İctimai rezonans doğuran hadisəyə millət vəkilləri də reaksiya verib İctimai rezonans doğuran hadisəyə millət vəkilləri də reaksiya verib

Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var?

İctimai rezonans doğuran hadisəyə millət vəkilləri də reaksiya verib

Son günlər millət vəkili Rafael Cəbrayılovla bağlı yaranmış borc skandalı getdikcə böyüyür. Borca görə deputat vəsiqəsini girov qoyan R.Cəbrayılovun başqa borclarının olduğu və bu məbləğin bir neçə milyonu ötdüyü bəlli olub.

R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyması ilə gündəmə gəldi. Məlum oldu ki, deputat notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.

Buna görə də Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Rafael Cəbrayılov isə məhkəmənin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Deputatla bağlı daha bir fakt onun Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovaya 300 min dollar borc alması və bunun müqabilində ona da deputat vəsiqəsini girov qoymasıdır.

Millət vəkili Rafael Cəbrayılovun borc karvanına daha bir “qurban” qoşulub. Onun AG Bank ASC-yə ümumilikdə 2.222.232 ABŞ dolları (3.777.794 manat) və 326.848.80 min manat məbləğində kredit borcu olması da üzə çıxıb.

Hakim Ş.Nəcəfovanın sədrliyi ilə keçirilən məhkəmədə sözügedən məbləğin cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulmasına qərar verilib.

Ümumi hesabladıqda, millət vəkili Rafael Cəbrayılovun AG Bank ASC-yə 4.104.642, ayrı-ayrı şəxslərə (Təranə Fətəliyeva və Xatirə Nəcəfova) 1.020.000 manat, ümumilikdə 5.124.642 manat məbləğində borcu olduğu bəlli olur.

Göstərilən məbləğin deputat Rafael Cəbrayılovun borcunun yalnız bir hissəsini təşkil etdiyi, onun müxtəlif banklara və ayrı-ayrı şəxslərə yenə külli miqdarda borcu olduğu deyilir.

İctimai rezonans doğuran hadisəyə millət vəkilləri də reaksiya verib. Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı saytımıza açıqlamasında bildirib ki, deputat Rafael Cabrayılovla bağlı deyilənlər təsdiqlənərsə, İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat reaksiya veriləcək. (Axar.az)