Böyük bahalaşma qapımızı döyür

Ötən həftəsonu Ermənistanda milli pul vahidi dramın qəfildən dəyərdən düşməyə başlaması və bunun məntiqi nəticəsi kimi qida məhsullarının bahalaşması ilə əlamətdar oldu.



Söhbət kasıb əhalinin ən çox istifadə elədiyi məhsullardan gedir. Artıq işğalçı ölkənin iqtisadçı ekspertləri, maliyyəçiləri, iş adamları həyəcan təbili çalmağa başlayıblar.

"İlin sonunadək Ermənistanda qiymətlər kəskin qalxacaq, çünki bu gün çox böyük miqyasda hadisələr baş verir". Bunu Ermənistan İxracatçılar İttifaqının sədri Raffi Mkrtçyan deyib. Onun sözlərinə görə, belə vəziyyət insanlarda təlaş yaradır və onlar əllərindəki kiçik məbləğləri də dollara çevirməyə çalışırlar. "Təlaş isə öz növbəsində dollar qıtlığı yaradır" - əlavə edib iş adamı. Onun qənaətincə, Ermənistan Mərkəzi Bankı bu prosesi ləngitmək üçün bütün variantları sınaqdan çıxarmalıdır: "Çünki xalq belə zərbəyə dözə bilməz".

Qurum rəhbəri mövcud vəziyyəti əsasən iki amillə - Rusiyaya qarşı sanksiyalar və Ermənistandakı ağır iqtisadi durumla əlaqələndirib: "Hələ 6-7 ay öncə beynəlxalq miqyasda tanınmış bir iqtisadçı Ermənistan Mərkəzi Bankının dərc elədiyi göstəriciləri analiz edərək mənə demişdi ki, ilin sonunadək dram dəyərdən düşəcək. Bu gün mən onun söylədiyini öz gözlərimlə görürəm..."



Maraqlıdır ki, digər qonşumuz Gürcüstanda da bahalaşma başlayıb. Belə ki, son bir neçə gündə Gürcüstanda qida məhsullarının qiyməti əhəmiyyətli ölçüdə qalxıb. Gürcü qaynaqları bildirir ki, bahalaşma geniş tələbat duyulan məhsullarda özünü xüsusilə göstərməkdədir. Qiyməti kəskin qalxan qida məhsulları sırasına isə ilk növbədə şəkər tozu və qarabaşaq, bütün növ yarmalar daxildir. Həmçinin, qatılaşdırılmış süd, yağlar da bahalaşıb. Digər süd məhsullarının qiymətində hələ ki, dəyişiklik yoxdur.
Ticarət obyektlərində bahalaşmanı milli pul vahidi olan larinin dəyərdən düşməsi ilə izah edirlər. Amma burada incə bir nüans var: Ermənistandan fərqli olaraq Gürcüstan Rusiyaya iqtisadi cəhətdən demək olar, bağlı deyil. Bu iki ölkə arasında iqtisadi-ticari əlaqələr bəlli olduğu kimi, Abxaziya və Cənubi Osetiya problemləri üzündən minimum səviyyədədir. Deməli, larinin ucuzlaşmasını Rusiyadakı proseslərlə əlaqələndirməyə dəymir və daha qlobal səbəblər var.

Bütün hallarda, nəzərə alanda ki, qonşu Ermənistan və Rusiyada da sürətli bahalaşma müşahidə edilir, baş verənlərin Azərbaycandakı qiymətlərə necə təsir edib-etmədiyi, ölkəmizdəki bazarın bu cür neqativ təsirlərdən necə qorunduğu sövq-təbii gündəmə gəlir. Ən azı ona görə ki, söhbət ərzaq (qida) təhlükəsizliyimizdən gedir.



Məsələ ondadır ki, dolların bahalaşması, rublun isə dəyərdən düşməsi Azərbaycandan Rusiya bazarlarına ucuz ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını artıracaq. İqtisadçı ekspertlərin rəyincə, Azərbaycanda həmin məhsulların qıtlığının yaranması qiymətlərin avtomatik şəkildə qalxması ilə müşayiət oluna bilər.

Yada salaq ki, ötən ayın ortalarında Rusiya İqtisadiyyat Nazirliyinin rəsmisi bildirmişdi ki, Azərbaycandan Rusiyaya keyfiyyətli ət və ət məhsullarının, habelə süd məhsullarının idxalı üçün uzağı, dekabrın sonunadək monitorinqlər başa çatacaq və Yeni ildən etibarən keyfiyyətli məhsulların Rusiya bazarlarına girməsi tam təmin ediləcək.

Yəni yanvardan etibarən Azərbaycan məhsulları daha problemsiz şəkildə şimal qonşumuzun bazarlarına daxil olacaq. Bu proses artıq özünü göstərməkdədir. Ancaq iqtisadçılara görə, ixracın kəskin artması Azərbaycanda eyni məhsulların qıtlığına gətirə bilər ki, bu da avtomatik şəkildə özü ilə bərabər bahalaşma doğuracaq.



Ayrı sözlə, bir yandan, Azərbaycan fermerləri, iş adamları Rusiya hesabına yaxşı para qazanacaqlarsa, digər yandan, ölkəmizdə həmin para əslində bir elə dəyərdə olmayacaq. Çünki qiymətlər yuxarı olacaq. Udan isə ilk növbədə Rusiya istehlakçısı və büdcəsi olacaq.

Azərbaycandakı qıtlığa və bahalaşmaya digər iki qonşu ölkədə - Gürcüstan və Ermənistandakı bahalaşma da təkan verə bilər.

Aydındır ki, burdakı ucuz məhsullar asanca Gürcüstana, oradan da Ermənistana yol tapacaq. Azərbaycan məhsullarının Ermənistan bazarlarında gen-bol satıldığını yada salsaq, işbazlar üçün bu, xüsusi çətinlik törətməyəcək. Belə vəziyyətlərdən bir qayda olaraq onlar yaxşı qazanırlar.



Beləliklə, Azərbaycan hökumətini, Mərkəzi Bankı ölkə bazarındakı maliyyə-iqtisadi durumu, tələb-təklif balansını tənzimləmək, manatın kursu və qiymətlərin qəfil artımını cilovlamaq baxımından ciddi sınaq gözləyir. Çünki qiymət həm də sosial anlayışdır və ölkədə daxili narazılığı hər an məcradan çıxarmaq qabiliyyətindədir. Nə qədər varlı ölkə olsaq da, ətrafımızda gedən proseslər göstərir ki, bahalaşma dalğasının kolliziyalarından biz də sığortalanmamışıq. (musavat.com)