- Araşdırma
- 13:53
- 3 155
Məleykə Abbaszadə yenə öz ampluasında: Statistika var, cavab yox!

Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün qəbul və buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş guya ictimai müzakirələr təşkil edib. Rəsmi açıqlamaya görə, tədbirdə ali və orta ixtisas təhsili üzrə imtahanların nəticələrinin elmi-statistik təhlili təqdim olunub, həmçinin buraxılış, magistratura və rezidentura imtahanlarının göstəriciləri də nəzərdən keçirilib. Təhsil ictimaiyyəti, pedaqoqlar və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə test tapşırıqlarının statistik göstəriciləri, abituriyentlərin orta balları, attestat qiymətləri ilə qəbul balları arasındakı əlaqə və digər parametrlər müzakirə olunub.
Tədbiri giriş nitqi ilə açan DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında 1994-cü ildən bu yana tətbiq edilən qiymətləndirmə sisteminin müxtəlif aspektlərini vurğulayıb və təhlillərin açıq olduğunu, nəticələrin DİM-in saytında ictimaiyyətə təqdim edildiyini qeyd edib. O, həm də test tapşırıqlarının elmi-metodiki qiymətləndirilməsinin aparıldığını və psixometrik təcrübə proqramının gənclərin bu sahəyə cəlb edilməsinə xidmət etdiyini bildirib.
Bütün bu təqdimatlar fonunda tədbir ictimai müzakirə kimi təqdim edilsə də, cəmiyyətin gözlədiyi əsas suallara cavab verilmədi.
Dövlət İmtahan Mərkəzinin son üçgünlük tədbiri təhsildə şəffaflığı təşviq etmək niyyəti ilə keçirilsə də, nəticə etibarilə bu təşəbbüs daha çox özünü təqdim etmə mərasiminə bənzədi. Cəmiyyətin çoxsaylı narahatlıqları, valideynlərin sualları və ekspertlərin çağırışları isə statistik diaqramların kölgəsində itib getdi. Nə üçün?
DİM tədbiri “elmi-statistik təhlil” adı altında keçirsə də, bu, əslində məhdud və texniki təqdimatlar silsiləsindən ibarət idi. Hansısa regionun nəticəsi yüksəkdirsə -göstərildi, aşağıdırsa- üzərindən sükutla keçildi. Təhlilin məqsədi nə idi? Problemləri göstərməkmi, yoxsa mərkəzin özünü təsdiqləməsi?
İllərlə ictimaiyyəti narahat edən suallar- nəyə görə bəzi rayonlarda orta ballar həmişə aşağıdır, testlər nəyə əsasən seçilir, imtahanlar funksional bilikləri əks etdirirmi - bu tədbirdə yenə cavabsız qaldı.
Tədbirin ən ziddiyyətli cəhəti isə budur: ictimaiyyətin verdiyi əsaslı suallar ya səsləndirilmədi, ya da cavablandırılmadı.
Məsələn:
- Attestat qiyməti ilə imtahan nəticəsi niyə bu qədər fərqlidir?
- Məktəblərarası uçurumun səbəbi nədir?
- Məktəbdən yüksək nəticə ilə məzun olan şagird niyə qəbul zamanı uğursuz olur?
- Ümumiyyətlə, təhsil niyə qara bazardadır?
DİM bu sualları özünə ünvanlanmış saymır, lakin imtahan sisteminin mərkəzində dayandığı üçün bu cavablardan da yayınmaq mümkün deyil. Təəssüf ki, tədbirin formatı da, tonu da bu cavablardan yayınmağa hesablanmışdı.
Ən mühüm məsələlərdən biri də test tapşırıqlarının keyfiyyəti ilə bağlıdır. Tədbirdə bu mövzu statistik cəhətdən toxunuldu: hansı suallar daha çox cavablandırılıb, hansılar az. Lakin bu, təhsilin fəlsəfi problemi olan "imtahan nəyi ölçür?" sualına cavab vermir.
ünki ictimai narahatlıq nədən qaynaqlanır?
– On illərlə davam edən əzbərçiliyə əsaslanan test sistemi, şagirdin həyat bacarıqlarını deyil, sürətli seçim etmə vərdişini qiymətləndirir. Tədbirdə bu məsələ ya anlaşıqlıqdan uzaq statistik göstəricilərlə pərdələndi, ya da ümumiyyətlə üstündən keçildi.
Tədbirdə “təkliflər dinlənildi” ifadəsi işlədilir, lakin konkret hansı təkliflər, hansı istiqamətdə
Dinlənildisə, hansı tədbirlər görüləcək?
Bu suallara da cavab yoxdur. Əgər “ictimai müzakirə” adlı tədbirdə cəmiyyətin sualları sadəcə dinlənilirsə və onların təsiri heç bir rəsmi sənədə əks olunmursa, bu zaman bu tədbir real müzakirə yox, sadəcə rituallaşmış idarəçilik aktına çevrilir.
Cəmiyyət artıq təkcə imtahanların nəticəsini yox, imtahanların məntiqini sorğulayır. Məsələ budur ki:
Nə üçün məktəbdə 11 il oxuyan şagird əlavə hazırlığa ehtiyac hiss edir?
Bu sistem hansı cəmiyyətə və necə kadr hazırlayır?
İmtahanlar yalnız rəqabəti ölçür, yoxsa həm də sosial ədalətsizliyi artırır?
DİM isə bu kimi sualları öz səlahiyyətindən kənar sayaraq, yalnız texniki işləkliyi təqdim edir. Amma reallıqda bu texniki sistemin nəticələri cəmiyyətin bütün təbəqələrinə təsir edir. Bu səbəbdən DİM-in cavab məsuliyyətindən yayınması cəmiyyətin narazılığını daha da artırır.
Dövlət İmtahan Mərkəzi cəmiyyətin etibarını qazanmaq istəyirsə, sadəcə rəqəmlər təqdim etməklə kifayətlənməməlidir. Rəqəmlər problemi ölçür, lakin onun səbəbini göstərmir. Təhsil ictimaiyyəti, valideynlər və abituriyentlər daha dərin suallar verir – bu suallar statistik yox, fəlsəfi və ictimai cavablar tələb edir.
Əgər bu suallara cavab verilməzsə, imtahanlar nə qədər “ədalətli” formatda keçirilsə də, onların sosial legitimliyi sual altında qalacaq. Bu, artıq təkcə təhsil məsələsi deyil – bu, dövlət-cəmiyyət münasibətlərində güvən məsələsidir.
Zeynal ABDİN,
AzNews.az