Kilsənin apardığı siyasət həm də vətəndaşların ciblərini soymaq olub Kilsənin apardığı siyasət həm də vətəndaşların ciblərini soymaq olub

Kilsəyə tüpürən və inanmayan yeni erməni nəsli...

Kilsənin apardığı siyasət həm də vətəndaşların ciblərini soymaq olub

Tanınmış erməni eksperti Gevork Mirzəyan 2012-ci ildə erməni kilsəsi ilə bağlı apardığı araşdırmalarında qeyd edirdi ki: “Bugünkü yeni nəsil artıq kilsəyə getməkdən imtina edir. Cəmiyyət və kilsə arasında əbədi bağlılığı olan ermənilər tarixən bu prinsiplə yaşayıblar. İndi tamamilə bunun əksini görürük. 1500 ildir ermənilərin həyat tərzinin bir parçası olan bu ənənələr tamamilə çökməkdədir. Halbuki, erməni kilsəsi xalqın başqa dövlətlərdə və icmaların arasında assimilyasiyaya məruz qalmaması üçün dominantlıq təşkil etmişdir. İndi bütün bunlar arxada qalıb.”.

Xalkidon ideyasından çıxmış icma

Erməni tarixçisi Ovannes Ovannesyan bildirir ki, keçmiş Sovet İttifaqı çökdükdən sonra İrəvandakı “Apostol Kilsəsi” sadəcə Ermənistanda deyil, xaricdə yaşayan bütün erməniləri dini baxımdan öz qanadı altına almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirməyə başladı. Əsas hədəflərdən biri kilsənin vasitəsilə erməni diaspor təşkilatlarını nəzarətə almaq idi.

Heç də sirr deyil ki, ermənilər eramızın IV əsrindən 1836-cı ilə kimi miafizit baxışların əsiri altında olublar. 1836-1923-ci illərdə erməni cəmiyyəti tarixdə ilk dəfə olaraq iki qrupa bölündü. Ortodoks kilsəsini müdafiə edənlər və mərkəzi Suriyada olmaqla “Kilikiya Kilsəsi” adı altında Vatikana dəstək verənlər qrupu beləcə yarandı. Təbii olaraq, ortodoks kilsəsinin güc mərkəzi XIX əsrdə Çar Rusiyasının nəzarətində idi. Ona görə də ortodoks ideyalarının yanında yer alan ermənilər Çar Rusiyasının ərazisində yaşamağı tərcih etməyə başladılar. Çünki bir nəfər, yəni çar ölkənin bütün xristianlarının şəriksiz lideri idi. 1923-cü ildə ilk dəfə erməni kilsəsində Kilsə Şurası adlı yeni bir qurum yaradıldı. Onlar bir araya gələrək öz dini katalikoslarını seçməli idilər. Bunun əsas səbəbi artıq Çarlıq Rusiyasının olmaması, Dini inkar edən Sovet Sosialist rejimi idi.

“Eçmiədzin Apostol Kİlsəsi” ilk dəfə olaraq xüsusi status qazansa da, onun idarəetmə sistemi 428-ci ildə Sasanilər imperiyasının apardığı ideoloji konseptlərə söykənirdi. Ona görə ki, ermənilərin də etiraf etdikləri kimi, onlar qədim Hindistan mənşəli olmaqla həm də ilk dəfə müstəqil icma statusunu Sasanilər imperiyası zamanında əldə ediblər. Ermənilərin uydurduqları “Ermənistan”, “Şərqi Ermənistan”, “Qərbi Ermənistan” və s.-lərin mənası əslində mühafizəkar xristianlıq tarixi ilə bağlıdır.

İlkin orta əsrlərdə kilsələr mənsub olduqları dini təriqət və məzhəblər sayəsində fərqlənirdilər. Hər bir cərəyana məxsus kilsənin hansı ölkədə mövcud olması həm də oranın bu kilsənin ideyalarının bir parçası hesab olunurdu. Orta əsrlərdə də bu ənənələr davam etmişdir. İndi mühafizəkar kilsə siyasəti faktiki olaraq yoxa çıxıbdır.

