Səfər Mehdiyevin qələmi niyə qırıldı? DGK ilə bağlı mümkün ssenarilər

Sosial İnformasiya Agentliyinin şərhi

Dünən prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev vəzifəsindən azad olundu. Xeyli müddət idi ki, Səfər Mehdiyevlə bağlı belə bir qərarın veriləcəyi barədə mediada ehtimallar irəli sürülürdü. Elə bu səbəbdən də DGK sədrinin işdən azad olunması cəmiyyət üçün sürpriz olmasa da, sərəncamın şənbə günü verilməsi diqqət çəkdi. Adətən Azərbaycan prezidenti kadrlarla bağlı şənbə və bazar günü sərəncamlar imzamadığından bu məqamın nəzərdən qaçmaması təbiidir.

Son aylarda gömrük xidmətində çalışan iki general həbs edilmişdi. Əvvəlcə gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Ehtiram Xəlilovun 200 mindən çox rüşvət aldığı bildirilir. Bununla bağlı məhkəməyə müvafiq təqdimat verilmiş, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə həmin təqdimat təmin edilmişdi.

Bu günlərdə isə, gömrük xidmətinin daha bir generalı həbs edilib. Gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Məsum Rəsulov saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlardan biri də 44 günlük müharibə zamanı Azərbaycan ordusuna çatmalı olan siqaretlərin mənimsənilməsi və tamah məqsədi ilə satdırılmasıdır.

Bu həbslər arasındakı bağlantı onu deməyə əsas verir ki, Azərbaycanın hüquq-mühafizə orqanları DGK-nin fəaliyyəti baradə geniş araşdırma aparır. Görünür, araşdırma zamanı Səfər Mehdiyev barədə prezidenti qəzəbləndirən elə məlumatlar üzə çıxıb ki, dövlət başçısı növbəti rəsmi iş gününü gözləmədən onu vəzifəsindən məhrum edib.

Səfər Mehdiyev həbs olunacaqmı?

İndi sosial şəbəkələr məhz bu suala cavab axtarır və elə siyasi aktiv kəsimdə də bu barədə qızğın müzakirələr gedir. Bir qism hesab edir ki, Səfər Mehdiyev həbs olunmayacaq, ancaq sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov sayaq nəzarətə götürüləcək.

Başqa bir proqnoz isə budur ki, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsi ilə DGK-da aparılan araşdırmaların miqyası genişlənəcək və bu halda o, həbsdən yayına bilməyəcək.

Bütün hallarda Səfər Mehdiyev artıq DGK üçün keçmişdir, göründüyü qədər, hakimiyyət üçün bitmiş, üstü tam çizilmiş fiqurdur. Hazırda maraq doğuran başqa bir məsələ DGK-nin özünün var olub-olmayacağıdır. Bu qurumun eynilə Vergilər Nazirliyi kimi yenidən institutlaşdırılaraq İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi gözlənilir. Başqa cür danışanlara görə, komitə öz fəaliyyətini davam etdirəcək, ancaq rəhbərlik və iş üslubu kökündən dəyişdiriləcək. İndiki halda bu ehtimallardan hansının özünü doğruldacağını təxmin etmək mümkünsüzdür ona görə ki, prezidentin bu barədə tövrü açıq deyil. Eyni zamanda, generalların həbsindən, sədrinin işdən azad edilməsindən sonra DGK-nın "əvvəlki adamlar və qaydalarla" idarə edilməsi də mümkün deyil.

Hakim elitada aparılan yeniləşmənin ümumi xarakteristikasına əsaslansaq, istər müstəqil komitə kimi qalacağı, istərsə də İqtisadiyyat nazirliyinin tabeliyinə veriləcəyi təqdirdə, gömrük xidmətininin yeni rəhbərinin gənc, xaricdə təhsil almış, cəmiyyətdə qıcıq doğurmayacaq, sistemi mafioz və odioz fiqurlardan təmizləyəcək şəxs olacağını güman etmək olar.

Sosial İnformasiya Agentliyi