"Naxçıvana gedə bilmirdim" - Səadət Bənənyarlı ilə müsahibə

- Xanım Bənənyarlı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının fəalları Naxçıvana səfər ediblər. Səfər çərçivəsində Naxçıvan şəhərində “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçisi, tanınmış hüquq müdafiəçisi kimi Siz də iştirak etmisiniz. Öncə bu tədbir barədə təəssüratlarınızı bölüşməyi xahiş edirik.

- Çox gözəl bir tədbir hazırlanmışdı. Belə bir möhtəşəm tədbir təşkil etdikləri üçün təşkilatlara, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə çox təşəkkür edirik. Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşmüş ərazimizdir. İllər uzunu QHT-lər üçün Naxçıvana səfər etmək çətin olub. Ona görə də dünən keçirilən bu tədbir çox önəmli idi. Bilirsiniz ki, vətəndaş cəmiyyəti Azərbaycanda müstəqillik qazanılmasından sonra inkişaf etməyə başladı. Bu dövr birbaşa Heydər Əliyevin fəaliyyəti ilə əlaqədardır. Qanunvericilikdə dəyişikliklərin olması, QHT-lər üçün qanunvericilik bazasının yaradılması kimi çox önəmli addımlar atılmışdı. Bu da imkan verdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etsin.

- Siz əslən Naxçıvanın Bənənyarlı kəndindənsiz. Ara-sıra gedib gəlirdinizmi? Əgər uzun zamandır yolunuz Naxçıvana düşmürdüsə, hazırkı səfər Sizdə hansı təəssüratları doğurdu?

- Mən uzun zamandır ki, Naxçıvana getmirdim. Bəli, əslən həmin kənddənik. Babam orada doğulub, o kənddə yaşamışdı. Sonradan isə onlar Bakıya köçmüşdülər. Həmin kəndə gediş-gəlişimiz olmasa da, mütəmadi əlaqə saxlayıb, məlumatlar alırdıq. Amma uzun zamandır gediş alınmırdı. Naxçıvanda belə bir tədbirin baş tutacağı ilə bağlı xəbər alanda, böyük məmnuniyyətlə iştirak edəcəyimi bildirdim. Bu gün ən böyük arzularımdan biri də Naxçıvanda vətəndaş cəmiyyətinin inkişafı üçün əlimizdən gələni etməkdir.

- Hazırda Naxçıvanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Naxçıvanda vətəndaş cəmiyyəti təşkilatları varmı? Aktiv fəaliyyət göstərə bilirlərmi?

- Mən deyərdim ki, bu məsələ çox diqqət tələb edən bir məsələdir. Vətəndaş cəmiyyətinin inkişaf etməsi üçün çalşmağımız çox önəmlidir. Davamlı olaraq müəyyən tədbirlər həyata keçirməliyik. İstər qadınlarla, istərsə də gənclərlə tədbirlərin, görüşlərin keçirilməsi çox yaxşı olardı. Amma çox istərdim ki, bu tədbirlər çərçivəsində gənclərlə bağlı müəyyən xüsusi proqramlar hazırlansın. Naxçıvanda çoxşaxəli fəaliyyətə ehtiyac var.

- Konkret nələrə ehtiyac duyursunuz?

- Birinci növbədə onlara dəstək lazımdır. O dəstəyi yəqin ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi verəcək. Əgər, bu agentlik dünənki çox önəmli bir tədbirin baş tutması üçün əlindən gələni edibsə, demək ki, məsələ diqqət mərkəzindədir. Hazırda cəmiyyəti məlumatlandırmaq, maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Biz də bu işləri böyük məmnuniyyyətlə görəcəyik.

- Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqe ortaya qoyub. Bu, ilk növbədə Naxçıvanda vətəndaş cəmiyyətinin canlanmasını, iqtisadi liberallaşmanı zəruri edir. Əgər Naxçıvanda iqtisadi liberallaşma gedərsə, Bakıda olduğu kimi şəhərsalma baxımından xaotik vəziyyət yaranacaq, yoxsa bu proses sistemli şəkildə idarə olunmalıdır ki, Naxçıvanın gözəliyi, şəhər mədəniyyəti pozulmasın?

- Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsi, demək olar ki, hazırdır. Biz orada olan nümayəndələrlə görüşdük və məlumatlandırıldıq. Hətta onlar təklif etdik ki, Zəngəzur dəhlizinin açılması üçün dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edək. Bu, QHT-lərin öz aralarında gedən söhbət idi. Amma, heç şübhəsiz ki, maraqlı təklif idi, hətta bunun üzərində düşünməyə də dəyər. Çünki, bu gün Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün, Azərbaycanın bir parçası olan Naxçıvan üçün çox önəmlidir. 30 ildən artıqdır ki, bizim bu bölgəmiz blokada şəraitindədir. Biz, bu haqda dəfələrlə beynəlxalq təşkilatlarda, görüşlərdə, konfranslarda demişik. Amma, bizim fikirlərimizi dəstəkləyən, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan qurumları görmürdük. Amma bu gün dövlətimizin başçısının apardığı uğurlu siyasətinin nəticəsidir ki, beynəlxalq təşkilatlar bu dəhlizin açılmasına maraq göstərir. QHT olaraq bu mövzuda müəyyən konfranslar keçirmək istəyirik. Beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana dəvət etmək istəyirik. Avropa İttifaqı, Avropa Şurası və digər bizə maraqlı olan təşkilatlarla görüşlər keçirmək, onlara Cənubi Qafqaz bölgəsinin nə dərəcədə önəmli olması, nə dərəcədə stabilliyə xidmət edildiyini göstərmək həm də vətəndaş cəmiyyətinin üzərinə düşən bir məsələdir. Mən hesab edirəm ki, biz bu istiqamətdə öz işlərimizi gücləndirəcəyik. Heç də unutmaq olmaz ki, Azərbaycanın, Cənubi Qafqazın stabiliiyi Zəngəzur dəhlizindən asılıdır.

- Naxçıvanın strateji bir mövqedə yerləşir. İran, Ermənistan, Türkiyə kimi ölkələrlə qonşudur və bu da əgər həmin bölgədə dəhliz açılacaqsa, İranın da təsirlərinin genişlənməsinə səbəb ola bilər. Naxçıvanda vətəndaş cəmiyyətinin quruculuğu bu prosesin qarşısının alınması baxımından nə qədər rol oynaya bilər?

- Mən deyərdim ki, bu gün Zəngəzur dəhlizinin açılmasına ən çox müqavimət göstərən İrandır. Azərbaycan uzun illərdir ki, İran ərazisindən keçən quru yollardan istifadə edirdi. Bu gün vəziyyət dəyişib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ümumiyyətlə, bu yolun açılması Orta Asiyadan, Çindən gələn yolun qısalması deməkdir. Ancaq İran bu yolun açılmasını heç cür qəbul edə, həzm edə bilmir.

- Hazırda Naxçıvanda əhali o qədər də gur deyil. Bu da onunla bağlıdır ki, orada iqtisadi təşəbbüslər xeyli dərəcədə məhdud olduğundan bir çox vətəndaşlar Bakıya gəlib və digər yerlərə köç dalğası başlayıb. Əhalinin geri qaytarılması üçün hansı addımlar atılmaldır və əhali geri qayıtdığı zaman onların dolanışığı necə təmin olunmalıdır?

- Mənə elə gəlir ki, Naxçıvanda azad iqtisadi zona etmək lazımdır. İnsanların ora cəlb olunması üçün bu yolun açılması, böyük bir təkan olacaq. Gediş- gəliş məsələsindən başqa yükdaşınmalarda da müsbət addımlar özünü göstərəcək. İnsanlar öz yaşayış yerlərinə qayıda biləcəklərlər. Yayda Naxçıvana insanlar daha çox gedir. Yerli camaatın bir qismi də orada deyil. Hər hansı bir rayonumuzdan Naxçıvana getmək üçün quru yol olmalıdır. Naxçıvan təbii sərvətlərlə zəngindir. Naxçıvan bölgəsindəki duz, bəlkə də neftdən də qiymətli məhsuldur. Buradan çıxarılan duz vasitəsilə əhali də, ölkə də nə qədər gəlir əldə edə bilər. İmkanlar böyükdür.

Aynur HÖKMÜRƏVAN,

AzNews.az