Deputat Könül Nurullayevanın təşəbbüsünə cəmiyyətdən böyük dəstək gəldi Deputat Könül Nurullayevanın təşəbbüsünə cəmiyyətdən böyük dəstək gəldi

“Müharibə iştirakçıları həm birinci, həm də ikinci təhsil üçün ödənişlərdən azad edilməlidir”

Deputat Könül Nurullayevanın təşəbbüsünə cəmiyyətdən böyük dəstək gəldi

Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı müharibə iştirakçılarının təhsil haqqından azad edilməsi təklifini irəli sürüb.

Millət vəkili bildirib ki, büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan, yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır.

Müharibə iştirakçılarının təhsil haqqından azad edilməsi ilə bağlı parlementdə səslənmiş təkliflə bağlı rəyini AzNews.az analitik-informasiya portalı ilə bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu təşəbbüsü böyük məmnuniyyətlə dəstəklədiyini deyib.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə, əməkdaşımıza bildirib ki, burada həmin şəxslərin təhsilə, oxumağa nə qədər maraqlı olduqları nəzərə alınmalıdır:

“Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı əvəzsizdir. Bu təklif də mütləq nəzərdən keçirilməlidir. Əslində, ali təhsil müəssələrimiz də vətən müharibəsi iştirakçılarının təhsil ödənişləri ilə bağlı problemlərini mümkün qədər nəzərə almağa, onlara dəstək olmağa çalışırlar.

Əksər ali təhsil müəssələrində bununla bağlı kifayət qədər işlər görülüb.

Sadəcə, burada bir məqamı da nəzərə almalıyıq ki, həmin şəxslərin təhsilə , oxumağa maraqları nə qədərdir? Məncə, müzakirələr bu formada aparılmalıdır. Məlumdur ki, dövlət büdcəsindən, həmçinin ali təhsil müəssəsindən hər bir tələbənin təhsili üçün müəyyən vəsait ayırılır. Bu nöqtəyi nəzərdən baxıldıqda, bir tələbənin təhsili dövlət üçün heç də az olmayan müəyyən vəsaitə gəlib çıxır. Odur ki, söhbət ali təhsil almaq istəyən, bunun üçün müvafiq bazası olan, ancaq təhsil haqqlarını ödəməyə maddi çətinlik çəkən müharibə iştirakçılarından gedir. Məsələyə yanaşmada qeyd etdiyim amili heç bir halda nəzərdən qaçırmamalıyıq”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli vətən müharibəsi iştirakçıları üçün əsaslı və hiss edilən şəkildə güzəştlər və imtiyazların nəzərdə tutulmalı olduğunu söyləyir:

“Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət humanitar və sosial xarakterli müxtəlif proqramlar nəzərdə tutub. Amma düşünürəm ki, vətən müharibəsi iştirakçıları üçün ayrıca proqram da olmalıdır. Burada əsasən onların ixtisaslaşması, təhsil haqlarından azad edilməsi məsələsi önəmli olmalıdır. Vətən müharibəsi iştirakçılarının əmək bazarına uyğun şəkildə təhsil almaları təmin olunmalıdır. Onlar işlə təmin olunmalı, müxtəlif əsaslı və hiss edilən şəkildə güzəştlər və imtiyazlar nəzərdə tutulmalıdır. Nəzərə alınmalıdır ki, vətən müharibəsi iştirakçılarının arasında evli və ya subay olub kirayədə qalan, mənzil təminatının yaxşılaşdırılmasına ehtiyacı olanlar var. Bu məsələlər proqram şəkilində icra edilsə, çox yaxşı olar. Təbii ki, təhsil ödənişi də ayrıca nəzərdə tutulmalıdır. Onlar cəmiyyətin həssas təbəqəsidir və sosial güzəştlər qrupuna daxildirlər. Əsas məsələ ondan ibarətdir ki, onlar məhz vətən müharibəsinin iştirakçılarıdırlar. Torpaqlarımızın işğaldan azad edilməsi prosesində, ərazi bötövlüyünün təmin olunmasında iştirak ediblər. Buna görə də bu kimi güzəştlərin həyata keçirilməsi nəzərdə olmalıdır”.

