Azərbaycandan çirkli pulları Avropaya daşıyan bank bağlandı

Avropanın Mərkəzi Bankı maliyyə və kapital bazarları Komissiyasının müraciəti əsasında Latviyanın “Trasta komercbanka” bankının lisenziyasını ləğv edib.



Latviya KİV-ləri xəbər verir ki, buna səbəb bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilir. Bankın lisenziyasının alınması barədə qərar Latviya vaxtı ilə dünən saat 24.00-dan qüvvəyə minib.

Bankın idarə heyətinin sədri Qundars Qrieze deyib ki, Avropa Mərkəzi Bankının qərarından məhkəməyə şikayət verəcəklər. Latviyanın baş naziri Maris Kuçunskis isə deyib ki, bankın lisenziyasının alınması ölkənin bank sisteminə ciddi təsir etməyəcək. Çünki "Trasta komercbanka" ölkənin 13-cü ən iri bankıdır və maliyyə bazarlarında payı elə də böyük deyil.

"Trasta komercbanka"nın lisenziyasının ləğv edilməsi ona görə xüsusi maraq doğurur ki, bu bankın Azərbaycanda da filialı var. Özü də adı çirkli pulların yuyulmasında və dələduzluqda hallanır.

Bir neçə il əvvəl "Trasta Komercbanka" Azərbaycanda "TKB Leasing" Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib və ölkənin maliyyə bazarına daxil olub. Bank sektorundakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu törəmə şirkətin əsas funksiyası Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, "kağız üzərində"ki şirkətlərdən istifadə olunub. Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə "komission" kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.

Saytında göstərilən məlumatlara əsasən "TKB Leasing" Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətlərlə məşğuldur. "TKB Leasing"-in rəhbəri və "Trasta Komercbanka"-nın Azərbaycan nümayəndəsi Bayəli Mürsəlov təyin edilib.

2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Latviyada qeydiyyatdan keçmiş "Trasta Komercbanka" Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Bakı sakinindən daxil olmuş şikayət əsasında başlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, B.Mürsəlov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. Bu cinayət işinə dair istintaqın nəticələri barədə məlumat yoxdur.

Bu bankın adı təkcə Azərbaycanda çirkli pulların leqallaşdırılmasına qarışmayıb. Korrupsiya və mütəşəkkil cinayətkarlıq üzrə jurnalist araşdırmaları Mərkəzi OCCRP-nin 2014-cü il avqustun 24-də dərc etdiyi məlumatda deyilir ki, "Trasta Komercbanka" Rusiyadan milyardlarla dolların çıxarılması və leqallaşdırılması üzrə nəhəng sxemin marşrutunda son nöqtədir. OCCRP bankın Rusiyadan çirkli pulların çıxarılmasında və leqallaşdırılmasında əsas vasitəçi olduğunu təsdiq edən bank sənədlərini əldə etdiyini bildirmişdi.

Həmin sənədlər OCCRP-nin çirkli pulların yuyulması ilə mübarizə Departamentinin jurnalistləri tərəfindən araşdırılmaqdadır. Sənədlərə əsasən bu fırıldaq sxeminin hər epizodunda eyni sxemdən istifadə edilib. Əvvəlcə offşor strukturlara bağlı olan iki Britaniya şirkəti saxta borc müqaviləsi bağlayıb. Dələduzluq sxeminin sonrakı mərhələsi isə bu cür olub:

Borc götürən şirkət özünü defolt elan edib və onun borcu Moldova vətəndaşının adına olan, Rusiyada qeydiyyatdan keçmiş, borca görə zamin duran şirkətlərə keçib.Moldova məhkəməsi borc tələbinin "qanuniliyini" t əsdiq edən qərar çıxarıb və borcu zamin şirkətin adına yazıb. Sonda Rusiyadan kapital "Trasta Komercbank"ın hesabına köçürülüb və beləliklə leqal status alıb, daha sonra digər Avropa İttifaqı ölkələrinin banklarına köçürülüb. Həmin pullara daşınmaz əmlak alınıb, yaxud depozit şəklində Avropa banklarında saxlanılıb.

"Trasta Komercbank" Latviyanın müstəqilliyini əldə etməsinin ilk illərində yaradılıb. Əvvəlcə "Bank Riga" kimi fəaliyyət göstərib, sonradan rebrendinq edib. Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələrdə filiallarını açıb. Rusiyada əvvəlcə müxtəlif korporativ bank xidmətləri göstərib və kreditlər verib. Lakin 1998-ci ildəki defoltdan sonra bank fəaliyyət istiqamətini dəyişərək VİP-müştərilərə xidmət göstərib.

"Trasta Komercbanka" adı "Maqnitski işi"ində çəkilən 6 Latviya bankından biridir. OCCRP bankın yer aldığı şübhəli sxemlərlə bağlı sorğular göndərib. Lakin bank bu sorğulara cavab verməkdən imtina edib. Latviya hakimiyyəti də bu banka qarşı hər hansı irad irəli sürməyib. Baxmayaraq ki, OCCRP bankın adının daha əvvəl də müxtəlif qanunsuz fəaliyyətlərə qarışdığına, cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılmasında iştirak etdiyinə dair məlumatların olduğunu xatırladır.

Virtualaz.org