Azərbaycanın IMF-in İcraçı Direktorlar Şurasındakı təmsilçisi bəlli oldu

Ölkədən nümayəndə 2-3 il müddətinə seçilir

Azərbaycan hökuməti Amin Muradovu ölkənin Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorlar Şurasındakı yeni nümayəndəsi təyin edib.

Hökumətdəki mənbənin "Report"a bildirdiyinə görə, A.Muradov IMF-in icraçı direktoru Pol İnderbinenin müşaviri vəzifəsini icra edəcək.

Qeyd edək ki, P.İnderbinen ötən ilin noyabrından bəri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Polşa, Serbiya, İsveçrə, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu IMF ölkələrinin “İsveçrə qrupuna” sədrlik edir.

A.Muradov bu vəzifəyə təyin olunmazdan əvvəl Azərbaycanın IMF-dəki maraqlarını Namiq Nağdəliyev təmsil edib.

A.Muradov Azərbaycan Maliyyə Nazirliyinin Makroiqtisadi təhlil şöbəsinə rəhbərlik edib.
Maliyyə Nazirliyindən "Report"a bu təyinatı təsdiqləyiblər və adətən ölkədən nümayəndənin 2-3 il müddətinə seçildiyini qeyd ediblər.

Xatırladaq ki, Azərbaycan IMF-ə 1992-ci il sentyabrın 18-də qoşulub. 1995-2005-ci illərdə IMF iqtisadi islahatlar proqramını dəstəkləmək üçün Azərbaycana 577,3 milyon dollar məbləğində kredit ayırıb. Azərbaycan fondun kreditlərini tam qaytarıb.

2005-ci ildən bəri Azərbaycan IMF-in maliyyə vəsaitlərinə müraciət etməyə ehtiyac duymayıb, buna görə 2006-cı ildən bəri IMF və Azərbaycan Fondun nizamnaməsinin IV maddəsinə və makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texnoloji yardım missiyalarına dair məsləhətləşmələr çərçivəsində əməkdaşlıq edir.

AzNews.az