Tikinti işlərində qiymətlər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2% bahalaşıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3% bahalaşma, yol tikintisində 0,3%, körpü tikintisində isə 0,4% ucuzlaşma müşahidə edilib.

Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2% bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,5% ucuzlaşıb.

Rüb ərzində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,2% bahalaşıb, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə isə 0,5% ucuzlaşıb.


AzNews.az