İcra başçısı hesabat verdi

Bu gün Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2012-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, iclası Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev açaraq bildirib ki, ölkə iqtisadiyyatı doqquz ay ərzində uğurla inkişaf edib: "Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir. Doqquz ayın yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 373,5 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 98,2 faiz artım sürəti qeydə alınıb. Bu dövr ərzində istehlakçılara 1 milyard 384,9 milyon manatlıq sənaye məhsulu göndərilib.

Sənaye kompleksində işləyənlərin sayı 9227 nəfər təşkil edib, onların orta nominal əmək haqqı 10,3 faiz artaraq 410,3 manat olub.

Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1992 daimi iş yerləri yaradılıb.

Ötən dövr ərzində bütün mənbələr hesabına əsas kapitala 89,8 milyon manatlıq investisiya qoyulub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,1 dəfə çoxdur.
Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 609,5 milyon manat təşkil edərək əvvəlki dövrə nisbətən 74,1 faiz artım əldə edilib.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artıb. Belə ki, 9 ay ərzində rayon əhalisinə 201,3 milyon manatlıq pullu xidmətlər göstərilərək ötən dövrə nisbətən 2,5 faiz artım əldə edilib. Ticarət sahəsi də xeyli inkişaf edib. Belə ki, ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 673,5 milyon manat olmaqla 16,1 faiz, əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 39,8 milyon manat olmaqla 61,1 faiz artıb.

Həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub, rayon sakinlərinə doqquz ay ərzində 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılıb. Rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanan bu mühüm tədbirin daha da inkişaf etdirilməsi üçün tərəfimizdən müvafiq tədbirlər görülür".

İcra başçısı onu da vurğulayıb ki, ötən 9 ay ərzində Nərimanov rayonunda 8 dəfə olan prezident İlham Əliyev burada müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak edib, inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olub: "Belə ki: prezident 305 nömrəli körpələr evi-uşaq bağçasında, Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, "Bakıelektrikşəbəkə" ASC-nin"Gənclik" yarımstansiyasının və Tədris Mərkəzinin açılışında iştirak edib, Teymur Əliyev küçəsində yeni inşa edilən Tibb Məntəqəsində tikinti işlərilə tanış olub, G.Qədirbəyova və İ.Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş yolun açılışında iştirak edib. Həmçinin, Azərbaycanın yeni simvoluna çevrilən, nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib".

A. Fərzəliyev onu da qeyd edib ki, Azərbaycan Respublikası Regionlarının "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Nərimanov rayonu üzrə ayrıca tədbirlər nəzərdə tutulmasa da Bakı şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Nərimanov rayonunun əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilmiş və bu işlər uğurla davam etdirilir: "Ötən dövr ərzində Xətai, Azadlıq prospekti, Ak. H.Əliyev, Ə.Əliyev, Ə.Rəcəbli küçələrinin yenidən qurulması işləri başa çatdırılıb.

Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, "Gənclik" metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilir.
Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq tədbirlər görülür və bu işlər davam etdirilir. Sökülməsi nəzərdə tutulmuş binalarda yaşayan sakinlər üçün həmin əraziyə yaxın yerdə yeni, müasir, milli memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı binalar inşa edilib. Artıq hər biri 48 mənzildən ibarət olan 3 yaşayış binası, 20 mənzildən ibarət bir yaşayış binası, hər biri 30 mənzildən ibarət olan 3 yaşayış binası həmin sakinlərin istifadəsinə verilib. Bu tədbirin həyata keçirilməsi nəticəsində 253 ailə və yaxud 1000 nəfərə yaxın ailə üzvü öz mənzil və məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Bütövlükdə Azadlıq prospekti 146/148, 150/152, 154, H.Əliyev prospekti -64, 73/5, Həsənoğlu küçəsi 12 ünvanlardan 311 ailənin mənzil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu layihələrin davamı olaraq hazırda Heydər Əliyev prospektində 78 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir.

Gənclik metro stansiyası ətrafında nəqliyyat infrastrukturunun yenidən qurulması ilə əlaqədar Səxavət Quliyev küçəsi -7 ünvanda yaşayan 49 ailənin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.

Rayonun və onun sakinləri üçün böyük əhəmiyyət kəsb edən digər bir layihənin - "Dədə Qorqud " parkının yenidən qurulması və əsaslı təmiri işlərinə başlanılıb.

2012-2013-cü il payız-qış mövsümünə hazırlıqla əlaqədar bütün yaşayış binalarının texniki vəziyyətinə baxış keçirilib və tərtib edilmiş tədbirlər planı əsasında 15.05.2012-ci il tarixindən nəzərdə tutulmuş işlərin icrasına başlanılıb. Məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinin daha da yaxşılaşdırılması məqsədilə təkliflər paketi hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. 100 ədəd 1 m3 həcmli yeni konteynerlər əldə edilib və xidməti ərazidə yerləşdirilib.

