"Neft kəskin ucuzlaşa bilər"

Son 3 həftədə neftin hər barelinin qiymətinin 8 dollar azaldığı bəlli olur

“Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov neftin yenidən ucuzlaşmasını şərh edərkən deyib.

O, qeyd edib ki, bir müddət öncə hər bareli 73 dollara ətrafında alqı-satqı edilən Brent markalı neft indi 65 dollardan ucuzdur:

“Bununla da son 3 həftədə neftin hər barelinin qiymətinin 8 dollar azaldığı bəlli olur. Bu ay Birləşmiş Ştatların İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq “qara qızıl” dəyər itirməyə başladı. Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artacağı ilə bağlı yayılan xəbərlər və ən əsası ABŞ Prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə verilən bəyanatlar və eləcə də "twitlər"i ilə əlaqədardır. Qlobal neft təklifinin gündəlik 101.42 milyon barel olduğunu nəzərə alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub. Azərbaycanın gündəlik neft ixracatının 798 min barel olduğunu nəzərə alsaq, o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur. Bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir”.

Vüqar Bayramov bildirib ki, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır: “Bu həmçinin “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Beləliklə, neftin qiyməti məqbul hesab olunsa da belə son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Bahar RÜSTƏMLİ

AzNews.az