- İşin içi
- 15:38
- 1 329
Ötən il "Azəralüminium"un ixrac gəlirləri 12 %-ə yaxın artıb
2025-ci ildə "Azəralüminium" MMC 151,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Aznews.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar ayında bildirilir.
Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə 15,7 milyon ABŞ dolları və yaxud 11,6 % çoxdur.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azəralüminium" əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.
Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 54 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. "Azəralüminium"un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.