İslam İnkişaf Bankı Azərbaycana kredit ayırıb - 1 mlrd. dollar

Bu gün Bakıda Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Konfrans öz işinə başlayıb.


"APA-Economics"in məlumatına görə, beynəlxalq konfransı giriş sözü ilə açan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan İslam ölkələri ilə yüksək səviyyədə əməkdaşlıq edir.

Nazir bildirib ki, İslam ölkələri uzun illərdir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı mövqeyini dəstəkləyir.

Ş. Mustafayev konfrans iştirakçılarını Bakıda gələn il keçiriləcək İslam Həmrəyliyi Olimpiadasına dəvət edib.

Onun sözlərinə görə, Azərbaycan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir: "İslam İnkişaf Bankı Azərbaycana 1 mlrd. dollar güzəştli şərtlərlə kredit ayırıb. Bu vəsait 18 layihənin icrasına yönəlib və 14 layihə artıq yekunlaşıb".

Nazir qeyd edib ki, ölkəmiz Özəl Sektorun İnkişaf İslam Korporasiyası ilə də sıx əməkdaşlıq edir. Korporasiya ölkəmizə 14 layihənin icrası üçün 130 mln. dollar ayırıb. Ş. Mustafayev Azərbaycana investisiya yatırılması üçün bütün imkanların olduğunu vurğulayıb və ölkəmizin potensialı barədə geniş məlumat verib.

O bildirib ki, son illər dünya bazarlarında neftin qiymətinin kəskin azalması neft istehsalçısı olan Azərbaycana da öz təsirini göstərib.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi isə bildirib ki, İCD Azərbaycanın qeyri-neft sektoruna gələcəkdə də öz töhfəsini verəcək: "Biz yerli bankların xətti ilə 16 Azərbaycan şirkətinə yardım göstərmişik. Azərbaycanın tranzit potensialını artırmaq üçün səylərimizi əsirgəməyəcəyik. Ölkədə yeni iş yerlərinin açılması və makro-iqtisadi göstəricilərin təmin etmək üçün maraq göstəririk".

Baş icraçı direktor qeyd edib ki, İDC öz təcrübəsi ilə bütün ölkələrlə, həmçinin Azərbaycanla bölüşməyə hazırdır: "2020-ci ildə qədər bizim korporasiyanın aktivləri 3,5 trln. dollara çatacaq. Bu vəsaitlərlə digər İslam ölkələrinə də dəstək verəcəyik. Biz bu cür tədbirlərin keçirilməsində maraqlıyıq. İnanırıq ki, İDC Azərbaycanda yerli tərəfdaşlarımızın sayının artmasına nail olacağıq. Eyni zamanda, bu ölkə ilə müştərək şirkətlərin və müəssisələrin yaradılmasında maraqlıyıq. Son illər Azərbaycanda gedən inkişaf bizdə bu marağı yaradıb".

Sonda Bakı Beynəlxalq Ticarət Limanı və İCD arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Bakı Beynəlxalq Ticarət Limanın baş direktoru Taleh Ziyadov və İCD-nin baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi imzalayıblar.

Qeyd edək ki, beynəlxalq konfransda 24 ölkədən 200-ə yaxın sahibkar iştirak edir.

AzNews.az