"2021-ci ildə əhalinin qarşısına hesabatla çıxanda verdiyimiz bütün sözləri tutmuş olacağıq" "2021-ci ildə əhalinin qarşısına hesabatla çıxanda verdiyimiz bütün sözləri tutmuş olacağıq"

Bu, hər bir Marneuli sakininin qalibiyyətidir - Yeni mer

"2021-ci ildə əhalinin qarşısına hesabatla çıxanda verdiyimiz bütün sözləri tutmuş olacağıq"

"Seçkilər çox azad və demokratik mühitdə keçirildi. Təəssüf ki, müxalif partiya tərəfindən bir çox provakasiya cəhdləri oldu. Ancaq biz əhalinin tam dəstəyini aldığımız üçün o cəhdlər özünü doğrultmadı. Müxalifətin tam fiaskoya uğradığını deyə bilərik. Çünki əhalinin dəstəyinin çox az hissəsini ala bildi. İki namizəd bir yerdə haradasa 6 minə yaxın səs yığdı. Biz isə 30 min səs topladıq".

Bunu AzNews.az-a açıqlamasında Gürcüstanın Marneuli rayonuna yeni seçilmiş mer Zaur Darğallı dedi. O, dünən Gürcüstanda keçirilən mer seçkilərində "Gürcü arzusu - Demokratik Gürcüstan” hakim partiyasının qalibiyyətini şərh edərkən ilk növbədə Marneuli əhalisinə təşəkkürünü bildirdi:

"Biz bu seçkilərdə onların ən yüksək dəstəyini aldıq. Bu seçkilər onu göstərir ki, bizə, bizim hakimiyətə və komandamıza qarşı Marneuli əhalisinin ciddi dəstəyi var. Bu, hər bir Marneuli sakinin qalibiyyətidir. Çünki biz Marneulini, kəndlərimizi daha da gücləndirmək üçün gəlirik. Hər bir seçkiqabağı görüşdə də Marneuli camaatının böyük inamını və dəstəyini hiss edirdik. Ona görə də əmin idik ki, böyük faizlə qalib gələcəyik".

Zaur Darğallı vurğuladı ki, Marneulidə böyük layihələrin icrası planlaşdırılıb. Artıq bir neçə layihə həyata keçirilməkdədir:

"Bu layihələrdə Marneuli sakinlərinin birbaşa iştirakının təmin edilməsini nəzərdə tutmuşuq. Marneuli rayonuna 200 milyon lariyə yaxın vəsait ayrılıb. Burada, şəhər də daxil olmaqla bir neçə kənddə heç vaxt olmayan daxili kanalizasiya sistemi qurulur. Şəhər 24 saatlıq su ilə təminat rejiminə keçəcək. 40 min əhalini əhatə edən başqa bir su layihəsinə də başlayırıq. Həmçinin, Rustavi-Sadaxlı-Qırmızı Körpü yolu haradasa 150 milyon dollarlıq transmilli layihə həyata keçiriləcək. Qeyd edim ki, bu günə kimi bir çox kəndlərdə böyük infrastruktur layihələri məhz bizim hakimiyyətimiz dövründə həyata keçirilib. 2012-ci ildən sonra kəndlərdə yeni yollar inşa olundu, uşaq bağçaları açıldı. Bu il yeddi yeni mətəbin inşası nəzərdə tutulub, 19-u isə təmir olunacaq. Bir məktəbin büdcəsi üç milyon laridən artıqdır. Həmçinin, 20 yeni ambulatoriyanın təmiri nəzərdə tutulub. Yəni çox geniş miqyaslı layihələrimiz var. Bu layihələrin hər birini ikiqat enerji ilə davam etdirəcəyik ki, insanların hər hansı bir infrastruktur problemi olmasın".

Hakim partiyanın nümayəndəsi qeyd etdi ki, 2012-ci ildə Marneuli əhalisinin 15 faizi içməli su ilə təmin olunmuşdusa, bu gün bu rəqəm 85 faizdir:

"Yaxın illərdə bu rəqəmi 100 faizə çatdıracağıq. Yaxın 1-2 il ərzində Marneulidə 80-90 faiz yaxşı statuslu yollar olacaq. Çünki biz asfaltlaşma işlərini daha böyük templə həyata keçiririk. Rayonun büdcəsi də ötən illə müqayisədə haradasa üçqat artırılıb. İnanıram ki, biz 2021-ci ildə əhalinin qarşısına hesabatla çıxanda verdiyimiz bütün sözləri tutmuş olacağıq".

Qeyd edək ki, dünən Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisinə aralıq seçkiləri keçirilib. Azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçiriləcək mer seçkilərində 15 namizəd mübarizə aparıb. Namizədlərdən dördünün azərbaycanlı olduğu mübarizədə “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təmsilçisi Zaur Darğallı qalib gəlib.

Elgün Mənsimov
AzNews.az