- Araşdırma
- 14 Sentyabr 2024 11:38
- 12 122
Yeni dövrdə Güneydə dilimizin vəziyyəti

1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması nəticəsində Araz çayının quzey və güneyindəki azərbaycanlıların təkcə ürəkləri deyil, taleləri də bir-birindən ayrıldı. 1905-1911 və 1941-1945-ci illər kimi qısa dövrlər istisna olmaqla, Araz çayının iki tayındakı azərbaycanlıların arasında mədəni, iqtisadi, hətta şəxsi əlaqələr çox az, bəzən hətta sıfır səviyyəsində idi. Araz çayının hər iki tayındakı azərbaycanlıların taleyinin bir-birindən ayrılması kimi qeyd edilə bilən məqamlardan biri də ana dili məsələsidir. Quzey azərbaycanlılar ana dillərində oxuyub-yazmaq uğrunda müəyyən çətinliklər çəksələr də, bu haqq heç zaman onlardan tamamən əsirgənməyib. Azərbaycan türkcəsində yazılmış olan kitablar və ya bu dildə fəaliyyət göstərən qəzetlər və dərgilər, bəzi sıxıntılara baxmayaraq, hər zaman oxucuların əllərinə çatmağı bacarıb. Şükür ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu dil Azərbaycanın rəsmi dili olaraq günü gündən daha artıq inkişaf etməkdədir. Lakin Güney Azərbaycanda ana dilinin və bu dildə yazılmış olan kitabların, yaxud bu dildə fəaliyyət göstərən qəzetlərin taleyi tam fərqli olub. Bu kiçik yazıda Azərbaycanda türkcə kitabların və mətbuatın nəşri tarixinə qısaca toxunduqdan sonra indiki durumda bu yolda mövcud olan çətinlikləri izah etməyə çalışacağıq.
Rus-Qacar müharibələri ilə eyni vaxtda Abbas Mirzənin səyi ilə ilk litoqrafik (daş basma) çap maşını Təbrizə gəlib. Maraqlıdır ki, Təbrizdə ilk basılan kitablardan biri də Füzulinin divanı olub. Yenə də maraqlıdır ki, Füzulinin divanının ilk nəşrləri Bakıda və ya İstanbulda deyil, Təbrizdə gerçəkləşdirilib. Güney Azərbaycan türklərinin türk dilinə maraq göstərmədiyini, türk dilinə həvəsin Azərbaycan və ya Türkiyənin təsiri altında yarandığına dair iddiaları rədd etmək üçün təkcə bu fakt kifayətdir. Qacar dövründə Türk dilində bir çox kitablar yazılıb və oxucuların ixtiyarına verilib...
(XIX əsrdə Qacar-türk şahı, Nəsrəddin şahın əmri ilə yazılmış “Məqalid-Ət-Türkiyə” kitabı)
Hətta Qacar-türk şahı, Nəsrəddin şah tanınmış türk siyasətçi və şair Əmir Əlişir Nəvainin şeirlərinə maraq göstərib. Onun əmri ilə Əmir Əlişir Nəvainin şeirlərində olan çətin sözlərə izah vermək üçün “Məqalid-Ət-Türkiyə” adlı sözlük kitabı yazılıb. Yaxud Mirzə Ələkbər Sabir, Molla Məhəmməd Bağır Xalxalı, Şəbistərli Möcüz, Təbrizli Sərraf, Seyid Əzim Şirvani kimi şairlərin əsərləri istər kitab tərzində, istərsə də qəzetlərdə çap olunaraq oxuculara çatdırılırdı. Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" povesti dəfələrlə teatr səhnələrində tamaşaçılara təqdim edilib.
Bu durum Rza şahın taxta çıxmasına qədər sürsə də, 1925-ci ildə Pəhləvi səltənətinin başlanmasıyla və farsçılığın İranda dövlət ideologiyası kimi qəbul görüb təbliğ edilməsi ilə artıq heç bir kitab və ya qəzet Türk dilində yayılmaq imkanı tapmadı. Nəinki Azərbaycan türkcəsində heç bir kitab işıq üzü görmədi, qəzetlərdə belə Azərbaycan türkcəsində bir kəlmə söz belə yazılmadı. Bu ağır durum İkinci Dünya müharibəsi zamanı Sovet və Britaniya qüvvələri tərəfindən İranın işğalına və Rza şahın devrilməsinə qədər davam etdi.
Rza şahın İranı zorla tərk etməsi ilə illərdir ana dilində yazmaqdan məhrum olan Azərbaycan türkləri haqlarını tələb etməklə yanaşı, qəzet və kitablar çıxararaq bu dili təbliğ etməyə və genişləndirməyə başladılar. 1941-1945-ci illər arası bu dildə çoxlu kitablar və məqalələr yazıldı. Hətta Quzey Azərbaycanlı şairlərin və yazıçıların əsərləri Təbrizdə nəşr edilərək oxuculara çatdırıldı. Artıq 1946-cı ildə Azərbaycan türkcəsi, Azərbaycan Milli Hökumətinin rəsmi və icbari dövlət dili olaraq qəbul olundu və öz tarixi mövqeyini əldə etməyi bacardı. Təəssüf ki, Azərbaycan Milli Hökuməti bir ildən çox sürmədi. Hökumətin ortadan qaldırılması ilə birlikdə Azərbaycan türkcəsinin imkanları da məhdudlaşdırılmış oldu.
(1945-1946-cı illər arasında Azərbaycan Demokrat Firqəsinin sədri və Azərbaycan Milli Hökumətinin Baş naziri olmuş Seyid Cəfər Pişəvəri Azərbaycan türkcəsində yayımlanan “Azərbaycan” qəzetini oxuyur.)
1946-1979-cı illər arası Güney Azərbaycanda işıq üzü görə bilən kitabların sayı bir iki-əlin barmaqlarının sayını keçmir. Bu barmaqsayı kitablar çox vaxt qaçaq və ya gizli yolla, ya da istisna hal kimi çap olunublar. Məsələn, ustad Seyid Məhəmməd Hüseyn Şəhriyar İranda tanınmış şəxsiyyət olsa da, Pəhləvi dövründə onun türkcə şeirləri heç vaxt çap olunmamışdır. Yalnız istisna hal kimi onun “Heydərbabaya salam” poeması türkcə çap olunub ki, bu da yalnız bircə dəfə baş verib. Şəhriyar istər şeirlərində, istərsə də müsahibələrində buna etirazını bildirib. O, türkcə şeirlərinin nəşrinə icazə verilməsini istəsə də, Pəhləvi dövründə onun arzusu yerinə yetirilməyib. Şəhriyara qarşı belə amansız davranan rejimin başqa yazar və şairlərə necə davrandığını təsəvvür etmək çətin deyil. Nəticə etibarı ilə demək olar ki, Rza şah və Məhəmməd Rza şah Pəhləvi dövründə Güney Azərbaycanda Türk dili və türkcə kitab və mətbuat ən ağır günlərini keçirmişdir.
Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində dərc olunur
Pərvanə