“Zəhər qalmaqalı” böyüyür

Rusiya Çexiyanın ittihamlarını rədd edir

Rusiya ilə Çexiya arasında yaşanan qalmaqal koronavirus pandemiyasını arxa plana keçirib. Məsələ ondadır ki, Çexiyanın, Praqanın meri və başqa iki rəsmini zəhərləmək üçün Moskvanın casus göndərməsinə dair iddialarla çıxış etməsi iki ölkə arasında gərginliyi qızışdırıb. Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov səslənən ittihamları "qondarma” adlandırıb. Bu, iki ölkə arasında son zamanlar gərginliyi daha da artırmış "zəhər qalmaqalı” ilə bağlı Rusiyadan göstərilən ən yüksək səviyyəli reaksiya olub. Bundan əvvəl Çexiyanın "Respekt” təhqiqat jurnalı adı çəkilməyən təhlükəsizlik mənbələrinə istinadən Rusiya kəşfiyyatının zabiti olduğu düşünülən bir nəfərin diplomatik pasportla Praqaya gəldiyini yazmışdı. Jurnalın məqaləsində iddia edilirdi ki, bu şəxs Çexiyaya bir neçə rəsmini zəhərləmək üçün göndərilib. O da bildirilirdi ki, həmin şəxsin çantasından risin maddəsi tapılıb. Sergey Lavrov da deyib ki, Çexiya hakimiyyətinin, özü ilə zəhər gəzdirən birisini müəyyən etdikdən sonra ölkəyə buraxması "ağlasığmaz” hadisə olardı: "Onlar ölümcül zəhər aşkar ediblər və sonra onu ölkəyə buraxıblar? Ağlı başında olan kim belə qondarma söhbətə inanar?” 2018-ci ildə Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və onun qızının zəhərlənməsində ittiham olunmuş Moskva, zəhər barədə son iddiaları Çexiya tərəfinin "dezinformasiya kampaniyası”nın bir hissəsi adlandırıb. Kreml bildirib ki, bu cür ittihamların ikitərəfli münasibətlər üçün "ciddi nəticələri” ola bilər. Çexiyanın əks-kəşfiyyat orqanı BIS Rusiyanın Praqadakı səfirliyinə sığınan "diplomatik pasportlu casusların” ölkəyə qarşı təşkil etdikləri hədələr barədə son zamanlar dəfələrlə xəbərdarlıq edib. "Respekt” jurnalının məqaləsində deyilir ki, sözügedən şəxs hava limanından diplomatik maşınla Rusiya səfirliyinə aparılıb. Məqalədə iddia olunurdu ki, çantasında risin zəhəri olan Rusiya vətəndaşı Çexiyaya 3 həftə bundan əvvəl gəlib. Jurnal bunu da yazırdı ki, zəhər sərhəddən diplomatik protokola görə, yoxlanmadan buraxıla bilərdi. Çexiyanın baş naziri Andrey Babiş deyib ki, suveren Çexiya Respublikası "heç bir dünya gücünün” onun daxili işlərinə qarışmasına yol verməyəcək: "Əgər deyilənlər həqiqətdirsə, xarici bir dövlətin bizim vətəndaşlarımıza qarşı hərəkəti qeyri-məqbuldur”.

Bəzi xəbərlərə görə, Çexiyanın xarici işlər naziri Tomas Petriçek Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevskiyə hər hansı Çexiya rəsmilərinin "başına bir iş gələcəyi” təqdirdə bunun çox ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib. Adları "zəhər iddialarında” yer alan Çexiya rəsmilərinin üçü də Kremli qəzəbləndirən hərəkətlərə yol veriblər və ya belə hərəkətləri dəstəkləyiblər. Söhbət, ilk növbədə, bu yaxınlarda Rusiya səfirliyinin qarşısındakı meydana Putinin qatı tənqidçisi, qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun adının verilməsindən və sovet marşalı İvan Konevin Praqa meydanlarının birindəki heykəlinin demontaj olunmasından gedir. Çexiya, habelə, ölkənin rəsmi orqanları və xəstəxanalarına son kiberhücumları da Moskvanın mümkün qisası kimi qiymətləndirir. Sözügedən Praqa rəsmilərinin üçü də onlara polis mühafizəsinin verildiyini təsdiq ediblər. Onlardan biri - Praqa meri Zdenek Hrib deyib ki, ona polis mühafizəsinin verilməsi ilə bağlı təfərrüatlı şərh verməyə ixtiyarı yoxdur. Lakin Hrib təxminən bir ay bundan əvvəl demişdi ki, o, izlənildiyi ilə bağlı polisə rəsmi şikayət edib. Praqanın 6-cı rayonunun bələdiyyə başçısı Ondrej Kolar "Prima” kanalına deyib ki, sözügedən iş barədə məlumat verə bilməz. Praqanın başqa bir rayonunun bələdiyyə rəhbəri Pavel Novotnıy da detallı məlumat verməkdən boyun qaçırıb. Ondrej Kolar deyib: "Yalnız bunu deyə bilərəm ki, mənə fasiləsiz polis mühafizəsi verilib. Mühafizənin verilməsi müəyyən faktlarla bağlıdır. Bu faktlar isə bundan ibarətdir ki, məni məhv etmək üçün göndərilmiş rusiyalı var. Təkcə məni yox, Hrib və Novotnıy da”. Kolar onun rəhbərlik etdiyi paytaxt rayonunda aprelin 3-də sovet marşalı İvan Konevin heykəlinin sökülməsinə görə Kreml tərəfindən sərt tənqid olunub. Konev II Dünya Müharibəsində Çexoslovakiyanın əksər ərazilərini alman nasistlərdən azad edən qoşun birləşmələrinin komandanı idi. Heykəl postamentindən endirildikdən bir neçə gün sonra Çexiyanın Moskvadakı səfirliyinə maskalı adamların hücumu olub. Onlar səfirliyin ərazisinə tüstü qumbarası atmış, diplomatik missiyanın hasarından "Faşizmi dayandırın” plakatını asmışdılar. Heykəlin meydandan götürülməsini şərh edən Lavrov, aprelin 30-da bildirib ki, Praqa bu aktla 1993-cü il dostluq müqaviləsinin şərtlərini pozub. Nazir deyib ki, bu müqaviləyə görə, Çexiya II Dünya Müharibəsinin "rusiyalı qəhrəmanlarına” qoyulmuş abidələrin qorunması üçün öhdəlik götürüb. Kolar bundan əvvəl demişdi ki, heykəl yeni muzeyə aparılacaq. Novotnıy isə II Dünya Müharibəsində sovetlərə qarşı döyüşən rusiyalı əsgərlərə və onların komandanı general Vlasova abidə qoyulmasını təklif etməklə, Kremlin qəzəbinə səbəb olub. Rusiya general Vlasovu müharibədən sonra vətən xaini kimi güllələyib. Novotnıy "zəhər məsələsində” Kremlin əli olduğuna qəti əmin olduğunu deyib və bildirib ki, onlar belə bir hərəkəti törətməyə tam qadirdirlər.

Azər NURİYEV