- Siyasi müzakirə
- 18:00
- 1 866
“Ukraynanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” -Əli Mustafayev
“Ukrayna ətrafında baş verən proseslər heç də sadə geosiyasi hadisələr deyil. Müharibənin artıq qlobal təhlükəsizlik sisteminə birbaşa təsir göstərdiyi bir mərhələdə ABŞ-ın hazırladığı 28 maddəlik sülh sənədi diqqət mərkəzinə çıxıb. Bu sənədlə bağlı müəyyən müddəalar ictimailəşsə də, hələ də bir sıra məqamlar qapalı qalır və prosesin tam konturları tam olaraq açıq şəkildə təqdim edilməyib. Bununla belə, açıqlanan hissələr əsasında sənədin ümumi ruhu haqqında müəyyən təsəvvür formalaşır. Məlumatlara görə, layihədə Donbas bölgəsinin Rusiyanın nəzarətinə verilməsi, Krımın faktiki olaraq Rusiyanın tərkibində saxlanılması və digər işğal olunmuş ərazilərin Ukraynaya qaytarılması məsələsi yer alır. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması, rus dilinə müəyyən statusun verilməsi kimi müddəalar da sənəddə əks olunub. Bu detallar göstərir ki, sənədin böyük hissəsi Rusiyanın uzun illərdir Kiyevə qarşı irəli sürdüyü ənənəvi şərtlər üzərində qurulub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Ukrayna ətrafında davam edən gərginlik artıq qlobal təhlükəsizliyin əsas mövzularından birinə çevrilib. Böyük güclərin maraqları prosesin gedişinə birbaşa təsir edir. Hazırda diqqət mərkəzində ABŞ tərəfindən hazırlanmış Ukrayna üzrə sülh planı dayanır. Bu gün Avropa İttifaqının xarici işlər nazirləri həmin sənədi müzakirə edəcəklər. Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa ədalətli sülhün tərəfdarıdır və bu məqsədə xidmət edən bütün təşəbbüsləri dəstəkləyir. Onun sözlərinə görə, istənilən planın uğurlu olması üçün həm Ukraynanın, həm də Avropanın prosesdə fəal iştirakı vacibdir. Bütün bunlar göstərir ki, aparılan müzakirələrin nəticələri yalnız region üçün deyil, eyni zamanda bütövlükdə Avropanın gələcək təhlükəsizlik arxitekturası üçün həlledici əhəmiyyət daşıyır.
Siyasi şərhçi qeyd edib ki, məhz bu səbəbdən bir çox beynəlxalq ekspertlər sənədi “kapitulyasiyaya bərabər addım” və ya Ukraynanın ərazi bütövlüyünə zidd təşəbbüs kimi dəyərləndirirlər.
"Onların fikrincə, sənəd daha çox mövcud vəziyyəti qanuniləşdirməyə, Rusiyanın əldə etdiyi faktiki nəzarəti rəsmiləşdirməyə xidmət edir. Rusiya tərəfinin bu sənədə reaksiyası hələlik tam aydın deyil. Ola bilər ki, Moskva üçün sənədin müəyyən müddəaları qəbuledilən olsun, lakin bu da Rusiyanın tam razılığı anlamına gəlmir. Ukrayna tərəfinin mövqeyi isə daha sərtdir. Donbasın və digər ərazilərin verilməsi nə hüquqi baxımdan mümkündür, nə də Ukrayna cəmiyyətində belə bir qərar üçün sosial-siyasi konsensus mövcuddur. Konstitusiyaya görə, ölkənin ərazi bütövlüyünün dəyişdirilməsi prezidentin səlahiyyəti xaricindədir və heç bir dövlət başçısı belə qərarı təkbaşına qəbul edə bilməz. Bütün bunlarla yanaşı, Avropa İttifaqı, NATO və regiondakı bir sıra digər böyük güclər də bu sənədi müzakirə edir. ABŞ rəsmilərinin son günlərdə Türkiyəyə səfər etməsi də ehtimal ki, məhz bu proses çərçivəsində koordinasiya məqsədi daşıyır. Regional güclərin fəallığı göstərir ki, münaqişənin gələcək taleyi təkcə Kiyev və Moskvanın deyil, həm də Avropa təhlükəsizlik arxitekturasının gələcəyini müəyyənləşdirəcək. Bu səbəbdən mən hesab edirəm ki, hazırkı mərhələdə Amerikanın təklif etdiyi bu sülh sənədinin qəbul edilməsi real görünmür. Ukrayna rəhbərliyi və ictimaiyyəti belə şərtlərlə razılaşmayacaq, Rusiya isə əks-tələblərdən geri çəkilməyə hazır görünmür. Yaxın perspektivdə tərəflər arasında hərtərəfli razılaşmanın əldə olunması çətin görünür və diplomatik proses hələ uzun müddət davam edə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az