“Qrant şəbəkəsi”nin yeni maliyyələşmə mexanizmləri - MƏQALƏ

Müəllif: Yeganə Hacıyeva, Müşfiq Ələsgərli

Qərbin maliyyə strukturları strateji hədəfləri təhdid edən istiqamətlərə necə yol tapırlar?

Avropa İttifaqı "Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələr"də demokratiya və insan hüquqlarının inkişafını ehtiva edən yüksək məbləğli qrant layihələrini elan edib. Layihə Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanla yanaşı, Azərbaycanı da əhatə edir. Rəsmi elana görə, "ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının həyata keçirilməsini" nəzərdə tutur. 2023-cü il üzrə keçirilən bu müsabiqəyə müraciət edənlərin hər birinin 100 min avro məbləğində uduş əldə etməsi mümkündür. Qalib olan media təmsilçiləri korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələrdə araşdırmalar aparacaqlar.

Donor qismində çıxış edən ABŞ institutları, o cümlədən USAİD, ABŞ-ın Azərbaycandakı səfirliyi də 2023-cü il üzrə böyük məbləğli qrant vəsaitləri üçün qapıları açıblar. "Peşəkar medianın inkişafı", "Vətəndaş jurnalistikasının təşviqi", "Media ehtiyaclarının qiymətləndirilməsi", "İctimai maraq kəsb edən mövzularda sosial media fəallığının artması" və digər bu kimi istiqamətlərdə təqdim edilən hər bir layihə üzrə 65 min ABŞ dollar məbləğində qrant vəsaiti qazanmaq mümkündür. Qalib olmaq istəyənlərin sayı üçün məhdudiyyət yoxdur. Müsabiqə limitsizdir.

2023-cü ildə Azərbaycanda ictimai sektor üzrə qrant layihələri təqdim edənlərin siyahısında fəallıq göstərənlərdən biri də Avropa Şurasıdır. AŞ sosial, iqtisadi, mədəni və digər istiqamətlər üzrə layihələr üçün ümumilikdə 4.5 milyon avro məbləğində vəsait ayırıb.

Bunlar üzdə görünən, məşhur donorlardır. 2023-cü il üzrə qrant layihələrində Azərbaycana yer ayırmış təşkilat və fondların siyahısı genişdir. Tanınan və tanınmayan çoxsaylı donorlar Azərbaycanda "ictimai maraq kəsb edən mövzular üzrə araşdırmaların həyata keçirilməsi üçün" yüksək məbləğli qrant müsabiqələri elan ediblər.

Əslində xoş əlamət kimi görünür. Donor institutların ölkəmizdə yenidən fəallaşması, Azərbaycana maraq göstərməsi, ictimai problemlərin aradan qaldırılmasına dəstək verməsi təqdir edilən haldır. Belə layihələr hədəf problemlərin aradan qaldırılmasına yardım göstərməklə yanaşı, həm də partnyor QHT və KİV-lərin, sosial mediada fəallıq göstərən icmaların inkişafına, peşəkarlaşıb institutlaşmalarına müsbət təsir göstərirlər. Dolayısı ilə ölkəmizdə demokratik ənənələrin inkişafına, modern trendlərə uyğun icmaların formalaşmasına təkan verirlər.

Amma bütün bunlar zahiri görüntülərdir. Təcrübə göstərir ki, əksər Qərb institutları demokratik inkişafı hədəfləyən layihələrin adı altında fərqli proseslər həyata keçiriblər. Cəmiyyətin demokratikləşdirilməsinə yardım göstəririk deyiblər, əvəzində məsuliyyət hissini itirmiş, milli dəyərlərə qənim kəsilmiş icmalar yetişdiriblər. LGBT-ni təşviq ediblər, "radikal feminizm"i təşkilatlandıraraq institutlaşdırıblar. İşğala məruz qaldığımıza rəğmən, ölkəmizdə məğlubiyyət hissini həzm etdirməyə yönəlik yalançı pasifizmi, "no war" hərəkatını stimullaşdırıblar. "Korrupsiya faktlarını araşdırırıq" deyiblər, reallıqda isə özləri korrupsiyaya bulaşmış transmilli şirkətlərin maraqlarını ifadə ediblər. Ölkəmizə təzyiq göstərib korrupsiyalaşmış şirkətlərlə əməkdaşlığa sövq etməyə çalışıblar. Təəssüf ki, bənzər əlamətlər 2023-cü il üzrə elan edilmiş qrant proqramlarında da görünür. Həm də daha kəskin formada.

