Səni verənə şükür, əmoğlu! - Taleh Şahsuvarlı Laçına qayıtmış bir cocuqdan yazır

Çayın qırağında dayanmısan, əmoğlu, – bir qırıq boyundakı gözlərində səssiz bir maraq, üzündə küləyin toxunduğu bir qırışıq. Dünyanın nə qədər böyük olduğunu bilmirsən hələ. Amma hər şeyin bu vətən parçasından başladığını duyursan, hiss edirsən. Çünki bu torpaq sənin qayıdışını gözləyib, əmoğlu, səni verənə şükür!

Laçın torpağı susmağı da unutmur, danışmağı da, eşit nə deyirəm. Amma o, indi ayrı cür danışır, 30 il unutduğu bir dildə. Daşların, suyun, küləyin diliylə danışır. Sən bu yerlərin daşlarının, suyunun, küləyinin dilini bilirsən, onlarla danışa bilirsən, səni verənə şükür, əmoğlu!

Sən özünü bu yurda göstərirsən, bu torpaq özünü sənə göstərir.

Nə deyir torpaq sənə, çay sənə, dağ sənə? Yox, basıb-bağlama indidən, sən hələ onun dediklərini çox-çox sonralar qavrayacaqsan.

Tələsmə, darixma, karıxma, əmoğlu, səni verənə şükür!

Torpaq tələsmir, su tələsmir, torpaqla suyun köhnə şakəridir: su axar, çuxurunu tapar. Özündən başqa heç nə tapmamısan hələ, tapsan-tapsan gözünü tapmısan. Gözün böyüyüb hər gördüyünə, bir sehirli aləmə düşmüsən. Zaman yox orada, məkan sənin. Nə keçmişi keçmiş kimi, nə indini indi kimi, nə də gələcəyi gələcək kimi dərk edirsən, di gəl, məkandan doymursan. Doymursan ona görə ki, adamlar uşaq olmamışdan qabaq gənc, gənc olmamışdan qabaq qoca olardı bu məmləkətdə. Laçında qalmış uşaqlıqlar, Laçında qalmış gəncliklər, Laçında qalmış qocalıqlar vardı, arxandan hamısı su kimi axır indi.

Yaxşı-yaxşı çaylarımız necə axardı, hardan axardı, hara axardı, bilməzdik, tamarzı qalmışdıq bir içiminə. Adamlar bir yana gedəndə arxasından su atardılar, bizlərdə, sənin önünə çay axır indi. Fəlsəfədə deyilir ki, axar çaya iki dəfə girmək olmaz. Sənin fərqin budur: bu dünyada yeganə adamsan ki, axar çaya iki dəfə nədir, lap min dəfə girərsən. Laçınsız qalmış uşaqlıqların, Laçınsız qalmış gəncliklərin, Laçınsız qalmış qocalıqların yerinə.

Gir, o çaya, qorxma, əmoğlu, bilirəm ürəyindən o keçir.

Nə qədər istəyirsən çim, amma sən Allah bir dəfə də mənim yerimə...

P.S: Fotonu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paylaşıb. Fotoda Laçının Bəylik kəndinə qayıtmış bir cocuq...

Taleh ŞAHSUVARLI