- İşin içi
- 16:19
- 1 723
Özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfəri keçəcək
2017-ci ildən 2026-cı ilin sonuna qədər özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq.
Aznews.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, gələn il İşsizlikdən sığorta fondunun (İSF) xərclərinin 77 milyon manatı və yaxud 28,9 %-i özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək: "2026-cı ildə Fondun hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq, 7 min nəfər) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur".
Deputat qeyd edib ki, İSF-nin 2026-cı il büdcə xərclərinin 26 milyon manatı və yaxud 9,8 %-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək: "Bu pul 17 500 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığına cəlb olunmasına imkan verəcək. Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır. Növbəti il üçün Dövlət Məşğulluq Agentliyinin aparatının və yerli qurumlarının, DOST agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriyanın və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və yerli qurumlarının saxlanılması və işinin təşkil edilməsi xərcləri üçün müvafiq olaraq 58,7 milyon manat, 50 milyon manat, 5 molyon manat və 5 milyon manat vəsait ayrılması planlaşdırılır".
Deputat vurğulayıb ki, "İşsizlikdən Sığorta Fondunun" büdcə layihəsi 2026-cı ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.