərbaycan-Ermənistan arasında sülh bağlanmağının qəti əleyhinədir. Çünki Azərbaycanla Ermənistan sülh bağlasa, İranın burada bütün maraqları məhv olacaq. Artıq heç bir tərəfdaşı qalmayacaq.

Rusiyanın burada iqtisadi maraqları olduğu üçün sülhə tərəfdaş ola bilər. Ermənistan-Azərbaycan arasında münasibətlərin dinc olması, dəhlizlərin, kommunikasiyaların açılması Rusiyanın iqtisadi maraqlarına xidmət edir. Rusiyanın və İranın maraqlarında ortaq məqamlar olsa da, kifayət qədər ziddiyyətli məqamlar da var.

Region dövlətlərinin gücü sayılan Türkiyə birmənalı olaraq Azərbaycanın yanında, sülhün tərəfdarıdır. Gürcüstan da bu istiqamətdə bizim mövqedən çıxış edir. Burada sülhün əleyhinə olan bəzi Qərb dövlətləri də var. Mən hesab edirəm ki , prosesə mane olmaq üçün bu qüvvələr Ermənistana təsir edirlər. Ümid edirəm ki, yaxın dövrlərdə bu istiqamətdə ciddi addımlar atılacaq. Bu addımları atmaq üçün Ermənistan 10 noyabr sazişində göstərilən tələbləri yerinə yetirməli, Azərbaycanın ərazi bütovlüyünü tanımalı, torpaq iddialarından əl çəkməlidir.

Şəbnəm Zahir