Lapşinin istintaqı başa çatdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahid qismində ekspert Almaz Bayramova ifadə verib.

O, A. Lapşinin yazıları ilə bağlı tərtib etdiyi rəyi təsdiqləyib. A. Lapşinin vəkili Eduard Çerninin suallarını cavablandıran şahid bildirib ki, A. Lapşin yazılarında Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib: "Məsələn, yazısında göstərib ki, "Ermənistan hardadırsa, Qarabağ da ordadır". Qarabağın adını "Artsax" kimi qeyd edib".

A. Lapşin şahidə suallar verib: "Mən yazımda göstərmişəm ki, Qarabağda Azərbaycana məxsus yüksəkliklərə Ermənistan nəzarət edir. Bəs siz nə üçün bu yazıma da rəy verməmisiniz?"

Ekspert belə bir yazıya rast gəlmədiyini deyib. A. Lapşinin vəkili vəsatətlə çıxış edərək, məhkəmədə dindirilən şahidlərin yalnız internet üzərindən hadisəyə istinad etməsinin məqbul sayılmadığını və şahidlərin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Hakimlər Kollegiyası bu vəsatətə müşavirə otağında qərar elan edilərkən baxılacağını deyib və vəsatətin bu səbəbdən təmin etməyib. Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

AzNews.az