“ABŞ-ın sanksiyalarının “Şahdəniz-2” yatağına şamil olunmaması onu göstərdi ki...” - Qabil Hüseynli

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar artıq iki gündür ki qüvvəyə minib. Lakin diqqət çəkən məqamdır ki, bu sanksiyalar Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın NİOC şirkəti, o cümlədən Cənub Qaz Dəhlizi iştirakçısı olan İran şirkətlərinə tətbiq olunmur.

Bu barədə AzNews.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırır.

- Cənab Hüseynli, Sizcə, ABŞ-ın İrana yeni sanksiyaları Azərbaycan və İranın ortaq şirkətlərinə necə təsir edəcək?

- Azərbaycanın İran daxilində fəaliyyət göstərən böyük şirkətləri yoxdur. Yalnız ticarətlə məşğul olan orta və kiçik sahibkarlara ziyan dəyəcəyi gözlənilir. Çünki ticarətin həcminə sanksiyalar öz təsirini göstərə bilər. Şimal-Cənub dəmir yolu dəhlizinin İrandan keçən hissəsinin tikintisi də ləngiyə bilər. Lakin ümumilikdə Azərbaycanın bu sanksiyalardan böyük ziyan çəkəcəyini düşünmürəm.

- Bəs, Azərbaycanda hansı şirkətlər sanksiyalardan zərər görə bilər?

- Neftçaladakı avtomobil zavodu yeni-yeni məhsul verməyə başlamışdı və hələki orada yalnız İrandan gətirilən hazır məhsullardan istifadə olunurdu. Gələcəkdə biz orada bütün infrastrukturu Neftçalanın özündə yaratmağı planlaşdırırdıq. Bağlanmış sazişdə də belə göstərilir. Lakin belə görünür ki, sanksiyalar zavodun tikilib qurtarmasına və Azərbaycan brendinə çevrilməsinə əngəllər yaradacaq.

- Necə düşünürsünüz, Azərbaycan bu məsələdə necə davranmalıdır?

- Azərbaycan bu məsələdə tam neytral davranmalı və anti-İran tədbirlərə qoşulmamalıdır. Eyni zamanda Amerikanı qəzəbləndirə biləcək addımlardan da çəkinməlidir. Həmçinin öz ərazisindən İrana qarşı istifadə edilməsinə yol verməməlidir. Eyni zamanda, “Şahdəniz-2” yatağı və Cənub Qaz Dəhlizi iştirakçısı olan İran şirkətlərinə sanksiyalardan kənarda qalması onu göstərir ki, Azərbaycanın Qərblə əməkdaşlığı heç zaman İran əleyhinə yönəlməyib.

- BP şirkətinin hansı cəhdləri ilə ABŞ-ın qadağalarından canını qurtara bilər?

- Trampın avqustun 6-da imzaladığı sanksiyalar BP-nin Şimal dənizindəki Rum yatağına aid deyil. Burada da İranın Milli Neft Şirkətinin şərikliyi var. BP-nin ötən il bu yatağı Serica Energy şirkətinə satmaq barədə saziş imzalaması da ABŞ sanksiyalarından kənarda qalmaq məqsədi güdür. Ümumiyyətlə isə BP şirkəti Amerika və İngiltərənin ortaq şirkətidir. Onun fəaliyyəti Avropanın neft və qazla təmin olunmasından ibarətdir. Buna görə də BP şirkətinin hər hansı sanksiyaya aid olacağını gözləmirəm.

Pərvanə AĞAZADƏ
AzNews.az