Bütün yaşayış binalarının zirzəmiləri təftiş edilib və su aşkar edilmiş 5 binanın zirzəmisindən suyun təmizlənməsi istiqamətində zəruri işlər aparılıb.
Göstərilən dövr ərzində müxtəlif ünvanlarda qanunsuz çəpərlənmiş sahələr təmizlənib, qeyri-qanuni tikililər sökülüb.

Ötən doqquz ay ərzində heç bir kommunal şəraiti olmayan yataqxanalarda, yarımçıq tikililərdə və inzibati binalarda məskunlaşmış 414 ailə və yaxud 1434 ailə üzvü Mehdiabad qəsəbəsində yeni inşa olunmuş müasir standartlara uyğun tam təmirli yaşayış binalarına köçürülüb.

Həmçinin rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrindən 2012-ci ildə 2 nəfər gənc 600-dən, 6 nəfər isə 500-dən artıq bal toplayaraq ali təhsil müəssisələrinə daxil olublar.
Yeni dərs ilinin başlanması ərəfəsində 800 şagird yerlik 34 №-li tam orta məktəb, 1300 şagird yerlik 45 №-li tam orta məktəb, 820 şagird yerlik 82 №-li tam orta məktəb, 760 şagird yerlik 177 №-li tam orta məktəb, 1560 şagird yerlik 200 №-li tam orta məktəb, 750 şagird yerlik 202 №-li tam orta məktəb, 800 şagird yerlik 207 №-li tam orta məktəb əsaslı təmir olunub, 258 №-li tam orta məktəbin 32 sinif otaqlı əlavə korpusunu tikintisi başa çatdırılıb 2012-ci ilin sentyabr ayında istifadəyə veriliblər.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli Sərəncamına əsasən 2011/2012-cı tədris ilində "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində Nərimanov rayonun 36, 45 və 178 nömrəli tam orta məktəbləri müvəffəqiyyət qazanıb və 10000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar. "Ən yaxşı müəllim" müsabiqəsində rayonun 13 müəllimi müvəffəqiyyət qazanaraq 5000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar.

2011-2012-ci tədris ilində Nərimanov rayonunun 1748 məzunundan 935 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub.

Həmçinin rayonun ərazisində fəaliyyət göstərən 28 məktəbəqədər uşaq müəssisəsindən bir neçəsi əsaslı təmir olunub.Nərimanov rayon səhiyyə işçilərinin həmkarlar Komitəsinin sədri Musayev Musa Astan oğlu "Tərəqqi" medalı, 6 saylı uşaq xəstəxanasının baş həkimi Sultanova Rumiyyə Ənvər qızı "Əməkdar həkim" fəxri adına layiq görülüblər".

İcra başçısı həmçinin əlavə edib ki, doqquz ay ərzində Məşğulluq Mərkəzinə 609 nəfər qadın olmaqla 1185 nəfər işaxtaran vətəndaşlar müraciət edib ki, onlardan da 726 nəfəri müxtəlif iş yerləri ilə təmin olunub: "Bu dövr ərzində 77 nəfər işsiz və işaxtaran vətəndaşlar peşə hazırlığı kurslarına cəlb edilib, 90 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək işsizlik müavinəti təyin edilib, onlardan 11 nəfərinə təkrar müavinət təyin olunub.
Ünvanlı Dövlət Sosial Yardımı Proqramının həyata keçirilməsi ilə əlaqədar 2781 ailəyə və ya 11530 ailə üzvünə orta hesabla hər ailəyə 135 manat olmaqla hər ay 435 min manat məbləğində ünvanlı sosial yardım ödənilib.

Mərkəz tərəfindən 13 nəfər Milli Qəhrəman ailəsinə hər ay 600,0 manat, 16 nəfər 20 yanvar şəhid ailəsinə 300 manat, 242 nəfər şəhid ailəsinə orta hesabla 143 manat məbləğində Prezident təqaüdü ödənilib.

Eyni zamanda Mərkəz tərəfindən 2935 nəfərə sosial müavinət, 1295 nəfər müharibə veteranı və şəhid ailəsinə kommunal xidmətə görə 32 manat aylıq müavinətlər ödənilir. Mərkəzdə 280 nəfər tək ahıl vətəndaş qeydiyyata alınıb. Onlara evlərdə 37 nəfər sosial xidmət işçisi xidmət göstərirlər.

Azərbaycan Respublikası Prezidentinin gənclərin həqiqi hərbi xidmətə çağırışı barədə Sərəncamlarına müvafiq olaraq 673 nəfər gənc həqiqi hərbi xidmətə çağırılaraq ordu sıralarına yola salınıb.

Rayon rəhbərliyi tərəfindən 2012-ci ildə yerlərdə keçiriləcək qəbulların təsdiq olunmuş qrafikinə əsasən cari ilin 9 ayı ərində 19 səyyar qəbul və görüş keçirilib".

Qeyd edək ki, iclasın sonunda hesabat dövründə rayonun adını ucaltmış bir qrup tanınmış şəxslər mükafatlandırılıblar.

AzNews.az