Qordon Birrell: “Qarabağ yatağından ilk neftin 2029-cu ildə hasil olunacağı gözlənilir”

“Qarabağ” yatağından ilk neftin 2029-cu ildə hasil olunacağı planlaşdırılır.

Bu barədə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakı Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Biz 2029-cu ildə ilk nefti əldə etməyi hədəfləyirik. Bu, böyük neft yatağı üçün nisbətən sürətli işlənmə müddətidir. Bu günə olan konsepsiya xidmət olunmayan (daimi personalı olmayan) platformadır. Yəni platforma texnoloji qurğulara malik olsa da, hər şey məsafədən idarə olunacaq. Şelfdə çox az insan olacaq, ümumiyyətlə heç olmaması da mümkündür. Bu, üst quruluşu (göyərtəsi) və bəzi qurğuları olan yüngül, kompakt platformadır.

Daha sonra neft və qaz “Azəri-Çıraq-Günəşli” blokunun infrastrukturuna nəql ediləcək ki, bu da layihəni nisbətən səmərəli və aşağı xərcli edir", - o qeyd edib.

Q.Birrell qeyd edib ki, yeni platformanın Azərbaycanda inşa ediləcəyi gözlənilir.

"Onun mövcud ACG infrastrukturu ilə inteqrasiyası layihəni çox səmərəli edəcək", - o bildirib.

Şirkətin vitse-prezidenti həmçinin xatırladıb ki, "Qarabağ bir neçə il əvvəl edilmiş neft kəşfidir".

Xatırladaq ki, BP bu gün Bakı Enerji Həftəsi çərçivəsində Dövlət Neft Şirkəti ilə iki layihədə iştirak payının əldə edilməsi haqqında sazişlər imzalayıb.

Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağı, ikinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliyində yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” (ADUA) sahəsidir.

BP bu layihələrin hər birində SOCAR-dan 35 % pay əldə edib. Layihələrdə qalan 65 % iştirak payını Dövlət Neft Şirkəti özündə saxlayıb.

BP hər iki layihə üzrə operator olacaq. (report)

AzNews.az