Bakıda təcili yardım maşını ilə yük daşınmasına Səhiyyə Nazirliyindən AÇIQLAMA

"Yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur"

Ötən gün Bakıda təcili yardım maşını ilə tikinti matreallarının daşınması ilə bağlı informasiya vermişdik. Məsələyə Səhiyyə Nazirliyi münasibət bildirib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur:

"Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir.

Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində təcili yardım maşını ilə tikinti materialları aparıblar.

Hadisənin görüntülərini təqdim edən şəxs deyib ki, maşına sement, tikinti materialları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər.