“Regiondakı geosiyasi dinamika Bakı üçün idarəolunandır” - Mübariz Göyüşlü

"Hesab edirəm ki, Cənubi Qafqazda baş verən hadisələr, xüsusilə son dövrlərdə müşahidə olunan geosiyasi proseslər və ümumilikdə regionda gedən dəyişikliklər müsbət məcrada davam edir. Mövcud situasiya rəsmi Bakı üçün nəzarət olunan və idarəolunan çərçivədə inkişaf edir. Bu, ilk növbədə Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası kifayət qədər peşəkar və ardıcıl xətt yürüdür. İstər Cənubi Qafqaz ölkələri ilə münasibətlərdə, istər ABŞ və digər böyük Qərb dövlətləri ilə əlaqələrdə, istərsə də Çin kimi qlobal güclərlə əməkdaşlıqda balanslaşdırılmış və məqsədyönlü siyasət müşahidə olunur. Azərbaycan müxtəlif güc mərkəzləri arasında tarazlığı qorumağı bacarır və bu münasibətlər dinamik şəkildə inkişaf edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, son dövrlərdə Azərbaycan regionda həm siyasi, həm də iqtisadi baxımdan yeni geosiyasi mərhələyə qədəm qoyub. Bakı, eyni vaxtda həm qonşu dövlətlərlə, həm də Qərb və regional güclərlə balanslı əlaqələr qurmaqla, çoxvektorlu diplomatiyanı gücləndirir. Enerji layihələri, nəqliyyat marşrutları və regional əməkdaşlıq sahələrindəki təşəbbüslər, Azərbaycanın strateji əhəmiyyətini artırır. Eyni zamanda, ABŞ, Avropa və Rusiya ilə münasibətlərdə yaranan yeni dinamikalar ölkənin xarici siyasət prioritetlərinə təsir edir.

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda regionda güc balansının formalaşmasında Azərbaycanın təsiri açıq şəkildə müşahidə olunur.

"Azərbaycan artıq proseslərin yalnız iştirakçısı deyil, həm də müəyyən mənada istiqamətverici aktorudur. Ermənistanla münasibətlər kontekstində də bu reallıq özünü göstərir. Bir sıra məsələlərdə Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə, şərtlərə və planlara uyğun şəkildə addımlar atmağa məcbur qalır. Bu isə onu göstərir ki, siyasi təşəbbüs müəyyən mənada Bakının əlindədir. Hazırkı mərhələdə vəziyyəti ümumilikdə normal qiymətləndirmək mümkündür. Hətta bəzi istiqamətlər üzrə dinamikanı və proseslərin inkişaf trayektoriyasını daha müsbət çərçivədə dəyərləndirmək olar. Regionda gərginlik potensialı tam aradan qalxmasa da, mövcud mərhələdə proseslər nəzarət olunan çərçivədədir və Azərbaycan üçün strateji baxımdan əlverişli fon formalaşıb. Əgər Azərbaycan və Ermənistan arasında münasibətlərdə hər hansı gərginləşmə baş verərsə, hazırda bunun ehtimalı yüksək görünmür, bu halda risk faktorları daha çox Ermənistan üçün aktual olacaq. Çünki mövcud geosiyasi reallıq və regional güc balansı Ermənistanın manevr imkanlarını məhdudlaşdırır. Azərbaycan isə həm siyasi, həm diplomatik, həm də regional mövqeləri baxımından daha üstün vəziyyətdədir. Mövcud geosiyasi şərait Azərbaycanın maraqları baxımından idarəolunan və ümumilikdə əlverişli çərçivədə qalmaqdadır".

Rəfiqə Namazəliyeva,

AzNews.az