Ana 9 aylıq oğlunu boğaraq öldürdü - Qətlin təfərrüatları (Yenilənib)

Gəncədə 9 aylıq oğlunu su hovuzuna atan ana haqda bəzi təfərrüatlar məlum olub.



Cinayəti törədən 43 yaşlı Mətanət Hüseynovanın həyat yoldaşı Telman Hüseynovun APA TV-yə verdiyi məlumata görə, təxminən bir il əvvəl həyat yoldaşı hamilə olanda onun psixi durumunda dəyişiklik olub. Övladı dünyaya gəldikdən sonra isə bu dəyişiklik daha da artıb. Hətta körpə uşağa zor tətbiqetmə kimi hallara da rast gəlinib.

Dörd ay ev şəraitində müalicə alan Mətanət Hüseynovanın səhhətində heç bir irəliləyiş olmadığından, ailə üzvləri onu fevralın 18-də Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserinə aparıblar. Oradakı həkimlər qadının ruhi əsəb xəstəsi olduğunu, qucağındakı 9 aylıq Elmir Hüseynova zor tətbiq etdiyini, uşağı sevmədiyini və digər yersiz fikirlər səsləndirdiyini görərək, ona Qazax Rayonlararası Ruhi Əsəb Xəstəxanasına göndəriş yazıblar. Hətta həkimlər uşağın həyatının təhlükədə olması barədə qadının həyat yoldaşı Telman Hüseynova xəbərdarlıq da ediblər. Bir gün sonra - fevralın 19-da isə Mətanət Hüseynova 9 aylıq övladını evin həyətində olan su hovuzuna atıb. Evdə olanlar özlərini çatdırsalar da, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törədən 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun Elmirdən başqa hərbi xidmətdə olan oğlu və ali məktəb tələbəsi olan qızı da var.

***
10:18


Gəncədə dəhşətli qətl hadisəsi baş verib.

Ana öz övladını boğaraq öldürüb. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu-2015-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub. Hadisə barədə məlumat alan hüquq-mühafizə orqanı əməkdaşları övladını öldürən Mətanət Hüseynovanı saxlayaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.

Valideynin övladını qətlə yetirdiyi sonuncu hadisə bir neçə gün əvvəl Beyləqanda baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovun boğazını kəsib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən ata tutularaq istintaqa cəlb edilib.

anspress.com