"‘Baltops 2025’ və Kreml Ritorikası: Təhdidlər Gerçəkdirmi?"

“Bu kimi bəyanatlar daha əvvəl də səsləndirilib və əsasən informasiya və psixoloji müharibənin bir hissəsi kimi qiymətləndirilə bilər. Rusiya bu mesajlarla göstərmək istəyir ki, yalnız Ukrayna ilə deyil, ehtiyac yaranarsa, NATO ilə də müharibəyə hazırdır və resursları tükənməyib. Bu çıxışlar eyni zamanda ictimaiyyətə və ABŞ-a ünvanlanmış ola bilər. Məqsəd onlara göstərməkdir ki, Rusiya mümkün mənfi ssenarilərə hazırdır. Lakin əslində Rusiyanın NATO ilə birbaşa müharibəyə girəcəyi ehtimal olunmur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Rusiya ilə Qərb arasındakı gərginlik artırıqca, Kreml yenidən sərt açıqlamalarla gündəmə gəlib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun Baltikyanı ölkələrdə keçirilən “Baltops 2025” hərbi təlimlərini tənqid edərək bildirib ki, Şimali Atlantika Alyansı Rusiyaya qarşı hərbi toqquşmaya hazırlaşır.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya ordusunun gücü azalır və NATO ilə qarşıdurma təkcə bir ölkə ilə yox, bütöv bir hərbi ittifaqla müharibə anlamına gəlir.

“Rusiya hazırda buna nə hərbi, nə də siyasi baxımdan hazır görünmür. Əgər Rusiya belə bir qarşıdurmaya doğrudan da hazır olsaydı, indiyədək hansısa NATO ölkəsinə qarşı konkret hərbi addım atardı. Amma belə bir hal baş verməyib. Hazırkı vəziyyətdə isə Rusiya müəyyən üstünlüklərə sahibdir: bəzi ərazilərə nəzarət edir və Qərb ölkələri arasında fikir ayrılıqları onun maraqlarına uyğundur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az