Uşaqların doğulmasını araşdırmaçılar “analığa görə cəza” adlandırırlar Uşaqların doğulmasını araşdırmaçılar “analığa görə cəza” adlandırırlar

Qadınlar haqda bilinməyən 25 fakt

Uşaqların doğulmasını araşdırmaçılar “analığa görə cəza” adlandırırlar

1. Dünya əhalisinin 50,4 faizi kişi, 49,6 faizi qadındır. Yəni “dünyada qadınlar kişilərdən çoxdur” səhv bilgilərdən biridir.

2. Dünyada dəyəri ödənilməyən 75 faiz əmək (uşaqlara, yaşlı qohum-əqrəbaya qulluq, ev təsərrüfatını idarə etmək) qadınların üzərinə düşür. Əgər bu “gözə görünməyən” əmək heç olmasa minimum əmək haqqı ilə qiymətləndirilsəydi, təxminən 10 trilyon dollara bərabər olardı. Bu, dünya ÜDM-nin 13 faizi deməkdir.

3. Reklamlarda adətən gender stereotipləri dəstəklənir. Araşdırmalara görə, kişilər elektronika, yemək və maliyyə xidmətlərinin, qadınlar isə ev yığışdırma vasitələri, mebel, sağlamlıq və gözəlliklə bağlı məhsulların reklamında istifadə edilir.

4. Uşaqların doğulmasını araşdırmaçılar “analığa görə cəza”adlandırırlar. Çünki uşaq doğandan sonra qadınlar əvvəlki qrafik və səmərə ilə çalışa bilmir, nəticədə maaşları azalır, karyera qurmaq imkanları aşağı düşür. Bu, uşaq böyüyəndə belə düzəlmir. Beynəlxalq statistikaya görə hətta uşağı 20 yaşına çatarkən də ana eyni peşədə çalışan, eyni bilik və bacarığa malik kişidən 30 faiz az qazanır.

5. “Dove” şirkətinin araşdırmalarına görə qadın və qızların 90 faizi xarici görkəmindən narazılıq üzündən özlərini yemək və ya başqa nədəsə məhdudlaşdırır, nəticədə sağlıq durumunu təhlükəyə atır. Qadınların 20 faizi bildirib ki, KİV-də reklamlar, gözəllik haqda stereotiplər onlara yeməkdən zövq almağa, sevimli paltarı geyməyə və özlərini inamlı hiss etməyə mane olur.

6. Dünyada 758 milyon bisavad yaşlı insan (15 yaş və üstü) var, onların üçdə ikisi qadınlardır.

7. Dünya Səhiyyə Təşkilatının məlumatına görə dünyadakı hər 3 qadından 1-i öz partnyoru və ya başqa şəxslər tərəfindən ya döyülüb, ya da seksual zorakılığa məruz qalıb.

8. BMT-nin qadınlara qarşı hər cür diskriminasiyanı ləğv və qadağan edən konvensiyası yalnız 1979-cu ildə qəbul olunub.

9. Bəlkə inanmazsınız, ancaq İsveçrə qadınlara səsvermə hüququnu yalnız 1971-ci ildə tanıyıb. Avropada qadınların seçkilərdə iştirakına icazə verən axırıncı dövlət isə Lixtenşteyn-dir. Orada bu qanun ancaq 1984-cü il referendumunda təsdiqlənib. Həmin referendum da asan baş tutmayıb: iştirakçıların cəmi 51 faizi qadınların bu hüququnu tanıyıb.

10. Yol-avtomobil qəzaları zamanı qadınların ağır xəsarət almaq ehtimalı kişilərə nisbətən 47 faiz çoxdur, çünki kraş-testlər (avtomobilin satış öncəsi qəza test yoxlanışları) üçün standart maneken boyu 177 sm, 76 kq-lıq kişi manekenidir.

11. Dünyada şirkətlərin direktorlar şurası üzvləri arasında cəmi 20,6 faiz qadın var.

12. BMT-nin rəqəmlərinə görə, dünyada hər üç qadından biri təhlükəsiz tualet tapmaq imkanında deyil. VaterAid təşkilatının hesablamalarına görə, dünya qadın və qızları hər il təbii ehtiyaclarını ödəmək üçün təhlükəsiz yer axtarışına 97 milyard saat sərf edirlər.

13. Nobel ödülünün tarixi böyunca 962 nəfər laureat olub. Bunlardan cəmi 57 nəfəri, yəni 5,9 faizi qadındır.

14. Dünya İqtisadi Forumunun hesablamalarına görə, indiki inkişaf templəriylə davam eləsək, dünyada gender bərabərliyinə yalnız 99,5 il sonra çatılacaq. Qadınların iştirakı üçün ən problemli sahələr isə iqtisadiyyat və siyasət olacaq.

15. 2018-ci ilin 100 ən gəlirli filmində qadınlar personajların yalnız 33,1 faizini oynayıblar. 2007-ci ildə bu rəqəm 29,9 faiz olub.

16. 2017-ci ildə dünyada 87 min qadın femisid (yalnız qadın olmasına görə qətl edilmək) qurbanına çevrilib. Bu cinayətlərin yarısında qurbanın ya əri, ya da başqa ailə üzvü iştirak edib.

17. ABŞ-da ailələrdə oğlan uşaqlarına verilən cib xərcliyi qızlara veriləndən 2 dəfə çox imiş.

18. ABŞ-da prezidentliyə ilk qadın namizəd Viktoriya Vudhall olub. 1872-ci ildəki seçkidə o 1 səs belə ala bilməyib.

19. Dünyada məişət, ev zorakılığına məruz qalan qadınların cəmi 40 faizi yardım üçün üz tutur. Onların da çoxu bu yardımı ailə içində və dost-tanışda arayır, yalnız 10 faizi polisə müraciət edir.

20. Qadınların əli kişilərin əlindən orta hesabla qısadır. Bir tədqiqata görə bu, fortepiano ifaçısı olan qadınların 87 faizinə əngəl törədir, çünki aləti kişi pəncəsinə uyğun istehsal edirlər.

Roberta Gibb

21. Boston marafonunu sonacan qaçan ilk qadın Roberta Gibb olub. O bunu 1966-cı ildə etsə də, medalını yalnız 30 il sonra, 1996-cı ildə əldə edib. Çünki 1966-da qadınların bu marafonda iştirakına rəsmi icazə verilmirdi.

22. Britaniyada kuklaların 86 faizi qızlara, oyuncaq avtomobillərinsə 90 faizi oğlanlara hədiyyə edilir.

23. Azərbaycan parlamentində deputatların yalnız 17 faizi qadınlardır.

24. Dünyada ən böyük gender disbalansı olan dövlət Birləşmiş Ərəb Əmirliyidir. Orada hər 219 kişiyə cəmi 100 qadın düşür.

25. Azərbaycanda 66 rayon, 11 respublika tabeliyində şəhər və 14 şəhər rayonu var. Bunlardan yalnız 1-nə qadın rəhbərlik edir.