Hesablama Palatası: Qeyri-maliyyə məlumatları məhdud təqdim olunub

Azərbaycan dövlət büdcəsində qeyri-maliyyə məlumatlarının məhdud təqdim olunması, "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunma imkanlarının tam qiymətləndirilməsini məhdudlaşdırıb.

Aznews.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə qeyd olunur.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsi layihəsi ilə birgə təqdim olunmuş İzahata görə, "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası 2026-cı il büdcə layihəsində diqqət mərkəzində saxlanılıb. "Büdcə zərfi"ndə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və Strategiyanın icrası üçün maliyyə təminatının yaradılmasının ortamüddətli büdcə dövrü üçün aktuallığını qoruduğu vurğulanıb.

Qanun layihəsi ilə birlikdə təqdim olunan "2026-cı il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar"a dair məlumatda "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə tədbirlərin maliyyə təminatına 620,2 milyon manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 1 milyard 838,5 milyon manat və ya 4 dəfə azdır.

Eyni zamanda, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə 3 milyard 500 milyon manat vəsaitin proqnozlaşdırıldığı qeyd edilib. Beləliklə, proqramlılıq siyahısına əsasən, Strategiya və Böyük Qayıdış tədbirlərinin maliyyələşdirilməsi üçün ümumilikdə 4 milyard 120,2 milyon manat nəzərdə tutulub.

Dövlət büdcəsinin xərclərinin təsnifatları üzrə əlavələrdə Strategiya üçün ayrılan 620,2 milyon manatın bölgüsü əsasən "Təhsil" və "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət" bölmələri üzrə əksini tapıb.

Rəyə əsasən, Strategiyaya ayrılmış vəsaitin təxminən 78,2%-i "Təhsil", 1,4%-i isə "Mədəniyyət və gənclər siyasəti" istiqamətlərinə yönəldilib.