31 may hadisələri və kilsə həyəcanı

Bu il may ayının 31-də İrəvanda rus dilində gündəlik dər olunan “Qolos Armenii” qəzeti həyəcanla baş məqaləsində qeyd edirdi ki: “Eçmiədzin Erməni Apostol Kilsəsi”nin qapıları bağlıdır. Katalikos II Qareginin devrilməsi üçün xüsusi hazırlıqlar görülür. Ona qarşı müxalif olan cinah qəzəbli şəkildə davranışlar nümayiş etdirirlər. Hətta II Qareginin kilsəyə daxil olmasını belə, əngəlləyiblər”.
“Eçmiədzin Kilsəsində nə baş verir?”, deyə orta və yaşlı nəsil günün bu sualına cavab axtararkən, bəlli oldu ki, II Qaregin 1998-ci il oktyabr ayında paralmentdə hərbi çevriliş yolu ilə iqtidara gəlmiş, 20 ildir hərbi xunta qanunları ilə ölkəni idarə edənlərə xəyanət etmişdir. O, bu dəfə siyasi şərtlər daxilində üsyançı Nikol Paşinyanı müdafiə edir. Ona görə ki, tutduğu mövqeləri qorumağa çalışır. Hərbi xuntanı uzun illərdir kilsə vasitəsilə təbliğ edən keşişlər ordusu və dindar kəsim çıxılmaz duruma düşdükləri üçün xeyli dərəcədə aqressivcəsinə II Qaregini devirməyə cəhd etdilər.

Kilsənin unitarlığını bəhanə edərək çevriliş əleydarları dünya birliyi qarşısında biabır olmaqdan qorxurdular. 300-400 nəfərlik yepiskoplar heyəti də uzun müzakirələrdən sonra, xunta rejiminin tərəfdarlarını bir daha müdafiə etməyəcəkləri barəsində ümumi qərar vermək zorunda qaldılar. II Qareginə qarşı çıxanlar elə bu gün də bildirirlər ki, o kilsə qanunlarını pozubdur. Belə ki, II Qaregin iki dəfə ailə qurubdur. İkinci həyat yoldaşından bir neçə övladı var.

Halbuki, erməni ortodoks kilsəsinə mənsub olan din xadimlərinin ailə qurmaq hüquqları yoxdur. Hadisələrin belə bir məcraya qədər enməsinin digər səbəbi isə, 2003-2015-ci illərdə İraq, Suriya, Misir, Oman, Sudan, Yəmən, Liviya, Əlcəzair və Tunisdə baş verənlərdir. Belə ki, adı çəkilən ölkələrdə üsyan və vətəndaş müharibələri zamanı Yaxın Şərq ermənilərinin vəziyyəti ağırlaşanda Ermənistan hakimiyyəti və “Eçmiədzin Kilsəsi” gərəkli humanitar aksiyaları həyata keçirmədilər. Bu ölkələrdə yaşayan erməni icmaları Boliviya, Argentina, Braziliya, Uruqvay, İspaniya, Çili, Portuqaliya və digər dövlətlərə üz tutdular. Əslində Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün simvolu olan hərbi xuntanın devrilməsində “Eçmiədzin Kilsəsi”nin mövqelərinin sarsılmasının da böyük rolu oldu. 31 may 2018-ci il tarixində yaşanılan hadisələrinn arxasında məhz bu amil dayanırdı.

