“Heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur”

Layihə və öhdəliklər vaxtında icra olunur

Son günlər beynəlxalq aləmdə cərəyan edən proseslər ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğu üçün müvafiq təhlillərin aparılmasını labüd edir. Belə ki, gündəmi zəbt edən əsas məsələlərdən biri OPEK+ ölkələri arasında neft istehsalının həcminin azaldılması ilə bağlı fikir ayrılığının olmasıdır ki, bu da dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə gətirib çıxarıb”.

AzNews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O, martın 11-də Nazirlər Kabinetində keçirilmiş müşavirə barədə də danışıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarındakı cari vəziyyət təhlil edilib, onun ölkə iqtisadiyyatına olan təsirləri müzakirə olunub.

Mahir Abbaszadə bildirib ki, müzakirələr zamanı Azərbaycan hökumətinin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığı ifadə edilib.

O qeyd edib ki, Azərbaycan hökuməti baş verə biləcək neqativ tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planına malikdir.

“Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyyə balansına təsirinin proqnoz ssenariləri hazırlanıb. Zərurət yarandığı halda bu ssenarilərə adekvat olaraq, sabitləşdirici tədbirlər paketinin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda neft qiymətlərinin dövlət büdcəsinə təsirinin minimum səviyyəyə salınması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə büdcə qaydalarına müvafiq düzəlişlər edilib.

Nəticədə, dövlət büdcəsi gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun hesabına təmin olunub və cari ilin ilk iki ayında qeyri-neft sektorunun həcmi 6,7 faiz artıb. Bu artım tempi onu göstərir ki, dövlət büdcəsinin cari ildə də qeyri-neft sektorundan əldə edəcəyi gəlirlərin azalması ilə bağlı heç bir problemi yoxdur”, - deyə o əlavə edib.

Deputatın sözlərinə görə, Vergilər Nazirliyi tərəfindən nəzərdə tutulan proqnozdan 180 milyon manat çox, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 70 milyon manatdan çox, yəni ümumilikdə, 250 milyon manatdan çox vəsait dövlət büdcəsinə daxil olub.

Bundan başqa, Dövlət Neft Fondundan 2020-ci ildə büdcəyə 11 milyard 350 milyon manat pulun köçürülməsi planlaşdırılır ki, bununla bağlı da heç bir problem yoxdur.

“Ona görə ki, bu vəsait Dövlət Neft Fondunun ehtiyatlarının cəmi 15 faizini təşkil edir. Bu hal isə ARDNF-in gəlirləri olmasa belə 7 il ərzində ona bu qədər vəsaiti büdcəyə transfert etməyə imkan verir. Bu bir daha sübut edir ki, neft qiymətlərinin hansı həddə olmasından asılı olmayaraq büdcəyə transfertlər mümkündür.

Onu da qeyd etmək yerinə düşər ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda ölkə iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir. Bununla yanaşı, iqtisadiyyatımız həm də inkişaf edir və nəticədə, onun mailyyə imkanları genişlənir. Belə ki, bu gün ölkə iqtisadiyyatı 2014-cü ildə başlamış qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır və əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasına malikdir. Buna əyani sübut kimi, yanvar-fevral aylarında ÜDM-də qeyri-neft sektorunun payının 6,7 faiz, ÜDM-in isə 2,8 faiz artmasını misal göstərmək olar.

2020-ci ilin yanvarında dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil etdiyi üçün 400 milyon manat profisit yaranıb. Yanvar-fevral aylarında Mərkəzi Bankın ehtiyatları 243 milyon manat artıb, bu isə öz növbəsində neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Strateji valyuta ehtiyatlarımızın 52 milyard dollar olması ÜDM-in həcmini 8 faizdən çox üstələyir və fiskal dayanıqlılığı təmin edir”.

Mahir Abbaszadə qeyd edib ki, valyuta bazarında manatın məzənnəsinin və sabitliyin qorunması üçün bütün imkanlar var.

“Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər planı inflyasiyanın hədəf götürülmüş səviyyədə saxlanılmasını, dövlət büdcəsinin maliyyə dayanıqlığını, xərclərin optimallaşdırılmasını, səmərəli istifadəsi üzərində ciddi nəzarəti təmin edəcək.

2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə, vaxtında icra olunur. Yəni heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur”, - deputat vurğulayıb.