Həmsöhbətimiz həvəskar balıq ovçusu, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Elşad Məmmədlidir Həmsöhbətimiz həvəskar balıq ovçusu, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Elşad Məmmədlidir

"Bu məsələlər həvəskar balıq ovçularını çox narahat edir"- MÜSAHİBƏ

Həmsöhbətimiz həvəskar balıq ovçusu, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Elşad Məmmədlidir

- Elşad bəy, bilirik ki, həvəskar balıq ovçususunuz. Bu maraq Sizdə necə yarandı?

- Həvəskar balıq ovçuluğuna məndə uşaqlıqdan maraq var. Atam ovçu, balıqçı olub. Bizi də uşaqlıqdan bu sahəyə həvəsləndirib. Beləliklə, uşaqlıqda həvəskar balıq ovu ilə məşğul olmuşam. Bu, bir hobbi kimi məndə özünəməxsus izlər qoyub. Hamıya tövsiyə edirəm, çox gözəl hobbi və faydalı istirahətdir. Həmçinin bu hobbi təbii qidalanmaya da səbəb olur.

- Adətən balq ovuna hara gedirsiniz?

- Balıq ovu üçün adam az olan məkanlara getməyə çalışıram. Açıq danışmaq lazımdırsa, mən balıq ovuna daha çox dincəlmək üçün gedirəm. İnsanların çox olduğu yerlərdə biri başının üstündən tilov atır, biri sənin tilovunun üstünə atır və sən əsəbləşirsən. Belə olan halda da balıq tutmaq sənin üçün əyləncə olmaqdan çıxıb, əsəb mənbəyinə çevrilir. Bu səbəbdən çalışıram ki, adamların çox az olduğu, hətta ödənişli yerlərə gedim. Xüsusilə dənizdə balıq tutmağı çox sevirəm. Bu tamamilə başqa auradır.

- Bəs tilovunuza bir şey düşürmü?

- Tilovuma ən çox kütüm düşür. Çünki Xəzərdə çox ovlanan balıq kütümdür. Mən də kütümün xəstəsiyəm. Bu balığın ovu bir başqa əyləncədir, digər növləri ovlamaqdan daha maraqlıdır. Balıq ovundan əliboş qayıtdığım yadıma gəlmir.

- Fikrinizcə, hazırda həvəskar balıq ovçuları ən çox nədən şikayət edir?

- Həvəskar balıq ovçuları adətən balıq tutmaq üçün məkanların Bakıda az olmasından şikayət edir. Məsələn, balıq tutmaq üçün dədə-babadan qalan bir çox yerlər var. Məsələn, Xəzər sahillərində Buzovna, Nardaran qayalıqları, Şıxovda bir-iki istiqamət. İndi həmin ərazilər iş adamları tərəfindən zəbt edilib. O ərazilərə kimsə buraxılmır. Ola bilər ki, kimsə qaçaq və yaxud tanışı vasitəsilə girir. Bakıda balıq tutmaq üçün yaxşı yerlər var. Ancaq onların hamısı bu üsullarla zəbt olunub. Ona görə də bu ən çox həvəskar balıqçıları narahat edir.

Həvəskar balıqçıların bir digər şikayəti isə elə həvəskar balıqçıların özlərindəndir. Balığa gedəndə əksəriyyəti sanki brokonyer kimi davranırlar. Yəni bircə məqsədlər olur ki, daha çox balıq tutsunlar. Əslində, bu, belə olmalı deyil. Balıq tutmağın qızıl qaydaları və ondan istifadə mexanizmləri var. Bunlar da hamı üçün müqəddəs qayda kimi qəbul edilməli və tətbiq olunmalıdır.

- Sizcə, Azərbaycanda həvəskar balıq ovçuluğunun bir sosial institut olaraq hansı problemləri var?

- Azərbaycanda həvəskar balıq ovçuluğunun qarşısında sosial institut olaraq böyük problemləri var. Çünki həvəskar balıq ovçuları şəbəkələşə bilmirlər. Müəyyən adlarda balıqçı qrupları yaradıblar, amma sonra məlum olur ki, burada məqsəd öz şəxsi maraqlarını güdməkdir. Balıqçıların problemi ortaya çıxanda onlar həvəskar balıqçıların deyil, məhz öz maraqlarını və ya hansısa inzibati qurumlarla əlaqələrini möhkəmləndirmək məqsədlərini önə çəkirlər.

- Problemlərin həlli nədən asılıdır?

