“Qanuni oğru” Diplomat Vaqifin düşməni Cemo İtaliya polisinə təhvil verildi

Bu gün Moskvanın “Şeremetyevo” hava limanında 2015-ci ildə Rusiya polisi tərəfindən həbs edilmiş “qanuni oğru”, 41 yaşlı Cemal Mikeladze (“Cemo”) İtaliya polisinə təhvil verilib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Cemo İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri – mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.

2016-cı ilin mart ayına kimi Cemo Rusiyanın Kemerovo şəhərində həbs cəzası çəkib, sonradan Moskvaya etap olunub.

Kriminal dünyaya yaxın mənbələrin məlumatına görə, Cemonun polisin əlinə düşməsində onun düşməni, “qanuni oğru” Diplomat Vaqifin (Vaqif Bakinski kimi də tanınır) də “əməyi” olub.

51 yaşlı, Gürcüstanda anadan olub sonradan Bakıda yaşamış Vaqif Süleymanovun Cemal Mikeladze ilə ilk münaqişəsi 2010-cu ildə baş verib. Eyni ildə Diplomat Vaqifin adamları ilə Rövşən Lənkəranskinin adamları arasında da münaqişə baş verib.

Qeyd edək ki, Diplomat Vaqif digər “qanuni oğru” Rafiq Eyvazovla (Masallı Rafiq) yaxınlığı ilə seçilir.

AzNews.az