Xarici donorların qrant proqramlarında görünən tendensiyalar

Media sahəsini əhatə edən qrant proqramlarına diqqət yetirəndə məlum olur ki, bu layihələr təkcə ölkə içində fəaliyyət göstərən subyektləri deyil, həm də ölkə xaricində formalaşdırılmış, Azərbaycan dilində informasiya yayan KİV qurumlarını əhatə edirlər. Xüsusi olaraq Avropa İttifaqının və ABŞ institutlarının qrant proqramları bu istiqamətə yönəlib. Müsabiqələrin xaricdə məskunlaşmış Azərbaycandilli KİV və QHT-lər üçün açıq elan edilməsi onu göstərir ki, Azərbaycandan kənarda, əsasən Avropada məskunlaşdırılmış, söyüş müxalifətinə ruporluq edən KİV-lərin maliyyələşdirilməsi üçün imkanlar yaradırlar.

Buradakı ziddiyyəti izah etmək üçün bir nümunə göstərək. Avropa İttifaqı öz ərazisində dezinformasiyaya qarşı mübarizə aparmaq üçün ümumi məbləği təqribən 3 milyard avro təşkil edən xüsusi proqram qəbul edib. Bu proqramın rəsmi hədəfi dezinformasiya ilə mübarizə aparmaq olsa da, reallıqda xaricdən gələn təbliğatın neytrallaşdırılmasını nəzərdə tutub. Məxsusi olaraq, Rusiyanın informasiya sahəsində fəaliyyətinə qarşı əks cəbhənin təşkil edilməsini hədəfləyib. Prosesin davamı olaraq, Ukrayna müharibəsinin başlanmasından həmən sonra, 2022-ci ilin fevral ayından Rusiyanın əksər KİV-lərinin Aİ ərazisində yayımı bloklanıb. Beləliklə, Aİ öz ərazisində kənar təbliğatın aparılmasını həm ayrı-ayrı KİV-ləri bloklamaqla, həm də ictimai müqaviməti formalaşdırmaqla həyata keçirir. İctimai müqaviməti formalaşdırmaq üçün 3 milyard böyük vəsait ayırır. Bunu normal davranış kimi qəbul etmək olardı, əgər, başqalarına münasibətdə də eyni mövqedən çıxış etsəydilər. Aİ-nin Azərbaycan üzrə elan edilmiş son "qrant proqramları" göstərir ki, yanaşma fərqlidir. Xaricdə məskunlaşıb Azərbaycana qarşı dezinformasiya yayan, yalançı təbliğat aparan KİV və QHT-lərin qrant müsabiqəsində iştirakına şərait yaradılır. Onlara maliyyə dəstəyi göstərilməsi üçün platforma formalaşdırılır. Proqramın adını da qoyurlar "ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının aparılması".

ABŞ donor institutlarının elan etdikləri proqramlarda da belə ikili yanaşmalar görünür. Ayrılan qrantların mahiyyəti odur ki, jurnalist araşdırmaları adı altında ayrı-ayrı ölkələrin daxilində ictimai qalmaqal yaradacaq informasiya mühiti formalaşdırılır. Bu siyasətə uyğun gələn KİV-lər, QHT-lər, sosial media fəalları maliyyələşdirilərək aktivləşdirilir. Bu KİV, QHT və sosial media fəalları Qərb xüsusi xidmət orqanları tərəfindən ustalıqla hazırlanmış dezinformasiyaları təmsil etdikləri ölkələrin informasiya məkanına yeridirlər, ictimai rəyi çaşdırırlar.