- Problemlərin həlli ən çox bu məsələyə dünya təcrübəsindən çıxış edərək yanaşmaqdan asılıdır. Dünya təcrübəsindən çıxış etsək, görərik ki, həvəskar balıqçılarla bağlı bəlli qaydalar işləkdir. İnsanlara inzibati yolla da olsa, bu qaydaları mənimsədirlər.

- Brokonyerliyə, qadağan edilmiş vasitələrlə balıq ovuna qarşı aparılan mübarizə Sizi qane edirmi?

- Qadağan olunmuş vasitələrlə balıq ovuna qarşı aparılan mübarizə, inzibati qaydalar sərtləşdirilsə, daha yaxşı olar. Məsələn, mən bəzən estakadalarda açıq dənizə çıxıram, bəzən isə adalarda görürəm ki, sənaye üsulu ilə balıq ovlanması qadağan olunduğu müddətlərdə də ov davam edir. Düzdür, bir çox hallarda biz onların saxlanıldığının, tutulduğunun, cəzalandırıldığının şahidi oluruq. Ancaq bu məsələnin tam kökü kəsilməyib. Ciddi narahatlıq doğurur ki, çaylarda, göllərdə, su hövzələrində, qadağan olunmuş ərazilərdə elektrik cərəyanı ilə bütün canlılar məhv edilir. Bununla bağlı cəzalar çox sərt olmalıdır. Həmin şəxslər məhkum olunmalıdır. Çünki bu, təbiəti vəhşicəsinə, barbarcasına dağıtmaqdır.

- Nazirlər Kabinetinin qərarı ilə həvəskar balıq ovuna həm də vaxt qadağası qoyulub. Bu qadağaya münasibətiniz necədir?

- Hesab edirəm ki, bu qərar qeyri-peşəkarlar tərəfindən hazırlanmış layihə olub və Nazirlər Kabinetinə göndərilib. Təbii ki, Nazirlər Kabineti layihəni təsdiqləyəndə bu "mütəxəssis rəyləri"nə əsaslanıb. Amma qərarın yenilənməsinə ciddi ehtiyac var. Məsələn, qadağa qoyulub ki, dənizdə may, iyun, iyul aylarında balıq tutmaq olmaz. Bu absurddur! Çünki, ümumiyyətlə, dənizdə balıq maksimum may ayının ortalarına qədər kürüləməni bitirir və bundan sonra kürülü balığa, demək olar ki, rast gəlinmir. Kürüləmə dövrü artıq başa çatdıqdan sonra Nazirlər Kabinetinin sözügedən qərarının balıqların qorunmasına hansı faydası olduğunu demək mümkün deyil. Hesab edirəm ki, daha təkmil bir variant işlənməlidir.

- İşğaldan azad olunmuş rayonlarımızda həvəskar balıq ovu turizmininin inkişafı üçün hansı addımlar atıla bilər?

- İşğaldan azad olunmuş ərazilərimizdə çoxlu su hövzələri, çaylar var. Orada balıqçılıq turizmi üçün geniş imkanlar var. Amma bu imkanlardan istifadə etmək üçün biz ilk növbədə həmin hövzələrin qorunmasına başlamalıyıq. Çox təəssüf ki, işğaldan azad olunmuş ərazilərdən bu baxımdan neqativ siqnallar gəlir.

- Necə düşünürsünüz, kiçik və kürülü balıqların təbiətə qaytarılması ilə bağlı həvəskar balıq ovçuları arasında maarifləndirməyə ehtiyac varmı?

- Kiçik və kürülü balıqların təbiətə buraxılması vacibdir. Özünə hörmət eləyən və təbiəti gerçəkdən sevən şəxslər məhz belə edir. Birdən birə insanları, belə deyək, maarifləndirib başa çatdırmaq asan məsələ deyil. Bu sahədə çalışmalıyıq.

- Bir çox həvəskar balıq ovçuları ovdan sonra tullantıları yığmır, ətraf mühitə ziyan vurur. Bununla bağlı nə deyə bilərsiz?

- Ümumiyyətlə, həvəskar balıq ovçuluğu bizim ən ciddi yanaşmalı olduğumuz məsələlərdəndir. Bu məsələni bütün imkanlardan istifadə edərək tənzimləmək lazımdır. Çünki balıq insan üçün çox lazımlı, faydalı bir qidadır. Sadəcə bu resursdan doğru və dürüst formada istifadə etməyi bacarmalıyıq.

Pərvanə AĞAZADƏ

Bu müsahibə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi çərçivəsində hazırlanıb. Müsahibədəki fikir və mülahizələr Agentliyin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.