Azərbaycan Ermənistana beynəlxalq hüquq çərçivəsindən kənarda heç nə təklif etmir Azərbaycan Ermənistana beynəlxalq hüquq çərçivəsindən kənarda heç nə təklif etmir

BRÜSSEL DANIŞIQLARI VƏ İLHAM ƏLİYEVİN SÜLH ŞƏRTLƏRİ - ANALİZ

Azərbaycan Ermənistana beynəlxalq hüquq çərçivəsindən kənarda heç nə təklif etmir

Avqust ayının son günündə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib. Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən sayca 4-cü görüş 4 saat çəkib. Dövlət rəhbərlərinin iş qrafiki baxımından görüşə kifayət qədər vaxt ayırılması masaya çıxarılan məsələlər barədə geniş müzakirə aparıldığını təsdiq edir. Görüşün ordumuzun Azərbaycanın Laçın şəhərində və ətrafdakı bir neçə yaşayış məntəqəsində yerləşməsindən və ABŞ-ın ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməsindən sonra gerçəkləşməsi də əhəmiyyətli nüanslardır.

Heç kimə sirr deyil ki, bu cür tədbirlərin vaxtı və gündəmi diplomatik kanallarla qabaqcadan razılaşdırılır. Elə bu səbəbdən də Brüssel danışıqlarının növbəti raunduna rəsmi Bakının 44 günlük müharibədən sonra həm hərbi, həm də diplomatik müstəvidə yetərincə aydın, sistemli və məqsədyönlü plan üzrə gerçəkləşdirdiyi siyasət kontekstində baxmaq lazımdır. Təsadüfi deyil ki, görüşdən həm əvvvəl, həm də sonra Ermənstan mediası ciddi təşviş keçirir və hətta “yeni təhvil-təslim olaylarına hazır olaq” deyə Nikol Paşinyanın Brüsseldə İlham Əliyev tərəfindən küncə sıxışdırılacağından əndişə duyurdular. Bu rəylər Ermənistanda aparılan hakimiyyət mübarizəsində müxalifətin ideoloji tezislərindən daha çox, Nikol Paşinyanın Brüsselə əlində heç bir ciddi kart qalmadan getməsi ilə bağlı idi.

Avqustun əvvəllərində Azərbaycanın keçirdiyi “Qisas” əks-hücum əməliyyatından sonra Ermənistanın Azərbaycan qarşısında hərbi və diplomatik manevrlər etmək üçün resurslarının yetərsizliyi bir daha üzə çıxdı. Nəticədə İrəvan “hələ bir il vaxt var” deyə Laçın şəhərini və ətrafdakı kəndləri boşaltmaqdan imtina etməməyə söz verdi, eləcə də Üçtərəfli Bəyanata əsasən digər öhdəliklərini də yerinə yetirməyə boyun oldu. Bu sayədə İlham Əliyev Brüsselə post-münaqişə dövrünün şərtlərini müəyyənləşdirən və bütün maraqlı tərəflərə qəbul etdirən lider kimi getmişdi. Xatırladaq ki, 44 günlük müharibədən öncə illərlə aparılan danışıqlarda Ermənistan Laçın və Kəlbəcəri Azərbaycana qaytarmağa heç bir halda, hətta süni şəkildə də olsa qaytarmağı ağlından keçirmirdi. Hazırda isə Laçın şəhərində Azərbaycan bayrağı dalğalanır, nə bu rayonda, nə də Kəlbəcərdə işğal dövründə qanunsuz məskunlaşdırılmış bircə nəfər də olsun erməni qalmayıb. Beləliklə, prezident İlham Əliyev Ermənistanı Üçtərəfli Bəyanatın daha bir bəndini yerinə yetirmək məcburiyyətində qoyduqdan sonra daha bir dəfə lehimizə dəyişən reallığın Avropa İttifaqının timsalında beynəlxalq dairələrə qəbul etdirilməsi və Azərbaycanın şərtlərinin yenidən paraqraflandırılması baxımından Brüssel görüşü Azərbaycan diplomatiyası üçün yaxşı fürsət idi.