Bu model "Soros Fondu"nun maliyyələşdirdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) adı ilə populyarlıq qazanıb. Artıq sübut olunub ki, OCCRP-nin araşdırmaları adı altında ABŞ-ın xüsusi xidmət orqanları fəaliyyət göstərirlər. Onlar layihəyə daxil edilmiş jurnalistlərin adından istifadə edərək bu və ya digər ölkələrin rəsmi strukturlarını, vəzifəli şəxslərini hədəfə gətirirlər. Onlar üçün əsas meyar informasiyanın həqiqətəuyğunluğu deyil, hazırlanmış dezinformasiyanın ustalıqla hədəfə çatdırılması, hədəf ölkəyə qarşı qara piar kampaniyasının müvəffəqiyyətlə təşkil olunmasıdır. Mənbə dezinformasiya xarakterli məlumatı ictimailəşdirən kimi, "qrant müsabiqəsinin qalibi olmuş" KİV, QHT və sosial media fəalları işə qoşulurlar, kampaniya genişləndirilir. Belə layihələr ölkələri təzyiq və təsir altında saxlamaq, onlara öz iradəsini diqtə etmək üçün uğurlu vasitədir. ABŞ donor institutlarının və Aİ-nin 2023-cü il üzrə elan etdikləri proqramların mövzularına diqqət yetirəndə bəlli olur ki, onlar növbəti 2 il üçün də eyni hədəflərlə hərəkət edirlər.

Əslində, Azərbaycan uzun illər boyunca dezinformasiya hücumlarına məruz qaldığı üçün ölkə ictimaiyyətində belə çirkin fəaliyyətə qarşı immunitet formalaşıb. Amma 2023 və növbəti 2 il üzrə elan edilmiş qrant proqramlarında istisna hallar mövcuddur. İndiki qrant proqramlarının mövzularını təhlil edəndə görünür ki, donorların hədəflərindən biri də Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarıdır. Danışıqlarda Azərbaycanın üstünlüyünü əlindən almaq üçün fərqli istiqamətlərdə qondarma problemlərin qabardılması planlaşdırılır.

Əsas hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, həmçinin, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün reallaşdırılan proqramlardır. Azərbaycanın müvəffəqiyyətlə icra etdiyi bu proqramları "korrupsiya hallarının araşdırılması" layihələrinin hədəfinə çevirməklə, gözdən salmağa çalışırlar. Start düyməsi basılıb. ABŞ və Aİ-dən "korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq sahələrində jurnalist araşdırması aparmaq" adı altında qrant almış KİV, QHT və sosial media fəalları qeyd edilən istiqamətlərdə fəaliyyətə başlayıblar.

LGBT fəaliyyətinin stimullaşdırılması, "No war" hərəkatının genişləndirilməsi və saxta pasifizmin təbliği, kosmopolitizmin təşviqi kimi məsələlər də 2023-cü il layihələrinin ruhunu təşkil edir.

Hansı QHT və KİV-lər müsabiqə qalibi olurlar?

Qrant müsabiqələri bütün QHT və KİV-lər, sosial media fəalları üçün açıq elan olunsa da, son seçimin heç də bu prinsip üzrə aparılmadığı görünür. Donorlar peşəkar KİV və QHT-lərə deyil, özlərinin maraqlarına cavab verən, onların təlimatları ilə işləyən KİV və QHT-ləri qrant müsabiqələrinin qalibi elan edirlər. Qaliblərin adlarını isə ümumiyyətlə ictimailəşdirmirlər. Əgər bu sahədə xüsusi tədqiqat aparılmasa, kimin müsabiqə keçirdiyini, kimin qalib olduğunu aydınlaşdırmaq imkansız olar.