Ruhani: Sanksiyaları aradan qaldırın və danışıqlara yol açın Ruhani: Sanksiyaları aradan qaldırın və danışıqlara yol açın

İran düşmənlə danışıq aparmayacaq

Ruhani: Sanksiyaları aradan qaldırın və danışıqlara yol açın

İran ağır sanksiyalar altında qalaraq heç zaman ABŞ ilə danışıqlar aparmayacaq.

Bu sözləri İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorda keçirilən 74-cü sessiyasında çıxışı zamanı deyib.

Həsən Ruhani bildirib: “Dövlətin və xalqın adından bəyan edirəm ki, İran istənilən danışıqlar təklifinə rədd cavabı verəcək”.

O qeyd edib ki, İran dövləti onun xalqını aclığa, səfalətə məcbur edən düşmən dövlətlə heç vaxt bir masa arxasında oturmaz. Prezident ABŞ-a çağırış edərək bildirib: “Sanksiyaları aradan qaldırın və danışıqlara yol açın”.

Xatırladaq ki, hələ sentyabrın əvvəlində dünya mətbuatı ABŞ və İran prezidentlərinin BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyası çərçivəsində görüşəcəklərini yazırdı. Lakin qarşılıqlı ittihamlar və siyasi proseslər bu görüşün keçirilməsinə imkan vermədi. Halbuki bir sıra Qərb analitikləri İranın iqtisadi vəziyyətinin ağırlığını nəzərə alıb Prezident Həsən Ruhaninin danışıqlara gedəcəyini bildirirdilər. Lakin rəsmi Tehran ABŞ-ın danışıqların sonu olan razılaşmaya və imzalanan müqaviləyə əməl etməyəcəyini bəyan etdi. İran buna əsas kimi 2015-ci ilin yayında ABŞ və Avropa dövlətlərinin də iştirakı ilə imzalanan “İranın nüvə proqramının məşdudlaşdırılması haqqında” müqaviləni göstərdi.

Həmin dövrdə mətbuat danışıqları “6+1” formatı adlandırırdı. Bir tərəfdən İran, digər tərəfdən isə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya Çin və Rusiya İranın nüvə proqramı ilə bağlı danışıqlar apardılar. Nəticədə “İranın nüvə proqramının məhdudlaşması haqqında” müqavilə imzalandı. BMT və digər beynəlxalq təşkilatlar müqaviləni tanıdılar. Müqaviləyə əsasən, İran nüvə proqramını dayandırdığı təqdirdə ABŞ da sanksiyaları aradan qaldırmalı idi. Lakin Donald Tramp prezident seçildikdən sonra əvvəlki dövlət başçısı Barak Obamanın xarici siyasətini kəskin tənqid etdi və bu razılaşmanı ABŞ tarixində ən biabırçı müqavilə adlandırdı.

Avropa dövlətlərinin təkidinə baxmayaraq, rəsmi Vaşinqton nəinki müqavilədən birtərəfli qaydada çıxdı, hətta İrana qarşı sanksiyaları daha da artırdı. Bundan sonra qarşılıqlı ittihamlar o həddə çatdı ki, tərəflər Körfəzə hərbi kontingent yerləşdirdilər. Qlobal siyasi proseslərin bu cür inkişafı danışıqları dalana dirədi. Gözlər BMT Baş Assambleyasının sentyabrın 18-də başlayan sessiyasına dikilsə də, liderlər ümidləri doğrutmadılar. Hadisələrin bundan sonrakı inkişafını isə zaman göstərəcək.