Fuad Əliyev: “Əsgərlərimiz Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə anti-terror əməliyyatı keçirməlidirlər” Fuad Əliyev: “Əsgərlərimiz Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə anti-terror əməliyyatı keçirməlidirlər”

“Ermənilər yenə də vaxtı uzadırlar: Biz öz işimizi görməliyik” - Partiya sədri

Fuad Əliyev: “Əsgərlərimiz Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə anti-terror əməliyyatı keçirməlidirlər”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Əvvəlcə Azərbaycan Liberal Demokrat Partiyanın fəaliyyətindən danışaq. Rəhbərlik etdiyiniz partiyanın hansı təklifləri var? Digər partiyalarla əməkdaşlıq nə yerdədir?

- Hal-hazırda ALDP növbəti qurultaya hazırlaşır. Yerlərdə konfranslar keçirilir və qurultay nümayəndələr seçilir. Hardasa iyun-iyul aylarında Qurultayın keçirilməsini planlaşdırmışıq. Partiya olaraq bir neçə partiyalarla əməkdaşlıq edirik. Vaxtaşırı görüşüb müəyyən problemləri müzakirə edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfərdədir. Sizcə, bu görüşün məqsədi nə ola bilər?

- Rəsmi səfər olduğuna görə, ola bilər ki, Azərbaycan-Rusiya müttəfiqlik Bəyannaməsinə oxşar bir sənədi imzalasınlar. Amma əsas məsələ Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcəklər. Paşinyanın Brüsseldə keçirtdiyi görüşlər və üç tərəfli razılaşma görüşün mövzusu olacaq.

- Paşinyan tez-tez sülh mesajları verir. Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyir. Onun bu bəyanatlarını necə dəyərləndirirsiniz?

- Paşinyan sülh mesajları verir, amma real addım atmır. 10 noyabr Bəyannamənin imzalanmasından bir il yarım keçib. Ərazi bütövlüyün tanınması, sərhədlərin açılması və digər məsələlərlə bağlı artıq bir neçə razılaşma var. Sonuncu Brüsseldə olub. Bir irəlləyiş görürsüz? Heç bir irəlləyiş yoxdur. Komissiyalar yaradıblar. Bir məlumat yoxdur ki, bunlar sonuncu dəfə nə vaxt yığışıblar. Hesab edirəm ki, ermənilər yenədə vaxtı uzadırlar. Biz öz işimizi görməliyik. Sərhədçilərimiz Laçın dəhlizini nəzarət etməlidirlər. Əsgərlərimiz Rusiya sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdə anti-terror əməliyyatı keçirməlidirlər. Buna birdəfəlik son qoymaq lazımdır! 10 noyabr sazişində açıq göstərilir ki, orda təhlükəsizlik təmin olunmalıdır.

- İrəvanda Paşinyan əleyhinə mitinqlər başlayıb. Bu aksiyaların arxasında hansı məqsəd dayanır?

- Məlum məsələdir ki, Paşinyan Qərbin, daha dəqiq desək, Soros Fondunun maliyyə dəstəyilə hakimiyyətə gəlib. Hakimiyyətdə qalmaq üçün Moskva ilə müəyyən məsələlərdə razılaşmaya gedir. Amma onun əsas siyasi xətti Rusiyanın Ermənistana olan təsirini azaltmaqdır. Rusiyaya qarşı keçirilən mitinqlər misal kimi göstərmək olar. Rəsmi Moskva bunu çox gözəl bilir. Ona görə də istənilən vaxt özünün 5 kolonu “işə” salır, Paşinyanın əleyhinə mitinqlər təşkil edir.

- Ermənistandakı vəziyyət Azərbaycanla sülh prosesinə manə ola bilərmi?

- Hesab edirəm ki, heç bir təsiri olmayacaq. Paşinyanın 10 noyabr Bəyannaməsində və Brüssel razılaşmasında imzası var. Həm Moskva həmdə Brüssel ona təzyiq edəcəklər ki, bütün razılaşmalar həyata keçsin. Onun başqa yolu yoxdur. Sadacə qeyd etdiyim kimi, o vaxtı uzadır.

- Azərbaycanın bu proseslərə yanaşmasını necə qiymətləndirirsiniz?

- Bizim gözləmə mövqeyimiz, yanaşmağımız çox düzgündür. Vaxtı uzadmaqla Ermənistan iqtisadi baxımdan çox şey itirir. Siyasi baxımdan da ümid etdikləri ATƏT-in Minsk qrupu Rusiya-Ukrayna müharibəsinə görə rəsmi olaraq dağılıb. Onsuzda Vətən müharibəsindən sonra Minsk qrupun fəaliyyəti de-fakto dayandırılmışdı. İndi isə Minsk qrupu de-yure tarixin arxivindədir. Digər tərəfdən, ordumuz hər saniyə ermənilərin təxribatlarına cavab verməyə hazırdır. Bunu heç kim yaddan çıxartmasın.

Şəbnəm Zahir