Təhsil eksperti Nadir İsrafilov vətən müharibəsi iştirakçıları üçün təhsil sahəsində belə bir stimullaşdırıcı addımın həyata keçirilməsinin vacib olduğunu vurğulayır:

“Bu təklifi alqışlayıram. Vətən müharibəsi iştirakçılarının təhsil haqqından azad edilməsi istiqamətində addımların atılması lazımdır. Bizim qələbəmizdə onların rolu danılmazdır. Onların sosial məsələlərinin həlli istiqamətdə, istər dövlət başçısı, istərsə də birinci vitse prezident tərəfindən xeyli işlər görülür. O cümlədən əsas məsələlərdən biri də təhsildir. Təhsil sahəsində belə bir stimullaşdırıcı addımın həyata keçirilməsi vacibdir. Çünki bizim təhsildə hədəfimiz ali təhsilin hamı üçün əlçatan olmasıdır. Ancaq bu əlçatanlıq təkcə keçid balı ilə yekunlaşmamalıdır, maddi baxımdan da əlçatan olmalıdır. Bizim çox sayda məzunumuz var ki, onlar ali məktəbə yüksək balla qəbul olurlar, ancaq təhsil haqqını ödəmək üçün maddi imkanları olmadığından, təhsillərini yarımçıq qoyurlar. Bu istiqamətdə də müəyyən işlər görülməlidir. Əsas məqam ondan ibarətdir ki, vətən müharibəsində iştirak edənlər qələbəmizin təminatçılarıdırlar. Ona görə də biz onlara hər cür diqqət göstərməliyik. O cümlədən də onların təhsil alması sahəsində”.

Jurnalit Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə təkcə qazilərin deyil, oxumaq istəyən hər kəsin təhsil haqqı dövlət tərəfindən ödənilməli olduğunu düşünür:

Qarabağ qazilərinin təhsil haqqının dövlət tərəfindən ödənilməsiylə bağlı təklifi dəstəkləyirəm. Hesab edirəm ki, təkcə qazilərin deyil, oxumaq istəyən hər kəsin təhsil haqqı dövlət tərəfindən ödənilməlidir. Azərbaycanda minlərlə gənc sırf maddi durumu yaxşı olmadığı üçün ali təhsil ala bilmir. Universitetlərin qapılarını oxumaq istəyən övladlarımızın üzünə açmalıyıq. Universitetdə oxumaq maddi cəhətdən çətin olduğu üçün hamı mahnı oxumağa can atır. Təəssüf ki, yanlış təhsil siyasəti üzündən Azərbaycanda oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir. Azərbaycanın ali məktəblərində təhsil haqqı çox bahadır. Elə universitetlər var ki, illik təhsil haqqı 4-5 min manatdır. Halbuki Türkiyənin əksər dövlət universitetlərində təhsil haqqı 250-300 manat civarındadır. Ayda 300- 400 manat məvacib alan adam övladını oxutmaq üçün nə etməlidir? Bank yarmalıdır? Soyğunçuluq etməlidir? Azərbaycanda təhsil haqqı baha olduğu üçün gənclər xarici ölkələrə axın edirlər.

Həmişə məni bir sual düşündürür: əgər Azərbaycanda yaxşı təhsil verilirsə, nazirlərimiz, digər yüksək rütbəli məmurlarımız niyə adi əməliyyatlar üçün xaricə gedirlər? Bəla burasındadır ki, təhsil haqqını qaldıran adamların heç birinin balası Azərbaycanda təhsil almır. Bu cür neqativ hallara qarşı hamılıqla mübarizə aparmalıyıq”.

AzNews.az portalının baş redaktoru Taleh Şahsuvarlı öncə deputat Könül Nurullayevaya qaldırdığı məsələ ilə bağlı təşəkkür edir:

“Bu, son dərəcə gözəl və təqdirəlayiq təşəbbüsdür. Vətən müharibəsi iştirakçısının nə özü, nə də övladları ali təhsil üçün pul ödəmələlidirlər. Vətən savaşına səfərbərlikdən on minlərlə insan cəlb olunmuşdu. Onlar Azərbaycanın insan kapitalı üzrə xüsusi seqmentidir. Əgər bu təbəqədən testdən keçib ali təhsil almaq, yaxud ikinci dəfə ali təhsil almaq, öz ixtisasını dəyişdirmək, təkmilləşdirmək istəyən varsa, mütləq ödənişdən azad olunmalıdır. Vətən uğrunda canından keçməyə hazır insanlardan təhsil üçün pul istəmək olmaz. Könül xanıma təşəkkür edirəm ki, bu zərurəti parlament səviyyəsində ifadə edib”.

Şəbnəm Zahir