“O, adam güllələməyib”

Tovuz Dəmiryol Stansiyasının rəisi Əli Nəriman oğlu Əsgərovun tutduğu vəzifədən azad edildiyi haqda mətbuat məlumat yayıb.

AzVision.az saytı xəbər verir ki, artıq Ə.Əsgərov işdən çıxarılıb və onun yerinə vaxtilə dəmiryol vağzalında xəzinədar vəzifəsində çalışan Nazim adlı şəxs təyin olunacaq.

Stansiya rəisinin işdən çıxarılmasının səbəb kimi Ə.Əsgərovun 1 ay öncə adam güllələməsi göstərilir. Musavat.com xəbər vermişdi ki, iyulun 31-də Tovuzun Dəmiryol Stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin adam yaralanıb.

Bu məlumatı dəqiqləşdirmək üçün Tovuz rayon Polis İdarəsinin rəisi Vaqif İsmayılova zəng etdik. Polis rəisi məlumatı təkzib etdi. Bildirdi ki, rayon ərazisində belə bir hadisə olmayıb. V.İsmayılovun dediyinə görə, Əli Əsgərov ehtiyatsızlıq üzündən heç kimi güllələməyib. Polis rəisi söylədi ki, Ə.Əsgərovun səhhətində problem var, ola bilsin onu buna görə işdən azad ediblər.

AzNews.az