Azərbaycandan ABŞ-a mühacirət edən erməni “qanuni oğru” ölkədən qovulur


1996-cı ildə Azərbaycandan Amerikaya mühacirət edən erməni "qanuni oğru" Armen Kazaryan Ermənistana qayıdır.

AzNews.az-ın erməni mətbuatına istinadən məlumatına görə, 1996-ci ildən qaçqın statusu ilə Amerikada yaşamağa başlayan "qanuni oğru" həbsdən buraxıldıqdan sonra daimi yaşayış yeri kimi Rusiyanı yox, Ermənistanı seçəcək. Məlumatda bildirilir ki, A.Kazaryan həbsdən azad edildikdən sonra ona Amerikada yaşamağa icazə verilməyəcək.

Qeyd edək ki, A.Kazaryan Dağlıq Qarabağ müharibəsi zamanı ABŞ-a köçərək, bu ölkədən siyasi sığınacaq alıb. Ancaq Azərbaycandan "qaçqın" olduğunu iddia edən "qanuni oğru"nun yalanı məhkəmə zamanı ortaya çıxıb. Məlum olub ki, onun atası heç də Azərbaycanda-Ermənistan müharibəsi zamanı həlak olmayıb, əksinə hazırda sağdır və Moskvada yaşayır. Anası isə Ermənistandadır.

Onu da bildirək ki, "Pzo" ləqəbli "qanuni oğru" Cinayət Məcəlləsinin 17 maddəsi ilə ittiham edilib. Bu maddələrlə onu 64 il həbs cəzası gözləyirdi. Ancaq onun müdafiəsinə erməni əsilli, olduqca məşhur vəkil Mark Qerakos qoşulub. M.Qerakos ABŞ-ın 10 ən yaxşı vəkili siyahısındadır. Məhz onun vəkilliyi sayəsində erməni "qanini oğru" cəmi 37 ay həbs cəzası alıb. Bəzi iddialara görə, "Pzo" Ermənistana qayıtdıqdan sonra kriminal aləmin "xaç atası" olmağa, yəni Ded Xasanını yerini tutmağa iddialı olacaq.

Xatırladaq ki, "Pzo" ABŞ-da cinayətkar dəstə yaratmaqla çirkli pulların yuyulmasında, saxta kredit kartlarının hazırlanmasında və s. ittiham edilib.

Elnur
AzNews.az