Əmlak hüquqlarının rəsmiləşməsində yeni qaydalar - ŞƏRH

Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, Azərbaycanda məhkəmə qərarlarının icrası nəticəsində əmlakın tələbkara verilməsi qaydası daha da sadələşdiriləcək. Yeni dəyişikliyə görə, icra sənədlərinin məcburi icrası zamanı daşınmaz əmlakı və rəsmi reyestrdə hüquqları qeydiyyata alınan daşınar əmlakı tələbkarın əldə etməsi, onun yazılı müraciəti əsasında notarius tərəfindən şəhadətnamənin verilməsi ilə rəsmiləşəcək. Bu proses icra məmuru və tələbkar tərəfindən imzalanan və elektron sistem vasitəsilə notariata təqdim edilən protokol əsasında həyata keçiriləcək.

Aznews.az şərh edir ki, təklif olunan yenilik icra prosesində hüquqi aydınlıq və operativliyi təmin etməklə yanaşı, vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının qorunmasında mühüm rol oynayacaq. Bu dəyişikliklə əmlak üzərində hüquqların rəsmiləşdirilməsi daha sürətli və şəffaf olacaq, icra proseslərindəki bürokratik maneələr minimuma enəcək. Beləliklə, məhkəmə qərarlarının icrası nəticəsində əmlak əldə etmək hüququ qazanan şəxslər, həmin əmlak üzərində hüquqlarını daha sadə və operativ şəkildə rəsmiləşdirə biləcəklər.

Eyni zamanda, yeni qayda ilə elektron icra və elektron notariat informasiya sistemlərinin effektiv əlaqələndirilməsi məhkəmə qərarlarının icrası sahəsində rəqəmsal idarəetməni gücləndirəcək, proseslərdə insan faktorundan irəli gələn səhvlərin və gecikmələrin azalmasına səbəb olacaq. Bu isə, ümumilikdə, Azərbaycanda hüquqi proseslərdə şəffaflığın və hüquqi təhlükəsizliyin artırılmasına xidmət edəcək.

Qanun layihəsinin qəbulundan sonra daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün şəhadətnamənin əsas sənəd kimi qəbul edilməsi də əmlak münasibətlərində hüquqi təhlükəsizliyi möhkəmləndirəcək. Həmçinin bu addım, icra mexanizminin təkmilləşdirilməsi və icra qərarlarının daha sürətlə və effektiv şəkildə həyata keçirilməsi üçün praktiki əsas yaradır.

Beləliklə, təklif edilən dəyişikliklər ölkədə icra proseslərinin səmərəliliyinin və operativliyinin yüksəldilməsinə, vətəndaşların və hüquqi şəxslərin məhkəmə qərarlarının icrası ilə bağlı hüquqlarının daha yaxşı müdafiəsinə və əmlak münasibətlərinin şəffaflaşdırılmasına töhfə verəcək.

Nuray,
Aznews.az