- Siyasi müzakirə
- 21:20
- 1 198
“Regionda sabitliyin qorunması üçün planlı və məqsədəuyğun addımlar vacibdir” - Mübariz Göyüşlü
“Bu hadisə region üçün ciddi strateji əhəmiyyət kəsb edir və həm Azərbaycan, həm də qonşu ölkələr üçün ciddi təsir doğura bilər. Ukraynada müharibənin davam etdiyi bir şəraitdə Rusiya Kiyevdəki səfirliklərin dəqiq yerini yaxşı bilir və buna baxmayaraq bu cür hücumların həyata keçirilməsi təsadüfi deyil. Bu, həm Azərbaycanın, həm də Ukraynanın diplomatik, humanitar və siyasi fəaliyyətinə təzyiq göstərmək məqsədi daşıya bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, Rusiyanın son addımları regionda diqqət mərkəzindədir. Xüsusilə Ukraynadakı vəziyyət və Kiyevdəki Azərbaycan səfirliyinə edilən hücum həm ölkəmiz, həm də qonşu dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev səfirliyin növbəti dəfə raket zərbəsinə məruz qalmasını qətiyyətlə pisləyib. Dövlət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ciddi narahatlığını ifadə edib və beynəlxalq hüquq normalarına əsasən diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu vurğulayıb. Eyni zamanda, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılaraq kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim olunub. Hücum 14 noyabr gecə saat 01:00 radələrində həyata keçirilib; raket və dron zərbələri nəticəsində İsgəndər tipli raketlərdən biri səfirliyin ərazisinə düşüb.
Siyasi şərhçi qeyd edib ki, bu addımlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər.
"Hazırda normallaşma mərhələsində olan iki ölkə arasındakı dialoq və əməkdaşlıq prosesləri risk altında qala bilər. Eyni zamanda, belə hərəkətlər regionda siyasi və diplomatik gərginliyi artırmaqla yanaşı, Rusiya üçün də müəyyən daxili və strateji problemlər yarada bilər. Müxtəlif qrupların və maraqlı tərəflərin reaksiyaları, həmçinin beynəlxalq ictimaiyyətin mövqeyi də bu kontekstdə əhəmiyyətli rol oynayır. Buna baxmayaraq, mövcud vəziyyətin daha da dərinləşəcəyini gözləmək üçün əsas yoxdur. Lakin Rusiyanın atdığı addımları ciddi şəkildə qiymətləndirməsi, hərbi, diplomatik və siyasi qərarlarını planlı və məqsədəuyğun şəkildə həyata keçirməsi vacibdir. Bu, yalnız regional sabitliyi qorumaqla qalmayıb, həm də gələcəkdə oxşar gərginliklərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır".
Rəfiqə Namazəliyeva,
AzNews.az