BP AÇG-də texniki məhdudiyyətlər səbəbindən hasilatın azalmasına dair xəbərdarlıq edir

Gələn il BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında qum təzahürü ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik təxminən 8 min barel neft itkisi gözləyir.

Aznews.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən "Xəzər Texniki Konfransı SPE-2025"də bildirib.

Onun sözlərinə görə, AÇG-də sabit hasilatı təmin etmək, eləcə də Avropaya və digər bazarlara ixrac tədarüklərini qorumaq üçün müasir texnologiyalar və innovasiyalar lazımdır.

"Texnologiyalara tələbat çox yüksəkdir. Bu yaxınlarda BP-nin texnologiya istiqaməti üzrə rəhbəri Bakıya səfər edib. Biz ona "Səngəçal" terminalında və dənizdəki əsas çağırışlarımızı göstərdik. Bizə daha uzun üfüqi quyular lazımdır və biz hələ ki onların optimal şəkildə necə qazıla biləcəyini tam başa düşmürük. Qum isə ciddi problemdir. Gələn il məhz qumun idarə edilməsi ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik 8 min barel həcmində itki proqnozlaşdırırıq", - C.Kristofoli qeyd edib.

AzNews.az