Prezident İlham Əliyev çox böyük məharətlə bu fürsətdən həm də ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdlərinə qarşı istifadə etdi. Artıq rəsmi şəxslər tərəfindən də açıqlandığı kimi, səfirləri işğaldan azad olunan Şuşa şəhərində keçirilən tədbirlərə qatılmaqdan nümayişkaranə şəkildə imtina edən, bununla da Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, həm də özlərinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə qərarlarına, BMT prinsiplərinə hörmətsizlik edən ABŞ və Fransa diplomatik masaya Qarabağ ermənilərinə status vədi ilə qayıtmağı planlaşdırır. Lakin ABŞ-dan və Fransadan fərqli olaraq, Avropa İttifaqı münaqişənin bitdiyini qəbul edir, Azərbaycanı qıcıqlandıran terminologiyadan istifadə etmir və rəsmi Bakının qırmızı cizgilərinin aşıb statusdan danışmır. Məhz bu rasional və ədalətli mövqeyi ilə Avropa İttifaqı yeni reallıqlar müstəvisində ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasını daha uğurla icra edir. Görünür, Cənubi Qafqazda sülhün və əməkdaşlığın qaydaya salınmasında təkcə Rusiyanın yox, eyni zamanda Avropa İttifaqının təşəbbüskarlığı ABŞ-ı özünü həddən artıq oyundankənar hiss etməsinə səbəb olub ki, Filip Mikerin timsalında xüsusi çəkiyə və təcrübəyə malik diplomatı Dövlət Departamentinə Qafqaz üzrə baş məsləhətçi və ATƏT-in Minsk Qrupuna həmsədr təyin edib. Bəs, bu daha çəkili və təcrübəli diplomat vasitəsi ilə ABŞ nəyə nail olmaq istəyir? Əgər “Ağ ev”in məqsədi Rusiya ilə təmaslar yaratmaqdırsa, o zaman dünyanın, yumşaq deyilsə, ən ağrılı məsələsi hazırda hərbi yolla həllini tapmış və bitmiş Qarabağ münaqişəsi yox, Ukrayndakı savaşdır. ABŞ-ın heç üzvü olmadığı ATƏT-in artıq bütün etimadını və funksionallığını itirmiş Minsk Qrupunu dirçəltməsi və bununla Qarabağ ermənilərinə status qazandırmağa çalışmasındansa, məhz “Ağ ev”dəki siyasətçilərin təhriki ilə hazırda “Hamlet sualı” qarşısında qalmış Ukraynada sülhün əldə olunmasına yardım göstərməsi daha məntiqli deyilmi? Hər halda Azərbaycan ABŞ və Fransanın da Təhlükəsizlik Şurasının üzvü olduğu BMT-nin qətnamələrini öz hərbi gücü ilə yerinə yetirərək torpaqlarını işğaldan azad edib və SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasına əngəl olan Ermənistana beynəlxalq hüquq çərçivəsindən kənarda heç nə təklif etmir.

Elə Brüssel danışıqlarında da Azərbaycanı rahat və üstün mövqedə saxlayan ən başlıca amillərdən biri də bu idi: İlham Əliyevin Ermənistana bütün təklifləri və şərtləri beynəlxalq hüquq çərçivəsindədir. Məhz beynəlxalq hüququn tələblərinə əsasən Ermənistanın Azərbaycanla sərhədləri müəyyənləşməli, dövlətlər qarşılıqlı olaraq bir-birini tanımalı və sülh müqaviləsi imzalayaraq tarixi ədavətə son verməlidir. Avropa Şurasının rəhbəri Şarl Mişelin Brüsseldəki üçtərəfli görüşdən sonra mətbuata verdiyi açıqlamanın məzmunu göstərir ki, bu istiqamətdə ciddi irəliləyişlər qeydə alınıb. Belə ki, müzakirələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin sülh sazişinin mətni üzərində işə başlaması barədə razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin müəyyənləşməsinə məsul komissiyaların növbəti görüşünün Brüsseldə keçirilməsi qərara alınıb. Əgər xatırlayırsınızsa, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı sərhədlərin müəyyənləşməsi prosesini yubatmaqda ittiham etmişdi. İndi həm həmin komissiyaların Brüsseldə təmas qurması, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi “Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəfli işçi qrupu avqustun 30-da Moskvada keçirilən görüşdə regionda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsində mühüm irəliləyiş əldə edib” açıqlaması onu göstərir ki, avqustun əvvəllərində keçirilən “Qisas” əməliyyatından sonra rəsmi İrəvanın yeni status kvo yaratmaq cəhdləri puça çıxıb.

Azərbaycanın mərkəzi hakimiyyətinin və diplomatiyasının qarşısında dayanan ən əsas məsələ isə, heç şübhəsiz, Xankəndi üzərində suverenliyimizin bərpasıdır. Azərbaycan Ermənistanın bu prosesdən maksimum kənarda saxlamağa çalışdığından və Qarabağdakı ermənilərə status verilməsini birmənalı şəkildə istisna etdiyindən “Xankəndinin aqibəti” mövzusunun Brüssel danışıqlarında əsas gündəm maddəsi olmaması prezident İlham Əliyevin qəti mövqeyidir. Eyni zamanda Xankəndi və çevrəsində Ermənistanın birbaşa və dolayı yollarla hərbi bölmələr saxlaması, həmçinin Qarabağdakı cinayətkar xunta ilə əlaqələrini davam etdirməsi də faktdır. Lakin Azərbaycan istər hərbi, istərsə də qeyri-hərbi vasitələrdən istifadə edərək həm Ermənistan, həm də Xankəndidəki hərbi xunta üçün vaxtı və revanş imkanlarını getdikcə sistemli şəkildə daraldır. Ermənistandakı bütün revanşist qüvvələrə artıq “Bayraqdar”lar vasitəsi ilə izah edilib ki, heç bir erməni silahlı dəstəsi Qarabağda Rusiya sülhməramlılarının arxasında təhlükəsiz və toxunulmaz deyil. Üstəlik, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti də məhduddur. Proseslərin təhlili göstərir ki, o zamana qədər Qarabağdakı erməni silahlı birləşmələri və seperatçı rejimin qalıqları ortadan tam qaldırılacaq və əsas vəzifəsi “mülki erməni əhali”nin təhlükəsizliyini qorumaq olan Rusiya sülhməramlılarının mandatının daha 5 il uzadılmasına ehtiyac olmayacaq. Əks halda, həmin birləşmələri və xunta qalıqlarının ləğvi üçün “Dəmir Yumruq” daha bir dəfə öz funksiyasını yerinə yetirməli olacaq.

“İntibah” Sosial-Siyasi Araşdırmalar Mərkəzi