ARDNŞ BP ilə yeni müqavilə imzaladı

Oktyabrın 5-də ARDNŞ-nin Baş ofisində BP şirkəti ilə ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi arasında "Texniki Xidmətlər haqqında Çərçivə Müqaviləsi" sənədinin imzalanma mərasimi keçirilib.

AzNew.az ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimi giriş sözü ilə açan ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib ki, ənədin imzalanması ilə "BP" şirkətinin operator olduğu kəşfiyyat və qiymətləndirmə layihələrinə texniki xidmətlərin göstərilməsində ARDNŞ-in imkanlarından daha geniş istifadə ediləcək.

Sənədi ARDNŞ tərəfdən Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayev, BP şirkəti tərəfindən isə Çərçivə Müqaviləsinin icraçı meneceri Pol Evans imzalayıblar. BP şirkətinin kəşfiyyat və qiymətləndirmə məsələləri üzrə vitse-prezidenti Qreq Rayli geoloji və geofiziki xidmət sahələrində ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsindən məmnun qaldığını bildirib, hər iki şirkət arasındakı əlaqələrin tarixindən söz açıb, imzalanmış müqavilənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, müqavilə ARDNŞ-nin Xəzər dənizi akvatoriyasında axtarış-kəşfiyyat işlərinin aparılması və qiymətləndirmə sahəsində zəngin təcrübə və biliyə malik olduğunu bir daha təsdiq edir: "ARDNŞ həmişə öz təcrübəsini bizimlə bölüşməyə hazır olub və biz inanırıq ki, bu müqavilə əməkdaşlığımızı daha da dərinləşdirəcək".

Tədbirdə vurğulanıbr ki, imzalanan müqaviləyə əsasən, BP şirkəti operatoru olduğu "Şəfəq-Asiman Hasilatın Pay Bölgüsü Sazişi" sahəsini əhatə edən 2-ölçülü seysmik xətlərin yenidən texniki emalı və 3-ölçülü məlumatların emalına əsas yaratmaq məqsədi ilə "Şəfəq-Asiman"ın 3-ölçülü tədqiqatında əsas layların seysmik interpretasiyası işlərində ARDNŞ-nin xidmətlərindən istifadə etməyi planlaşdırır.

AzNews.az