Nelli Avakova: “Amerikada erməni anlayışı artıq yoxdur, ümidlərinizi bizə bağlamayın”

“Amerika Erməni Yazıçıları Birliyi”nin üzvü, erməni və rus dillərində şeir kitablarının müəllifi Nelli Avakova son müsahibəsində qeyd edir ki, artıq Amerika, eləcə də digər dövlətlərdə “erməni məsəsləsi” tipli mövzulara yer yoxdur. Hər dövlətin indiki məqamda öz maraqları çərçivəsində siyasətinə üstünlük verilir. Bundan əlavə, erməni cəmiyyəti əvvəllər olduğu kimi, vahid platfomada yer almayıb. Qlobalizm şərtləri içində gənclik öz dünyası ilə daha çox ilgilənməkdədir. Uzun illər İrəvanda Dövlət Kitabxanasının xüsusi fonduna rəhbərlik etmiş, hazırda ABŞ-da yaşayan etnoqraf alim Mareta Arutyunyan bildirir ki, indi erməni cəmiyyətində vahid millət anlayışı yox kimidir. Erməni cəmiyyəti ənənəci qriqoryan və kilikiya kilsələrindən savayı, “yəhova şahidləri”, “əllincilər”, “baptistlər”, “yevangelitslər”, “lüterant”, “adventist”, “protestant”, “kalvinizm”, “kvaker”, “krit”, “kafol”, “eykumen” və sair kilsələrə üz tutubdur. Beləliklə də hər bir kilsə öz tərəfdarlarına məxsus icmalar yaratmaqla cəmiyyətin vahid etnos olması düşüncəsindən uzaqlaşdırmaq siyasətini yürüdür.

Tamamilə yeni yetişən erməni nəsli bu gün iki qrupa bölünür:

1. Yarıdindar olanlar,
2. Ümumiyyətlə heç bir dini qəbul etməyən, günün şərtləri içində öz həyat tərzi ilə daha çox ilgilənənlər.

Bu gün ABŞ-da 483 min 500 nəfər erməni vətəndaşı yaşayır. Onları faktiki olaraq artıq nə Ermənistan, nə də Dağlıq Qarabağda 28 ildir davam edən etnik separatizm maraqlandırmır. Son 10 ildə Los-Ancelesdə bütün dünya üzrə Ermənistana və qondarma “DQR” rejiminə dəstək telemarafonlarında toplanılan humanitar yardımların miqyasının azalması əlahəzrət faktlardan biridir. Mütəxəssislərin qeyd etdiyi kimi, ötən əsrin 90-cı illərində əgər bu marafonlar vasitəsilə 150-200 milyon dollar yarıdm toplanırdısa, indi orta hesabla 10-15 milyon dollar humanitar yardımlar zorla əldə olunur.

Bunun əsas səbəblərindən biri də erməni gəncliyinin kilsə siyasətinə tüpürməsidir. Çünki kilsənin apardığı siyasət sadəcə vətəndaşların beynini yumamış, həm də ciblərini soymaqla məşğul olmuşdur. Digər yandan isə, Ermənistanda 20 il ərzində hərbi xuntanın yanında yer almışdır.

Hazırda Ermənistan, İran, Gürcüstan, Türkiyə, İraq, Suriya, Özbəkistan, Rusiya, Liviya, hətta Yunanıstandakı erməni kilsələri aclıq və səfalət içindədirlər. Çünki, əhalinin bu ölkələrdəki kilsələrə axını sürətlə azalmaqdadır. Xüsusən də gənclərin erməni kilsəsindən üz döndərməsi müşahidə olunan əsas amillərdən biridir. Çünki xristianlıq qanunlarına görə indi dünyanın bu dinə etiqad edən xalqları kilsə müharibələr, etnik qarşıdurmalar, səfalət siyasətinə qarşı çıxırlar. Kilsə daha çox humanitar məqsədlər üçün fəaliyyət göstərir. Erməni kilsələri isə əhalini soymaq, ifrat milliyyətçilik siyasətini yürütmüşdür. Xalqın ağır sosial-iqtisadi həyat tərzinə dəstək kimi humanitar aksiyaların heç birində kilsə iştirak etməmişdir. Erməni gəncliyi dünyanın digər kilsələrinin apardığı yeni siyasəti daha çox müdafiə edirlər.

Həmid Məmmədli
AzNews.az