“Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sabitliyin təminatçılarıdır” - Azər Həsrət

“Təəssüf ki, qonşu Gürcüstanın ərazilərinin bir hissəsi bu gün də Rusiyanın işğalı altındadır. Bu amil ölkənin regional əməkdaşlıq formatlarında tam şəkildə iştirakını ciddi şəkildə məhdudlaşdırır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan bir müddət əvvəl “3+3” əməkdaşlıq formatı təşəbbüsünü irəli sürmüşdü. Bu format Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, regionun üç qonşu ölkəsini – Türkiyə, İran və Rusiyanı bir araya gətirməyi hədəfləyir. Məqsəd bölgədə sabitlik, etimad və iqtisadi inteqrasiya üçün yeni platforma formalaşdırmaq idi. Lakin bu format çərçivəsində keçirilən bir neçə görüşdə Gürcüstan iştirak etməyib. Bunun əsas səbəbi Rusiyanın hələ də Gürcüstan torpaqlarının bir hissəsini – Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlamasıdır. Rusiya ilə münasibətlərin gərginliyi Tbilisini bu platformalardan kənarda qalmağa məcbur edib. Bu, həm siyasi, həm də psixoloji baxımdan tamamilə təbiidir. Çünki bir ölkə torpaqlarının işğalçısı ilə eyni masa arxasında əyləşməkdə tərəddüd edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 oktyabr 2025-ci il tarixində Səmərqənddə səfərdə olarkən Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, regionda sülh və sabitliyin təminində birgə səylərin vacibliyini vurğulayıblar.

Siyasi şərhçi bildirib ki, Gürcüstanın mövcud durumu Azərbaycan və Ermənistanla müqayisədə fərqli xarakter daşıyır.

"Azərbaycan işğal olunmuş ərazilərini 44 günlük müharibə nəticəsində azad edərək, öz suverenliyini bərpa edib. Ermənistan isə hələ də revanşist düşüncələrdən tam imtina etməsə də, regionda yeni reallığı qəbul etməyə məcbur qalıb. Gürcüstan isə bu proseslərin fonunda həm Qərbə inteqrasiya etmək, həm də Rusiya ilə açıq qarşıdurmadan yayınmaq dilemması ilə üz-üzədir. Bu səbəbdən Tbilisi çox vaxt balanslı və ehtiyatlı siyasət yürütməyə üstünlük verir. Gürcüstan Qərblə münasibətlərini dərinləşdirmək istəyir, lakin torpaqlarının işğal altında olması bu prosesi ləngidir. Digər tərəfdən, Rusiya ilə münasibətləri kəskinləşdirməmək üçün Tbilisi müəyyən dərəcədə kompromislərə getməyə məcbur qalır. Belə bir vəziyyətdə Azərbaycan Gürcüstan üçün həm siyasi, həm də strateji baxımdan nümunə rolunu oynayır. Azərbaycan müstəqil siyasət yürütməklə yanaşı, regional sabitliyin təminatçısı kimi çıxış edir. Ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi, enerji və nəqliyyat layihələri sahəsində regional liderə çevrilməsi Gürcüstan üçün real təcrübə və ilham mənbəyidir. Buna görə də istər keçmiş, istərsə də indiki Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Gürcüstanda istər iqtidar, istərsə də müxalifət dairələri Azərbaycanı etibarlı və strateji tərəfdaş kimi qəbul edir. Bu münasibətlərin kökündə həm tarixi dostluq, həm mədəni yaxınlıq, həm də enerji və iqtisadi əməkdaşlıq dayanır. Gürcüstanın enerji təhlükəsizliyi demək olar ki, tam şəkildə Azərbaycandan asılıdır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Bakı–Tbilisi–Qars kimi layihələr Gürcüstan üçün iqtisadi sabitliyin əsas dayaqları sayılır. Azərbaycan isə heç vaxt bu asılılıqdan təzyiq vasitəsi kimi istifadə etməyib. Əksinə, Bakı həmişə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. Bu da iki ölkə arasında inam və sabitliyin əsasını təşkil edir. Məhz bu səbəbdən Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Səmərqənddə keçirilən görüşü tamamilə təbii və zəruri addım idi. Bu görüş təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, həm də regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində xüsusi əhəmiyyət daşıyır. Görüş, əslində, Cənubi Qafqazda yeni reallıqlar fonunda Bakı–Tbilisi xəttinin möhkəmlənməsi və 3+3 formatında tarazlıq siyasətinin davamı kimi dəyərləndirilə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az