“Dollar krediti olan vətəndaşlara kompensasiya ödənilməlidir”

“Dollar ilə krediti olan vətəndaşlarımız ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklərlə üzləşirlər”.


Bunu AzNews.az-a iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən həftə bəzi banklar hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər: "Bu o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi 321 manat xərci olacaqdı, "qara bazar" kursu ilə isə 360 manat ödəmili olublar. Deməli, hər 200 dollarda rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər. Aylıq ödənişi yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlərlə ifadə olunur. Məsələn, 500 dollar aylıq ödənişi olan üçün bu fərq 100 manata yaxındır. Kommersiya banklarının məzənnəsinə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 4 faizlik marjın problemini həll edəcəyinə inanmaq doğru olmazdı. Çünki, hələlik əksər kommersiya bankları və valyuta dəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyinə üstünlük verirlər".

Vüqar Bayramov son vaxtlar bir sıra qaydalar qəbul edən və eyni zamanda ləğv edən Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyacın olduğunu qeyd edib: "Qanunvericiliyə əsasən ödəniş kommersiya banklarındakı mövcud məzənnəyə əsasən aparılmalıdır. Amma nəzərə almaq lazımdır ki, əksər banklardakı məzənnə vətəndaşın deyil, bankın maraqlarına uyğun olur. Hər bankın öz kursu olduğundan 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər. Bu baxımdan, Mərkəzi Bankın dollar ilə ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanın qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsinə ehtiyac var. Borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın. Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil edilməsi vacibdir. İnanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilfim də yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyəndiriləcək".

Sevinc YASİNQIZI