Tələbələrin könüllü fəaliyyətlərə qoşulmasının sosial kapitala təsiri - ARAŞDIRMA

Son illərdə gənclərin könüllü fəaliyyətlərdə iştirakı həm Azərbaycanda, həm də beynəlxalq miqyasda sosial inkişafın vacib elementlərindən biri kimi ön plana çıxır. Könüllülük yalnız yardım və sosial dəstək mexanizmi deyil, eyni zamanda gənclərin bilik, bacarıq və sosial şəbəkələr qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Universitet tələbələrinin könüllü fəaliyyətlərə qoşulması isə xüsusilə strateji xarakter daşıyır, çünki bu proses onların sosial kapitalını formalaşdırır və gələcək karyera imkanlarına birbaşa təsir göstərir.

Sosial kapital anlayışı fərdlərin bir-biri ilə qurduğu əlaqələr, etimad münasibətləri və əməkdaşlıq imkanlarının ümumi dəyəri kimi izah olunur. Bu baxımdan tələbələrin könüllü fəaliyyətlərdə iştirakı onların yeni sosial əlaqələr qurmasına, müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərlə təcrübə mübadiləsinə və kollektiv fəaliyyət bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Məsələn, böyük idman tədbirlərində könüllü kimi iştirak edən tələbə həm təşkilati bacarıqlar qazanır, həm də müxtəlif ölkələrdən gələn insanlar ilə əlaqələr quraraq öz şəbəkəsini genişləndirir.

Könüllülüyün tələbələrin şəxsi inkişafına təsiri də diqqətəlayiqdir. Araşdırmalar göstərir ki, könüllü fəaliyyətlərə qatılan gənclərin liderlik bacarıqları, məsuliyyət hissi və komanda işi vərdişləri güclənir. Dünya Bankının 2023-cü ildə dərc etdiyi hesabatda qeyd olunur ki, könüllü fəaliyyətlərdə iştirak edən gənclərin əmək bazarında iş tapma ehtimalı 27 faiz daha yüksək olur. Bu fakt tələbələrin könüllü fəaliyyətlərə qoşulmasının yalnız sosial deyil, həm də iqtisadi üstünlüklər yaratdığını təsdiqləyir.

Azərbaycanda son illərdə könüllülük hərəkatı genişlənib. Xüsusilə beynəlxalq idman tədbirləri, dövlət proqramları və sosial layihələrdə gənclərin fəal iştirakı sosial kapitalın güclənməsinə xidmət edir. "Könüllü DOST", “Bakı Şəhər Halqası Könüllüləri”, “YAŞAT Fondu” və digər təşəbbüslər minlərlə tələbə və gəncə real təcrübə qazanmaq imkanı yaradıb. Bu proses gənclərin əmək bazarına daha hazırlıqlı çıxmasına, həmçinin cəmiyyətlə daha güclü bağlar qurmasına imkan verir. Beləliklə, könüllülük həm fərdi inkişaf, həm də ictimai dəyərlərin möhkəmlənməsi baxımından mühüm rol oynayır.

Könüllülüyün sosial kapitala təsiri yalnız fərdi əlaqələr və karyera imkanları ilə məhdudlaşmır. Bu fəaliyyətlər gənclərdə vətəndaş məsuliyyəti hissini gücləndirir, cəmiyyətin problemlərinə həssas yanaşma vərdişi formalaşdırır. Əldə olunan təcrübə gənclərin gələcəkdə sosial liderlərə çevrilməsinə və ictimai institutların güclənməsinə töhfə verir. Başqa sözlə, könüllülük sosial həmrəyliyin artmasına, ictimai etimadın möhkəmlənməsinə və uzunmüddətli sosial inkişafın təmin edilməsinə xidmət edir.

Tələbələrin könüllü fəaliyyətlərə qoşulması onların şəxsi inkişafına, karyera perspektivlərinə və cəmiyyətin ümumi sosial kapitalına mühüm təsir göstərir. Gənclərin könüllü fəaliyyətlərdə fəallığının artması həm sosial həmrəylik baxımından, həm də əmək bazarına daha çevik və hazırlıqlı kadrların daxil olması baxımından ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu tendensiyanın davamlı dəstəklənməsi gələcəkdə həm fərdlərin, həm də cəmiyyətin sosial resurslarının güclənməsinə xidmət edəcək.

Nuray,

Aznews.az