"Ermənistanın danışıqlar prosesini pozması Qarabağ münaqişəsinin həllinə imkan verməyib"

Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmiz üçün ən böyük təhlükə olaraq qalıb.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və Azərbaycan ərazilərinin işğalını davam etdirməsi ölkəmizin təhlükəsizliyi üçün ən başlıca təhdid olaraq qalır:

"2017-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, regionda təhlükəsizliyin təmin edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, beynəlxaq əsasda çoxtərəfli siyasətin davam etdirilməsi, humanitar və mədəni siyasət kursunun həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının qorunması və digər istiqamətlərdə xarici siyasət davam edib".

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, erməni lobbisinin və onlara himayədarlıq edən dairələrin beynəlxaq aləmdə Azərbaycana qarşı dezinformasiya siyasətinə qarşı iş aparılıb.

XİN rəsmisi bildirib ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət ilə birlikdə həyata keçirdiyi ardıcıl tədbirlər və siyasi-diplomatik təzyiqlər nəticəsində Ermənistanın danışıqları pozmaq, danışıqlara qeyd-şərt qoymaq cəhdlərinin qarşısı alınıb və Ermənistan danışıqlar masasına qayıtmağa vadar edilib:

"Ermənistanın danışıqlar prosesini pozması, status-kvonun davam etdirilməsi cəhdi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyib".

H.Hacıyev vurğulayıb ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimdə qanunsuz referendum keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın ərazi bütövlüyünə hörmət nümayiş etdirilib.

O əlavə edib ki, il ərzində Ermənistan tərəfi yenə də hərbi təxribatlara əl ataraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirib: "Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qəsdən hədəfə alması və bir neçə mülki vətəndaşımızı qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti pislənilib.

H.Hacıyev bildirib ki, Ermənistanın işğal siyasəti davam edib və cəzasız qalması nəticəsində digər avantüralara əl atıb.

AzNews.az